Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə Ağdamda erməni barbarlığı barədə məlumat verilib

Sentyabrın 17-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər edib.

Nümayəndə heyəti, əvvəlcə Pənahəli xanın Ağdam şəhərində yerləşən imarəti və İmarət stadionu ilə tanış olublar. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov erməni barbarlığına məruz qalan tikili barədə məlumat verib. Bildirilib ki, erməni vandalizmi təkcə yaşayış yerlərindən deyil, Azərbaycanın tarixi abidələrindən də yan keçməyib.

Qonaqlar Ağdam şəhərindəki Şəhidlər xiyabanında da olublar. Erməni vəhşiliyi zamanı Xocalıda qətlə yetirilən azərbaycanlıların bir çoxu vaxtı ilə burada dəfn edilib. Lakin Ağdam işğal olunduq­dan sonra bu məzarlıq da ermənilərin vəhşiliyinə məruz qalıb, qəbirlər qazılaraq cəsədlər çıxarılıb. Həmçinin məlumat verilib ki, burada İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə ucaldılmış abidə də ermənilər tərəfindən dağıdılıb.

Sonra xüsusi nümayəndə Toivo Klaar şəhər mərkəzində yerləşən Ağdam Cümə məscidini ziyarət edib. Bildirilib ki, digər tarixi abidələrimiz kimi, 1868-ci ilin yadi­garı olan Ağdam məscidi də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra talan olunub, yandırılıb. Binanın minarələrinin uçurulmamasına səbəb isə erməni işğalçılarının buradan müşahidə məntəqəsi kimi istifadə etməsi olub. Cümə məscidinin minarələrindən ətrafı asan müşahidə etmək mümkün olduğuna görə tarixi abidə dağıdılmayıb. Buna baxmaya­raq, erməni vandalları bütün müqəddəs məkanlarımız kimi, bu məscidin də ibadət zalından heyvan saxlamaq üçün istifadə ediblər.

Həmçinin səfər iştirakçıları erməni vəhşiliyi nəticəsində yerlə-yeksan edilən Ağdam şəhərinin dağıntıları ilə tanış olub­lar. Şəhər Dram teatrının salamat qalan divarına baxış keçirilib.

Daha sonra nümayəndə heyəti Ağdamın Qiyaslı kənd məscidinə gəlib. Məlumat verilib ki, ermənilər Qiyas­lı məscidindən də tövlə kimi istifadə edib. Bununla da erməni vandalları azərbaycanlılara, müsəlman aləminə qarşı nifrətlərini nümayiş etdiriblər.

Qonaqlara Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Bildiri­lib ki, Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri zamanı avtomobil yolunun, yaşayış binasının, Sənaye Parkının, 1 saylı məktəbin yeni binasının təməlini qoyub, park-meşədə ağac əkib. Baş plana əsasən Ağdam şəhərinin ərazisi 1750 hek­tar, şəhərətrafı bağlar 2450 hektar olacaq. Burada “ağıllı” və dayanıqlı sosial infrast­ruktur yaradılacaq. Şəhərdə 15 məktəb və uşaq bağçasının inşası nəzərdə tutulub.

Ağdamda ilkin olaraq şəhər sakinləri və qonaqlar üçün 125 hektarlıq böyük meşə parkı salınacaq. Bərpa olunacaq Ağdam kanalı şəhərin içindən keçəcək və onun suyu burada yaradılacaq gölə töküləcək. Həmçinin Ağdamda Sənaye Parkı da yaradılacaq. Park qida sənayesi, kiçik sənaye və xidmət, iri sənaye müəssisələri, sosial və texniki zonalar, TIR parkı, tikinti materiallarının satışı bazası hissələrinə bölünəcək.

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdam şəhəri üçün yeni məscid nümunələri, bina tipologiyaları və şəhərətrafı obyektlər, yol-nəqliyyat infrast­rukturu ilə tanış olub. Diqqətə çatdırılıb ki, “Qafqazın Xirosiması” kimi tanınan Ağdam tezliklə Azərbaycan Prezidentinin və hökumətinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı düşmüş in­sanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.

AZƏRTAC

17 Sentyabr 2021 22:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə