Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parklar şəhəri, sabahın xeyir!

foto-reportaj

Gəncəni parklarsız, xan çinar­larsız, fəvvarələrsiz təsəvvür etmək mümkün deyil. Budur, Xan bağında­yıq. Səhərin gözü , necə deyərlər, hələ açılmayıb, sakitlikdir. Amma bu, nisbi sakitlikdir. Yavaş-yavaş saralmaqda olan yarpaqların xəfif xışıltısı səhər tezdən işə salınmış fəvvarələrdən süzülən suların səsinə qarışır və qəribə bir səs yayılır parka. Mülayim səhər küləyi bu səsi daha da həzinləşdirir, qovub harasa uzaqlara aparır… Bir tərəfdən də yuxudan yenicə oyanıb bir-birlərini səsləyən quşların nəğməsi…

Tanış sifətlər görürük. Hiss olunur ki, hər səhər bura gələn adamlardır. Biri iri addımlarla parkda dövrə vurur. Digəri qan-tər içində qaçır. Başqa biri­si sadəcə yeriyir və elə yeriyir ki, elə bil ayağının altında kiminsə, nəyinsə qalmasından ehtiyat edir, astaca, ehmalca. Bir qədər əvvəl uca çinarla­rın arxasından ürkək-ürkək boylanan günəş də sanki indi əl-qol açıb, hər yeri nura boyamaqla yanaşı, yaxın­laşmaqda olan mülayim payıza sanki tabe olmaq istəmir, parkda gəzişənləri kölgəli yer axtarmağa məcbur edir.

Eyni mənzərə ilə şəhərdən bir qədər aralıda yerləşən nəhəng Heydər Əliyev Park Kompleksində qarşılaşırıq. Xan bağından fərqli ola­raq bu parkın ucu-bucağı görünmür. İstirahət, əylənmək üçün nə desən var. Hətta bu günlərdə şəhər icra hakimiyyətinin təşəbbüsü ilə burada “Açıq kitabxana”lar təşkil olunub. İstənilən adam, istədiyi kitabı ödəniş eləmədən alıb oxuya bilər. Təbii ki, qaytarmaq şərti ilə.

Saat 11-dir. Parkda artıq təkcə böyüklər, yaşlılar və gənclər deyil, körpə uşaqlar da görünür. Onların əylənməsi üçün isə kifayət qədər guşələr var, attraksionlar fəaliyyət göstərir…

Mirzə Şəfi Vazeh parkında da qələbəlikdir. Bilirsiniz, bura niyə çox adam gəlir? Deyim. Əvvəla, parkda istirahət üçün şərait var. İkincisi, gəncəlilər uzun illərdir adət ediblər.Ya piyada, ya da idarə etdikləri maşınla hərə əlinə bir-iki su qabı götürüb gəlir buradakı “Üç bulaq” deyilən yerdən su doldurmağa. Bu, bir növ şəhər sakinlərinin xobbisinə çevrilib desək, daha düzgün olar. Qeyd edək ki, Gəncə şəhər icra hakimiyyətinin baş­çısı Niyazi Bayramovun təşəbbüsü ilə bu bulaq əsaslı şəkildə təmir olunub və burada içməli su, daha doğrusu, Göygöl suyu həmişə var.

Bir vaxtlar xarabalıq olan Gəncəçayın sağ sahilində salınmış Park-Bulvar kompleksi, şəhərin Baş Meydanı öz gözəlliyi, səliqə-sahmanı, yaşıllığı, gülü-çiçəyi ilə bizi bir daha heyran etdi. Artıq günəşin şüalarına tab gətirməyən adamlar da bu guşələri asta-asta tərk edirdilər.

…Biz yalnız səhər tezdən gündüz saat 12-dək bir neçə yerdə olduq. Axşam saatları da park və xiyabanlar əsl istirahət guşələrinə çevrilir. Çünki şərait var, adamların lstirahətinin mənalı keçməsi üçün düşünənlər, qayğı göstərənlər var. Bunu edənlərin sakinlərdən də ərkyana bir xahişləri var və baş çəkdiyimiz parklarda belə elanları tez-tez gördük: “Gəncəmizi təmiz və səliqəli saxlamaq sən sakindən asılıdır”.

Görünən odur ki, müvafiq icra strukturları, elə sakinlərin özləri də Gəncəni çox sevirlər və bunu görmək üçün bizim kimi, bir-iki saatlıq şəhərə çıxıb gəzmək kifayətdir…

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

Gəncə

17 Sentyabr 2021 00:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə