Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Altmış yaşlı Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə gənclik əzmi ilə çalışır

Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmiz regionda söz sahibinə çevrilib. Azərbaycan dünyada güclü nüfuz qazanıb, beynəlxalq reytinq cədvəllərində ön sıralara çıxıb. Dövlət rəhbəri sevimli xalqına və özünün kreativ düşüncə tərzinə güvənərək, ən çətin problemləri qətiyyətlə, müdrikcəsinə həll edə bilir. Ötən ilin payızında gerçəklənmiş 44 günlük tarixi Zəfər yürüşü bunun bariz nümunəsidir.

Cənab İlham Əliyevin başlıca üstünlüyü bundadır ki, daim fəal siyasət aparır, çağdaş dövlətlərarası münasibətlərin daha səmərəli formalarının tətbiqinə konkret əməli təşəbbüslər göstərir. Təsadüfi deyil ki, ölkəmiz beynəlxalq aləmdə ikinci ən böyük təşkilat sayılan, heç bir blokda iştirak etməyən 120 dövlətin üzv oldu­ğu Qoşulmama Hərəkatına 2019-cu ildən bəri layiqincə sədrlik edir.

Qoşulmama Hərəkatının yaran­ması ideyası 1955-ci ildə Bandunq (İndoneziya) konfransında irəli sürü­lüb, 1961-ci ildə isə Fidel Kastro və İosif Broz Titonun rəhbərliyi ilə Belq­radda (Yuqoslaviya) keçirilən konf­ransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub və onun insti­tusional əsası qoyulub. Düz 60 ildir ki, narahat dünyanın ağrılı müşküllərinin həllində bu hərəkat mühüm rol oyna­yır. Əsas məqsəd və prinsipləri BMT Nizamnaməsinə, eləcə də əsas insan hüquq və azadlıqlarına, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə, hər bir dövlətin özünü fərdi və ya kollektiv şəkildə müdafiə etməsi hüququna hörmət etmək; böyüklüyündən asılı olmayaraq, bütün irqlərin və xalq­ların bərabərliyini tanımaq; digər dövlətlərin daxili işlərinə qarışmaq­dan, böyük dövlətlərin hər hansı xüsusi maraqlarına xidmət etmək üçün kollektiv müdafiə tədbirlərinin istifadəsindən çəkinmək; siyasi müstəqilliklərə qarşı güc tətbiqi ilə təhdiddən imtina etmək; beynəlxalq mübahisələri dinc yolla həll etməkdir.

Azərbaycan Respublikası on il əvvəl, 26 may 2011-ci ildə yekdil rəylə QH-yə tamhüquqlu üzv qəbul olu­nub. Bundan sonra hərəkat dövlətləri ilə daha sıx təmaslar qurulub və haqq işimiz rəsmi olaraq hərtərəfli şəkildə daha fəal dəstəklənməyə başlayıb. Azərbaycan bu qurumun məqsəd və prinsiplərinə özünün sanballı töhfələrini verib. 2018-ci ilin 5 aprel tarixində Bakıda “Da­vamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulma­ma Hərəkatının nazirlər konfransı böyük uğurla keçib. Ölkəmiz inişil oktyabrın 25–26-da Bakı şəhərində hərəkatın dövlət və hökumət baş­çılarının 18-ci Zirvə görüşünə də layiqincə evsahibliyi edib. Tədbirdə BMT üzvü olan 120 dövlətin yüksək səviyyəli təmsilçiləri və 42 beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər. Bakı sammiti ilə QH-yə sədrlik 2019-2022-ci illər üzrə Azərbaycan Respublikasına keçib. Ötən müddətdə ölkəmiz tərəfindən sədrlik çərçivəsində müxtəlif pro­sessual və təşəbbüskarlıq tədbirləri həyata keçirilib.

Azərbaycan Respublikası Prezidenti və QH-nin sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il ma­yın 4-də Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə təmas qrupunun “COVID-19-a qarşı birlikdəyik!” möv­zusunda Zirvə Görüşü formatında vi­deo-konfransı təşkil olunub. Pandemi­yanın yaratdığı mürəkkəb beynəlxalq şəraitdə ölkəmiz QH-nin hazırkı sədri qismində çoxtərəfliliyin təşviqi üzrə prioritetə uyğun olaraq, hərəkatın koronavirusa qarşı mübarizə üzrə mümkün ən yüksək səviyyədə təmas qrupunun yaradılması və qlobal pandemiyanın QH üzv dövlətlərinə təsirinin qiymətləndirilməsi, onların ehtiyaclarının müəyyən olunması təşəbbüsü ilə çıxış edib.

Tədbirdə BMT-nin Baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətləri dinlənilib. Görüşün yekunu olaraq bəyannamə qəbul edilib və QH-nin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə işçi qrupu yaradılıb. Diqqətçəkən məqam odur ki, cənab İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağı­rılması təşəbbüsünü irəli sürüb və BMT-yə üzv dövlətlərin əksəriyyətinin dəstəyi ilə BMT Baş katibi bir qədər sonra həmin sessiyanın çağırıldığını elan edib. Nəticədə, 2020-ci ilin 3-4 dekabr tarixlərində BMT Baş Assamb­leyasının COVID-19 pandemiyasına qarşı mübarizə mövzusunda xüsusi sessiyasının yüksək səviyyəli seq­menti təşkil olunub. Həmin tədbirin açılış hissəsində Azərbaycan Res­publikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri və bu xüsusi sessiyanın təşəbbüskarı qismində humanist xarakterli tarixi çıxış edib. Xüsusi sessiyanın ümu­mi müzakirələrində 37 dövlət və 40 hökumət başçısının, 67 nazi­rin çıxışları dinlənilib, sessiyanın təşəbbüskarı olan Azərbaycana və ölkəmizin rəhbərliyinə təşəkkür ifadə edilib.

Azərbaycanın QH-yə sədrliyi dövründə nazirlər səviyyəsində də bir sıra tədbirlər həyata keçirilib. Üzv dövlətlərin səhiyyə nazirlərinin 20 may 2020-ci il və 24 may 2021-ci il tarixli virtual görüşləri, BMT Baş Assambleyasının növbəti sessi­yası çərçivəsində QH dövlətlərinin xarici işlər nazirlərinin 9 oktyabr 2020-ci il tarixli iclası və hərəkata üzv dövlətlərin əmək nazirlərinin 4 iyun 2021-ci il tarixində görüşləri bu sıradandır. Gənclərlə iş sahəsinə də xüsusi diqqət ayrılıb. Belə ki, Azərbaycan sədrliyinin təşəbbüsü və təşkilatçılığı ilə 16-18 aprel 2020-ci il tarixlərində milli səviyyədə və 1-5 mart 2021-ci il tarixlərində beynəlxalq səviyyədə QH Modeli Simulyasiya Məşğələsi keçirilib. Bunlar hərəkatın tarixində ilk virtual tədbirlər sayılır. Beynəlxalq səviyyədə təşkil olunmuş məşğələdə 4 qitədən 39 QH üzv dövlətini təmsil edən 60 gənc iştirak edib.

Qoşulmama Hərəkatı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına münasibətdə xüsusi fəallıq göstərib. Bu platformada münaqişə barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb və təşkilatın sənədlərində Azərbaycana qarşı haqsızlığın hökmən aradan qaldırılması tələbləri irəli sürülüb.

2012-ci ilin mayında Misirin Şarm əl-Şeyx şəhərində QH Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində iclasının yekun sənədinə Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı bənd də daxil edilib. QH üzv dövlətləri münaqişənin ölkələrin ərazi bütövlüyünə hörmət və beynəlxalq aləmdə tanın­mış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll olunması­na dəstək ifadə ediblər. Həmin ilin avqustunda İran İslam Respublika­sının Tehran şəhərində QH Dövlət və Hökumət Başçılarının 16-cı Zirvə görüşünün, bundan iki il sonra may ayında Əlcəzairdə QH-nin XVII nazirlər iclasının yekun sənədlərində və Marqaritada keçirilmiş sammitdə BMT Təhlükəsizlik Şurasının mü­vafiq qətnamələrinə baxmayaraq, münaqişənin həll edilməmiş qal­masına təəssüf hissi bildirilib və onun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi tələb olunub.

2018-ci ilin aprelində Bakıda keçi­rilmiş Qoşulmama Hərəkatının aralıq dövr nazirlər konfransının, 2019-cu ilin iyulunda Venesuelanın Karakas şəhərində QH Əlaqələndirici Büro­sunun nazirlər səviyyəsində növbəti iclasının yekun sənədlərində də Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı əvvəlki dəstək mövqeyi bir daha təkrarlanıb. Münaqişəyə dəyişməz münasibət 2019-cu ilin oktyabr tarixli Bakı sammitində də göstərilib və rəsmən vurğulanıb ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq və bu ərazilərdə iqtisadi fəaliyyət də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Eyni zamanda, QH Əlaqələndirici Bürosu 4 aprel 2020-ci il tarixində “Azərbaycan Respubli­kasının işğal altındakı ərazilərində keçirilmiş qondarma “seçkilər”lə bağlı kommunike” qəbul edib və üzv dövlətlərin martın 31-də qondarma DQ-da keçirilmiş “prezident və parlament seçkiləri”ni tanımadıqları, bu aktı qeyri-qanuni hesab etdikləri bəyan olunub.

Ermənistan qoşunlarının ərazilərimizdə növbəti təxribatına cavab olaraq, Azərbaycan əks-hücum əməliyyatlarına başladıqdan sonra və döyüşlərin aktiv fazası zamanı da QH üzvləri həm növbəti sessiyası çərçivəsində ölkəmizlə həmrəylik fikirlərini bəyan edib, həm də BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələrdə ölkəmizin mövqeyinə zidd olan və münaqişə barədə TŞ qətnamələrinə istinad etdirməyən bəyanat layihəsinin qəbulunun qarşısının alınmasına nail olublar. Əlbəttə, bu, Azərbaycan tərəfinin TŞ-də qeyri-daimi üzv olan QH dövlətləri ilə öncədən apardığı səmərəli işin uğurlu nəticəsi idi.

Prezident İlham Əliyevin uğur­lu diplomatiyası, balanslaşdırılmış siyasəti sayəsində Azərbaycan daim dünyanın diqqət mərkəzində olur. Bir neçə ay əvvəl dövlət başçımızın iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi “Cənubi Qaf­qaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr bir daha bunu sübut etdi. Bir vaxtlar öz ölkələrində ali vəzifələrdə çalışmış dialoq iştirak­çılarının, eləcə də hazırda mötəbər beynəlxalq təsisatları təmsil edən siyasətçilərin suallarının cənab İlham Əliyev tərəfindən tam səmimiyyətlə cavablandırılması gözəl əks-səda doğurdu və zamanın çağırışları ilə bağlı Azərbaycanın mövqelərini öyrənərək obyektiv dəyərləndirmək imkanı yaratdı. Dövlətimizin başçısı mövzunun qlobal gündəlikdə duran məsələlərdən olduğunu vurğulaya­raq, bunu aylar öncə Cənubi Qafqaz regionunda baş vermiş dəyişikliklərlə elə əlaqələndirdi, yeni vəziyyətin yeni yanaşmalar tələb etdiyini elə əsaslandırdı ki, dialoq iştirakçıları heyranlıqlarını gizlədə bilmədilər. Azərbaycan Prezidenti BMT-nin, Avropa İttifaqının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların regionda dinc inkişa­fa güclü dəstək verə biləcəklərini, səmərəli beynəlxalq layihələr təqdim edərək icrasını reallaşdırmaq imka­nında olduqlarını da nəzərə çatdırdı...

Əsas reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qo­şulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz heç bir hərbi bloka qoşulma­dan tarazlı siyasət həyata keçi­rir, bütün dövlətlərlə əməkdaşlıq münasibətlərinin inkişafına çalışır və nail olur. Bu da Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadı davamlı surətdə yüksəldir və dövlətimizin dünyada nüfuzunu daha da artırır.

Təsadüfi deyildir ki, təşkilata üzv dövlətlərin yekdil rəyi ilə Prezident İlham Əliyevə müraciət olunub ki, Qo­şulmama Hərəkatına Azərbaycanın sədrliyi 1 il də uzadılsın.

Əli NƏCƏFXANLI,“Xalq qəzeti”

18 Sentyabr 2021 00:13 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə