Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın mədəni inkişafı dövlətimiz üçün prinsipial məsələdir

Torpaqlarımızı 30 ilə yaxın əsarət altında saxlayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində regionun bütün infrastrukturu dağılıb. Bu işğal müddətində ermənilər Qarabağın qədim erməni torpağı olması barədə yalan informasiya təbliğatı aparsalar da, bölgənin inkişafı üçün nəinki heç nə etməyiblər, əksinə, olanları da dağıtmaqla, talan etməklə məşğul olublar. Bütün dünya ictimaiyyəti Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki misilsiz şücaəti və qüdrəti sayəsində azad edilən torpaqları çəkilişlərdən izləyərək şahid oldu ki, Füzulidə, Cəbrayılda, Ağdamda, Zəngilan və Qubadlıda, demək olar ki, hər yer tar-mar edilib, xarabazara çevrilib. Lakin indi dünya onu da görür ki, bölgə əsl sahibinə qayıtdıqdan sonra irimiqyaslı abadlıq-quruculuq, şəhərsalma planlarına start verilib. Təkcə elə bu fakt onu göstərir ki, regionun əsl sahibi kimdir və kim öz torpağının qədrini daha yaxşı bilir.

 

Ermənistan hazırda bütün regional layihələrdən kənarda qalıb və faktiki olaraq təcrid vəziyyətindədir. Eyni zamanda, 44 günlük müharibədə ağır məğlubiyyətə uğrayan forpost dövlətdə sosial-iqtisadi böhran dərinləşib və bu, məğlub ölkəni növbəti siyasi kataklizmlərə sürükləyir. Ona görə də, Ermənistan hakimiyyəti 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatda nəzərdə tutulmuş ra­zılaşmalara, o cümlədən kommu­nikasiyaların açılması məsələsinə ciddi yanaşmalıdır.

İşğalçı ölkənin labüd tənəzzüldən yeganə xilas yolu­nun Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək, praqma­tik mövqe sərgiləməkdən başqa çarəsi yoxdur. Bu gün Qara­bağda aparılan işlər, Prezident İlham Əliyevin mütəmadi ola­raq həmin azad edilən rayon və şəhərlərimizə səfərləri onu göstərir ki, Qarabağın mədəni inkişafı dövlətimiz üçün prinsipi­al məsələdir. Bunu dünya yaxşı görür və anlayır ki, Ermənistanın mənasız çığır-bağırının yalnız özlərinə ziyanı var və bu əsassız qeyri-konstruktiv mövqedə uduzacaq bir tərəf varsa, o da Ermənistandır.

Bu gün Azərbaycan xalqının mədəniyyət paytaxtımız elan olunan Şuşanı sahiblənməsi milli mədəniyyətimiz qarşısında böyük xidmətdir. Bildiyimiz kimi, Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Şəhərdə 17 məhəllə var idi ki, onların hər birinin məscidi, bulağı və hamamı mövcud idi. XX əsrin əvvəllərində şəhərdə 1464 dükan qeydə alınmışdı ki, bunların da bazarlarla birlikdə illik ticarət dövriyyəsi 6 milyon rubla çatmışdı.

XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miq­yasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Şuşa, həmçinin mütəfəkkirlərimizin, musiqi nəzəriyyəçilərimizin do­ğulub, boya-başa çatdığı sənət mərkəzlərindən biri olmuşdur. Şuşada elm-təhsil sahəsinə dair müəssisələr də o dövr üçün aktual idi. Orada zəngin kitabxana fəaliyyət göstərirdi. Bədnam ermənilərin məkrli siyasəti nəticəsində Şuşa Şəhər Kitabxanasının fondu dağıdılıb, 150 min nüsxədən artıq mənbə məhv edilib. Bu rəqəm sadəcə bir kitabxanaya vurulan zərbə kimi yox, ümumilikdə, Azərbaycan tarixinə qarşı törədilən zorakılıq və tariximizin mənimsənilməsi yolunda atılan addım kimi qiymətləndirilməlidir.

Bildiyimiz kimi, Şuşa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sis­teminin (MKS) tərkibində ümumi kitab fondu 200 min nüsxə təşkil edən 32 kitabxana mövcud olub. 1992-ci il 8 may tarixindən sonra 32 kitabxana və bu kitabxanalarda saxlanılan qədim və unikal kitablar məhv edilib. Bu göstəricilər Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Ağdam, Fizuli, Cəbrayıl rayonla­rına da aiddir. Bütün işğal olunan rayonların kitabxanaları, mədəni müəssisələri eyni taleyi yaşadılar. Erməni vandalizmi nəticəsində onların hamısı ya talan edilərək İrəvana aparılmış, ya da yandırıl­mışdır.

Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində bildirdi ki, bu, bizim şanlı qələbəmizin, zəfərimizin günüdür: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edil­di! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq!”.

Şuşa – Qarabağın baş şəhəri, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siya­si, mədəni həyatında mü­hüm xidmətləri olan görkəmli xadimlərin Vətəni, doğma şəhər, əziz bir torpaq, hərbi-strateji əhəmiyyətli qaladır. Ermənilərin Şuşanı ələ keçirmək arzuları 200 ildir ki, hökm sürürdü. La­kin onlar 1992-ci ildə bu arzuya çatdılar. O zaman Azərbaycan siyasi mühitində hərc-mərcliyin hökm sürməsindən istifadə edən düşmən bu alınmaz qalanı bir o qədər də güc sərf etmədən bizdən qopara bildi. Lakin 28 il sonra tarixi ədalət bərpa olundu. Bu şəhər Azərbaycan Ordusunun “dişi-dırnağı” ilə yenidən öz əzəli sakinlərinə qaytarıldı. 2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək, Şuşanı işğalçılardan azad etmiş və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qal­dırılmışdır: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”.

Şuşaya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev diqqətə çatdırdı ki, bu şəhər işğaldan azad olunandan sonra, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilmiş­dir. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şu­şadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.

Prezident İlham Əliyev bildirdi ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və onun bərpası, dirçəldilməsi hamımızın işidir və əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın əsl tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Dövlət başçısı bildirdi ki, mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər. Çünki bu, onların şəhəridir. Şuşanın əsl tarixi simasının və qədim mədəni abidələrinin bərpası Azərbaycan memarlıq üslubunu əks etdirməli, çox zəngin mədəni həyat olmalı və Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar.

2021-ci il martın 16-da iş­ğaldan azad ediləndən sonra Şuşaya ikinci dəfə səfər edən Prezident İlham Əliyev M.P.Vaqifin məqbərəsinin bərpa işləri ilə tanış oldu. Bərpa işlərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu icra edirdi. 1992-ci ildə ermənilər Şuşanı işğal edərkən bu abidəni də vəhşicəsinə dağıtmışdılar. Səfər zamanı Prezident İlham Əliyev diqqətə çatdırdı ki, artıq bərpa, quruculuq işlərinə başlanılmış, infrastruktur layihələrinə start verilmişdir.

2021-ci il avqustun 29–30-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Şuşada bir sıra tədbirlər həyata keçirildi və Şuşa şəhərinin baş planı təqdim olundu.

Əlbəttə, Şuşada bu və digər möhtəşəm bərpa işlərinin aparıl­ması, Füzulidə Hava Limanının açılması, Laçın və Kəlbəcərdə hava limanlarının təməlinin qo­yulması, Zəngilanda “Ağıllı kənd” layihəsinin icrasına başlanılması, dağıdılmış, “Qafqazın Xirosima­sı” adlandırılan Ağdamın müasir şəhərə çevrilməsi üçün görülən irimiqyaslı işlər dövlət başçısının dediyi bu cümlələrin ardıcıllıqla həyata keçirildiyinin sübutudur: “Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq,– cəmi 44 gün ərzində,– bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.

Şübhəsiz ki, Qarabağın bərpa və inkişafı həm də ölkənin geniş imkanlarına və yerli iqtisadiyyatın zəngin tarixi keçmişinə əsaslanan real bir məqsəddir. Xəritədə yalnız adı olan, əslində isə düşmən tərəfindən viranəyə çevrilən bu ərazilərimizi yüksək səviyyədə bərpa və hərtərəfli inkişaf etdirmək, Azərbaycanın iqtisadi cəhətdən güclü və gözəl regionu­na çevirmək üçün bütün imkanlar vardır. Sadəcə ağılla, məntiqlə, bu imkanlardan səmərəli istifadə etməklə, Prezident İlham Əliyevin tarixi missiyasının ətrafında saf amallarla sıx birləşməyimiz regi­onun füsunkar və dünyanı valeh edəcək görüntülərinin heç də uzaqda olmadığını göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən Qarabağ torpaqları iqtisadiyyatımı­zın daha sürətli inkişafı üçün yaxın gələcəkdə yeni potensial imkanları genişləndirəcək, Azərbaycanın iqtisadi göstəricilərinə görə regionun lideri mövqeyini möhkəmləndirəcək. Bununla Bö­yük Qayıdış proqramının icrasında insanların Qarabağa mərhələli şəkildə köçürülməsi prosesi öz məntiqi axarına düşəcək. Eyni zamanda, bölgənin təhsil, səhiyyə, mədəniyyət və telekommunika­siya obyektlərinin koordinasi­yalı şəkildə bərpası əhalinin öz torpaqlarında bir daha əziyyət çəkməməsi üçün zəruri tədbirlər kimi həyata keçiriləcək. Qarabağın bərpası, mədəniyyət paytaxtımızın öz əvvəlki şöhrətinə qayıtması xalqımızın ən ümdə amal və arzu­larından biridir. Bu arzuya gedən yol isə güclü, qüdrətli Azərbaycan dövlətinin varlığından keçir. Bu yolu qorumaqda hər birimiz ma­raqlı olmalıyıq.

Məmməd ƏLIYEV,

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru,

fəlsəfə elmləri doktoru

 

17 Sentyabr 2021 00:55 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə