Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Qarabağı bərpa etmək missiyasını uğurla həyata keçirir

 Biz bu gün erməni vəhşiliyinin fəsadlarını aradan qal­dırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

 Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun ötən il sentyabrın 27-dən başlanan 44 günlük Zəfər yürüşü doğma Qarabağı azadlığa qovuşdurmaqla yanaşı, tarixi, mədəni, dini irsimizi də erməni vandallarından xilas etdi. Müzəffər Ali Baş Komandan və cəsur əsgər və zabitlərimiz qəhrəmanlıqları ilə işğalçı Ermənistana layiqli dərs verdi, kapitulyasiya aktını imzalatdırdı.

 

 Birinci Qarabağ müharibəsindən Vətən savaşına qədər olan dövrdə erməni faşizmi Qarabağ və ətraf rayonları yerlə bir edib, evləri, infrastrukturu dağıdıb, bir salamat bina belə saxlamayıb.

Yeri gəlmişkən, tolerantlıq və multikultural dəyərlərdən uzaq olan faşist xislətli erməni barbarları tərəfindən 30 il ərzində işğal altında saxlanılan Qarabağda dünyada misli görünməmiş talançılıq törədilib, bütün madi-mədəni irsimiz məhv edilib, yer-yurd adlarımız, toponimlərimiz dəyişdirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin son məlumatına görə, azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığı müəyyənləşdirilib. Düşməndən təmizlənən torpaqlardakı 12 muzey və 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 saray işğal dövründə qəsbkar tərəfindən qarət edilərək yandırılıb. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min kitab və misilsiz əlyazma nümunələri sıradan çıxarılıb.

Ermənilər tərəfindən ən çox dağıntılara məruz qalan islam dini abidələri – məscidlər, türbələr və digər inanc yerləri olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan məlumatda işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilib. Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Düşmən dini dəyərlərimizə hörmətsizlik edərək Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlıların heysiyyətləri ilə oynayıb.

Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda başlanan tikinti, bərpa-quruculuq işləri gündən-günə vüsət alır, bu ərazilərdə müasir infrastruktur qurulur, yeni yollar salınır, beynəlxalq hava limanları tikilir, möhtəşəm “ağıllı kənd”, “ağıllı şəhər” layihələri gerçəkləşdirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın şəxsi diqqəti və nəzarəti ilə düşməndən təmizlənən bölgələrdə yerli və xarici mütəxəssislərin iştirakı ilə bütün tarixi, mədəni, dini abidələrimiz, eləcə də digər xalqlara məxsus inanc yerləri bərpa olunaraq əvvəlki görkəminə qaytarılır, Azərbaycanın zəngin xəzinəsi kimi gələcək nəsillərə ötürülür.

Artıq tarixi qələbəmizdən ötən müddətdə mədəni irsə, ənənələrə, dini mirasa sevgi ilə yanaşan Heydər Əliyev Fondu bu istiqamətdə Ağdamda, Şuşada xeyli işlər görüb. Məsələn, Şuşada görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin, Bülbülün ev-muzeyinin, dahi şair Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin və büstünün açılışı mərasimləri reallaşıb.

Yeri gəlmişkən, Şuşa ötən il noyabrın 8-i düşməndən təmizlənəndən dərhal sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. Dövlətimizin başçısı avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimində çıxış edərək bildirdi: “Şuşanın bərpası yanvarın 14-dən başlanmışdır və qısa müddət ərzində böyük işlər görüldü. İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu yanvarın 14-də gördük. Biz Füzulidən təqribən iki saat yarıma-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni, Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir”.

Ölkə rəhbəri çıxışında daha sonra bu il yanvarın 14-dən Şuşanın tarixi abidələrinin bərpasına start verildiyini, Vaqifin məqbərəsinin artıq bərpa edildiyini, üç məsciddə təmir-bərpa işlərinin getdiyini, Natəvan bulağının bərpa olunduğunu vurğuladı.

Şuşada reallaşdırılan bərpa-quruculuq işlərindən söz düşmüşkən, onu da qeyd edək ki, şəhərin yeni baş planına əsasən, burada bərpa-quruculuq işləri zamanı onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələrin tarixlə müasirliyin vəhdəti üzərində qurulması nəzərdə tutulub. Eyni zamanda, şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da planlaşdırılıb.

Ümumiyyətlə, bu gün tək Şuşa deyil, işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurun bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Düşməndən təmizlənən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onlar eyni səviyyədə dirçəldilir. Bunun üçün bütün işlər vahid proqram əsasında gerçəkləşdirilir.

Dövlətimizin başçısı tərəfindən Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalaması və bu sənəddə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması da düşməndən təmizlənən adları çəkilən bölgələrdə bərpa, tikinti-quruculuq işlərinin sürətlə aparılmasına əlverişli zəmin hazırlayıb. Yeri gəlmişkən, xatırladaq ki, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Şərqi Zəngəzur iqtisadi rayonu isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları əsasında qurulub.

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun yaradılması ilə Azərbaycan iqtisadiyyatı artıq bir neçə dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektoral strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar üzə çıxarıb. Yuxarıda adı çəkilən fərmanda göstərildiyi kimi, Qarabağ bölgəsinin sürətli inkişafına əlverişli zəmin yaranıb.

Onu da qeyd edək ki, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, 30 il davam edən işğal nəticəsində rayon və şəhərlərimiz, o cümlədən yüzlərlə yaşayışməntəqəsi, yaşayışevləri, dövlət əmlakı və xüsusi əmlak, çoxsaylı infrastruktur obyektləri məhv edilərək tam yararsız hala salınıb. Döyüşəməliyyatları başa çatdıqdan dərhal sonra düşməndən təmizlənən bütün ərazilərimizdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsinə, minatəmizləmə tədbirlərinin təşkil olunmasına, habelə su, elektrik enerjisi, qaz təchizatı, rabitənin bərpası, həmçinin yol infrastrukturunun qurulması ilə əlaqədar işlərin icrasına başlanılıb.

Maliyyə Nazirliyinin açıqlamasında daha sonra vurğulanır ki, bölgənin müasir şəhərsalma konsepsiyası əsasında ən mütərəqqi innovasiyaların tətbiqi ilə yenidən qurulması və eyni zamanda azad edilmişərazilərdə kifayət qədər alternativ enerji mənbələrinin mövcudluğunu nəzərə alaraq oranın “yaşıl enerji” zonasına çevrilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla bölgənin şəhər və kəndləri “smart-city” (“ağıllı şəhər”), “smart-village” (“ağıllı kənd”) konsepsiyası əsasında yenidən qurulacaq, bu da, öz növbəsində həmin bölgədə turizm sahəsinin bütün növlərinin ən müasir səviyyədə təşkil və inkişaf etdirilməsinə şərait yaradacaq.

Göstərilən məqsədlərə dövlət büdcəsindən ayrılacaq vəsaitlə yanaşı, yerli şirkətlərin rolunun artırıl­ması, o cümlədən xarici investorların bu işlərə cəlb edilməsi də öz müsbət töhfəsini verəcək. Ümumilikdə, azad edilmişərazilərimizin vahid kon­sepsiya əsasında bərpası ölkənin iqtisadi potensialının genişlənməsinə səbəb olacaq. Bu ərazilərin reinteq­rasiyası ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək, iqtisadi artımı şərtləndirəcək. Qarabağın bərpa prosesi çoxşaxəli olduğu üçün nəinki həmin ərazilərdə, ümumilikdə ölkə iqtisadiyyatının bir çox sektorlarının inkişafı üçün yeni imkanlar yarana­caq.

Onu da bildirək ki, işğaldan azad olunmuş torpaqlarda yeni infrastruk­tur və biznesin inkişafı layihələrinin həyata keçirilməsi digər dövlətlər, həmçinin türkdilli ölkələr üçün geniş imkanlar yaradır. Türkdilli dövlətlər içərisində Azərbaycan bu sahədə Türkiyə ilə daha çox səmərəli əməkdaşlıq həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların­da infrastruktur layihələrinin, yolların tikintisində qardaş ölkənin şirkətləri fəal iştirak edir.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə turizm, kənd təsərrüfatı, dağ-mədən və hasilat sənayesi, tikinti material­ları istehsalı, alternativ enerji kimi potensial sektorların yenidən can­landırılması və ölkə iqtisadiyyatına inteqrasiyası, habelə bölgədə yeni nəqliyyat-logistika dəhlizlərinin formalaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər Türkiyə, eləcə də digər türkdilli ölkələr ilə əlaqələrimizin genişləndirilməsində yeni perspektivlər vəd edir.

Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində reallaşdırılan layihələrlə yanaşı, bu bölgələrdə aqrar sektorun inkişafı da diqqətdə saxlanılır. Bununla bağlı gələcəkdə Qarabağ fermerlərinin fəaliyyətinin stimullaşdırılması nəzərdə tutulur.

Gələn ildən etibarən Azərbaycanın azad edilmiş ərazilərində işləyən fermerlərə əkin üçün birdəfəlik subsidi­yalar veriləcək. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinin məlumatında bildirilir ki, Ağdam, Füzuli, Xocavənd, Qubadlı və Zəngilanda salınan üzümlüyün hər hektarı üçün sahibkara 8 min ma­nat məbləğində birdəfəlik subsidiya veriləcək

Qarabağda “yaşıl enerji” zonasının yaradılması da prioritet istiqamətlərdən biridir. Xatırla­daq ki, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə “yaşıl enerji” zonası, eləcə də “ağıllı kənd” layihələrinin reallaşdırılması istiqamətlərində ilk addımlar Vətən müharibəsinin parlaq qələbəmizlə başa çatmasından dərhal son­ra atılıb. Ötən il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri çərçivəsində Güləbird SES-in açı­lışı, eləcə də Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin hazırlanması ilə bağlı çıxışında bu barədə ətraflı məlumat verib, eyni zamanda, bu mühüm işin müasir dünya standartları səviyyəsində reallaşdırılacağını diqqətə çatdırıb.

“Yaşıl enerji” zonası layihəsinin Qarabağ və ətraf rayonlarda reallaşdırılmasını potensial im­kanlarla bərabər, digər amillər də şərtləndirir. Belə ki, bu gün dünyanın ən qabaqcıl texno­logiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəldildiyindən, Qarabağın bərpa-yenidənqurma məsələlərində də bu istiqamət əsas götürülür. Başqa sözlə, “yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağın dünyanın ən müasir yaşayış məskənlərindən biri ola­raq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.

Bu gün azad edilən ərazilərimizdə yarımstansiyala­rın tikintisi sürətlə davam edir. “Azərenerji” tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonları­nın hər birində 110/35/10 kV-luq yarımstansiyalar tikilir. Səhmdar Cəmiyyətin məlumatında bildirilir ki, bunun üçün “Şükürbəyli” yarımstan­siyasından 40 kilometr məsafədə yeni tikilən “Cəbrayıl” yarımstan­siyasına, Cəbrayıldan 45 kilometr məsafədə yeni tikilən “Qubadlı” yarımstansiyasına, Qubadlıdan 29 kilometr məsafədə yeni tikilən “Zəngilan” yarımstansiyasına 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilir.

Hər üç yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular quraşdırılmaq­la yeni inzibati bina inşa edilir. Yarımstansiyalar məsafədən idarə olunmaqla dispetçer idarəetmə sisteminə qoşulacaq. “Cəbrayıl” yarımstansiyasında artıq işlər tamamlanmaqdadır.

“Qubadlı” və “Zəngilan”da da işlərin çox hissəsi görülüb və yaxın vaxtlarda yekunlşacaq.

Bundan başqa, hazırda Ağdam rayonunda da 110/35/10 kV-luq iki yarımstansiya tikilir. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları­nın tikintisi sürətlə davam etdirilir və sözügedən yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.

Qeyd edək ki, indiyədək “Azərenerji” tərəfindən Füzulidən Şuşaya 75 kilometr, Daşkəsəndən isə Kəlbəcərə 70 kilometr məsafədə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilib və 110/35/10 kV-luq “Şuşa” və “Kəlbəcər” yarımstansi­yaları tikilərək istismara verilib.

Həmçinin Füzuli şəhərində 110/35/10 kV-luq “Füzuli” yarıms­tansiyası tikilib, eyni zamanda Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

18 Sentyabr 2021 00:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə