Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qlobal enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə möhkəmlənir

“Əsrin müqaviləsi”nin hazırlanmasında, imzalanmasın­da iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümid­varam ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər.

Heydər ƏLİYEV

Ümummilli lider

 

Bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın, həqiqətən, müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə “Əsrin kontraktı”nın imzalanması ilə bağlıdır. Bu, çox cəsarətli və müdrik addım idi. Əgər 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin kontraktı” imzalanmasaydı, bu gün təsəvvür etmək mümkün deyil ki, Azərbaycan hansı vəziyyətdə ola bilərdi.

Ölkəmizdə görülən quruculuq-abadlıq işlərinin, daya­nıqlı iqtisadiyyatmızın, böyük valyuta ehtiyatlarımızın əsas mənbəyi “Əsrin kontraktı”dır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən formalaş­dırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Beləliklə, 27 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox az insan düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək.

Müqavilənin operatoru kimi çıxış edən BP şirkəti ən çox paya malik idi: ingilislər 34,1 faiz paya sahib ola bilmişdilər. Qalan paylar digər iştirakçı şirkətlər arasında bölüşdü­rülmüşdür: “Chevron-Texaco” (10,2 faiz), “Lukoil” (10 faiz), ARDNŞ (10 faiz), “Statoil” (8,6 faiz), “ExxonMo­bil” (8 faiz), TPAO (6,8 faiz), “Devon Energy” (5,6 faiz), “Itochu” (3,9 faiz), “Amerada Hess” (2,7 faiz).

Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gəlib konsorsium yaradaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birlikdə Xəzər dənizinin Azərbaycan sek­torunda olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imza­ladılar. Saziş çərçivəsində 20 mil­yard dollar investisiya neft sektoruna yönəldilməsi və 6,5 milyard bareldən artıq neft hasil edilməsi proqnozlaş­dırılırdı.

Müqavilə çərçivəsində “Çıraq” neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanılıb. Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barel neft ixrac edilməyə başlanılıb ki, bunun da 131 min bareli “Çıraq”, qalanı isə “Azəri” yatağında hasil edilib. Yeni əsrdən isə Azərbaycan “Bakı-Tbilisi-Ceyhan” neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon bareldən çox artırmağa nail olunub. “Əsrin müqaviləsi” sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirilib.

“Əsrin müqaviləsi” həm karbo­hidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyard dolları dəniz yataqlarının mənimsənilməsinə və perspek­tivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilib. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazar­larına çıxarılıb.

Nəticədə enerji resursla­rı ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi alətə çevrilib. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təchizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmlənib. Geosiya­si mövqelərimizin güclənməsi ilə yanaşı, bu müqavilə, eyni zamanda, Azərbaycan iqtisadiyyatına, əhalinin sosial rifahına ciddi pozitiv təsirlər göstərib. “Əsrin müqaviləsi” ilk ola­raq ölkənin beynəlxalq etibarını ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirib. Bu inves­tisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə də, sözügedən sərmayələr ölkə iqtisadiyyatının digər sferalarına və işsizlik kimi sosial problemlərin həllinə müsbət təsir göstərib.

Onu da bildirim ki, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktorları ilə rəsmi şəkildə əməkdaşlığa başla­dı. 1995-ci ildən etibarən tərəqqi meyilləri müşahidə edildi. Əgər ölkə iqtisadiyyatı 1994-cü ildə 11,8 faiz kiçilmişdisə, 1995-ci ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Cey­han (BTC) neft kəməri ilə dünya bazarlarına çıxacaq və külli miqdar­da neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsində-büdcə gəlirlərinin artmasında ciddi rol oynayacaqdı.

“Əsrin müqaviləsi”nin da­vamı və onun yaratdığı imkan­lar kontekstində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atdı. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən enerji strategi­yası 2050-ci ilədək ölkəmizin neft hasilatının sabit şəkildə davam etdirilməsini, dövlət gəlirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatını formalaşdırmaqdadır.

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılmasında diqqətçəkən bir məqam da odur ki, qlobal investorlar artıq tam əmindirlər ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə investisiyalar üçün etibarlı və təhlükəsiz ölkə hesab olunur.

“Əsrin müqaviləsi”nin Azərbaycanın milli maraqlarına tam cavab verməsi ilə yanaşı, “Yeni Əsrin müqaviləsi” ölkəmizin mü­asir iqtisadi gücünə uyğun olaraq şərtlərin daha yaxşılaşdırılmasına imkan yaratdı. “Əsrin müqaviləsi” ilə “Yeni Əsrin müqaviləsi”nin müqayisəsi və eyni zamanda, bu sazişin Azərbaycan iqtisadiyyatı­na, eləcə də regionda dövlətimizin mövqeyinə təsirlərini qiymətləndirən zaman bir məqama diqqət ayır­maq lazımdır. Belə ki, 1994-cü ildə ölkəmizin iqtisadiyyatı və eləcə də iqtisadi gücü tamamilə fərqli idi. Bu gün isə Azərbaycan artıq regionun ən inkişaf etmiş ölkəsidir. Azərbaycan regional proseslərə təsir imkanlarına malik olan dövlətdir. 1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq, bağlanan “Əsrin müqaviləsi”ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu. O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 374 milyon manat idi. Ötən müddətdə ümumi daxili məhsulun həcmi 161 dəfə artıb. Buna baxmayaraq, “Əsrin müqaviləsi”ndə öz dövlət və milli maraqlarımıza uyğun olaraq şərtlər xarici şirkətlərlə razılaşdırıldı. Bu da birbaşa ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu ki, Azərbaycan o zaman zəif ölkə olmasına baxmaya­raq, “Əsrin müqaviləsi”ni öz maraq­ları çərçivəsində hazırlayıb imzalaya bildi.

İndi artıq Azərbaycan tamamilə fərqli mövqedədir, iqtisadiyyatı inkişaf edir. Ölkəmizin iqtisadiyya­tı 1994-cü illə müqayisədə xeyli inkişaf edib. Bu kontekstdə “Yeni Əsrin müqaviləsi” Azərbaycana 3,6 milyard dollar bonusu əldə etmək imkanı verəcək.

Qeyd etdiyim kimi, 1994-cü ildə Azərbaycanın dövlət gəlirləri çox az idi. O zaman imzalanan “Əsrin müqaviləsi”nə əsasən, Azərbaycana xarici şirkətlər tərəfindən 300 milyon dollar bonus ödənilmişdi. Ötən müddət iqtisadiyyatımızın inkişaf etməsi və Azərbaycanın mövqeyinin daha da güclənməsi əldə edilən bonusun həcminin 12 dəfə artma­sına gətirib çıxartdı ki, bu da nəticə etibarilə ölkəmizə xarici valyutanın daxil olması baxımından vacibdir.

“Yeni Əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiy­yatına 40 milyard dollar investisiya qoyulacaq. Bu, həm neft sektorunun inkişafı baxımından vacibdir, eyni zamanda, neft sektoruna yardımçı sahələrin, hətta qeyri-neft sekto­runun inkişafını stimullaşdıran bir amildir. Çünki bütün hallarda neft sektoruna yönəldilən investisiya, həm də qeyri-neft sektorunun inkişafı üçün bir maliyyə təminatı formalaşdırır.

Yeni anlaşmada xüsusi vur­ğulanmalı məqamlardan biri də Azərbaycan dövlətinin əldə edəcəyi bonusdur. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman da bonusun ödənilməsi nəzərdə tutul­muşdu və daha sonra Azərbaycan hökumətinə 300 milyon dollar ödənildi. Amma təbii ki, bonus birdəfəlik ödənilmir. Razılaşmaya əsasən, müqavilə imzalandıqdan sonra, bonusun müəyyən hissəsinin, daha sonra isə işlər görüldükcə mərhələli şəkildə qalan hissəsinin dövlət büdcəsinə ödənilməsi həyata keçirilir.

İndiki bonusun məbləği isə 23 il əvvəlkindən 12 dəfə çoxdur - 3,6 milyard dollar. Adətən müqavilə bağlandıqdan sonra bonusdan ilkin tranş verilir, daha sonra isə müqavilədə nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq tranşlar formasında ödənilir. Bu əvəzsizdir, onun nə mənfəət neftinə və ya neftin satışına hər hansı aidiyyəti yoxdur. Mövcud faiz bölgüsü, həm hökumətə, həm də şirkətlərə sərf edir.

Sazişdə Azərbaycanın mənfəət neftinin səviyyəsinin 75 faiz nəzərdə tutulması isə imkan verəcək ki, hasilatın pay bölgüsündə mövcud səviyyəni qoruyub saxlaya bilsin. Bu, əldə edilən mənfəətin hər 100 dollarından 75-nin Azərbaycan dövlətinə çatması anlamına gəlir. Faizlər elə olmalıdır ki, o, həm hasilatda iştirak edən şirkətlər, həm də Azərbaycan dövləti üçün məqbul olsun. Hasilatın əvvəlki pay bölgüləri matriks formasında həyata keçiril­diyi üçün, fərqli faizlər vardı və ən yüksəyi isə 75 faiz idi. Azərbaycan hökuməti də yeni sazişdə həmin payı qoruyub saxlaya bilib.

Təhlillər göstərir ki, 75/25 faiz nisbəti hamı üçün məqbul variantdır. Çünki hazırda dünya bazarında neftin qiyməti nisbətən aşağıdır. Neft sektoru 3-4 il əvvəl olduğu kimi rentabelli deyil, renta­bellik xeyli azalıb. Buna rəğmən, 75/25 faiz nisbəti həm şirkətlərdə fəaliyyət üçün stimul verir, həm də Azərbaycan hökumətinə satılmış neftdən əldə edilən gəlirin 75 faizinə sahib olmaq imkanı yaradır ki, bu da çox məqbuldur. Bundan əlavə, SO­CAR da pay sahibi kimi yerdə qalan mənfəətin 25 faizini əldə edəcək. Enerji resurslarının çıxarılması qısa müddət ərzində ölkə iqtisadiyyatı­nın sürətlə böyüməsinə və maliyyə imkanlarının genişlənməsinə səbəb olub. Xüsusilə də 2004-2006-cı illərdə Azərbaycan iqtisadi artım sürəti ilə bütün dünya ölkələrini geridə qoydu. Postsovet dövrünün ilk illərini xarakterizə edən ciddi maliyyə qıtlığı aradan qaldırıldı, ölkə iqtisadiyyatının digər sektorlarına da kütləvi investisiya axını başlan­dı. Təbii ki, məhz neft hasilatının artımı və onun dünya bazarlarına birbaşa çıxışı çökmüş iqtisadiyyatın sürətli inkişafı üçün əsas amillərdən biri oldu. Əgər başlanğıcda neft ÜDM-in artımı iqtisadi tərəqqinin əsas dəstəkləyicisi idisə, sonrakı dövrlərdə aparılan iqtisadi islahat­lar qeyri-neft ÜDM-in də inkişafını stimullaşdırdı.

Beləliklə, Azərbaycan bu gün azsaylı ölkələrdən biridir ki, enerji resurslarını ölkənin sosial-iqtisadi inkişafı məqsədilə ciddi avantaja çevirə bilib. Əlbəttə ki, bu strate­giyanın əsası 1994-cü il sentyab­rın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub. Bu müddət ərzində hökumətin həyata keçirdiyi müstəqil enerji siyasəti ölkənin qlo­bal enerji təhlükəsizliyində oynadığı rolu daha da möhkəmləndirməklə yanaşı, xalqın maraqlarını, dövlətin təhlükəsizliyini və regionun inkişa­fını da göz ardı etməyib. Hazırda isə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və iqti­sadiyyatın diversifikasiya etdirilməsi proqramlarını postneft dövrünə hazırlıq kimi qiymətləndirmək olar. Baxmayaraq ki, ölkənin enerji resursları kifayət qədər böyükdür və bu, uzunmüddətli inkişaf proqramla­rının reallaşdırılmasına imkan verir, Azərbaycanın erkən hazırlıqları sadəcə prosesin daha kompleks şəkildə idarə edilməsini şərtləndirir.

Vüqar BAYRAMOV,

Milli Məclisin deputatı

18 Sentyabr 2021 00:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə