Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Güclü region qüdrətli Azərbaycan deməkdir

Prezident İlham Əliyev 7 iyul 2021-ci ildə “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərman imzalayıb. Sənədə əsasən, Azərbaycan Respublikasında 14 iqtisadi rayon yaradılıb. Onların arasında Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) iqtisadi rayonları da var. Bu gün ölkəmizin hər yerində olduğu kimi, yuxarıda adlarını çəkdiyimiz regionlarda da geniş bərpa, tikinti-quruculuq işləri aparılır ki, bu da ölkə ictimaiyyətində dərin məmnunluq hissləri doğurur. Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

– Azərbaycan Prezidenti, cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionla­rının yaradılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Qeyd etməliyəm ki, dövlətimizin başçısının bu müdrik addımı həmin bölgələrdə yaşayan vətəndaşların xüsusilə dərin razılığına səbəb olmuşdur.

Məlumdur ki, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılma­sı və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsi onların sürətli inkişafını təmin edir.

Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlı­lıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri etmişdir.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iq­tisadi rayonunun yaradılması da olduqca vacib və düzgün addım idi.

Azərbaycan Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı davamlı olaraq inkişaf və tərəqqi edir. Region­ların bərabər və harmonik inkişafı ölkəmizin daha güclü və qüdrətli olması üçün zəmin yaradır. Yaxın vaxt ərzində Zəngəzur nəqliyyat dəhlizinin açılması gözlənilir ki, bu da Şərqi Zəngəzur iqtisadi rayonun sürətli inkişafı üçün geniş imkanlar yaradacaq.

Bu gün ölkəmizdə hər bir bölgənin yerli imkanlar hesabına öz iqtisadiyaytını gücləndirməsi dotasiyasız işləməsi çox vacibdir. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videofor­matda qəbul edərkən bir çox aktual məsələlərlə yanaşı, bu məsələdən də söz açıb.

Möhtərəm Prezident öz parlaq və dərin məzmunlu çıxışında demişdir: “Siz yerlərdə elə işləyin ki, rayonlar daha sürətlə inkişaf etsin. İndi bizim bir çox rayonlarımız artıq mərkəzdən dotasiya almır. Ancaq 10 il bundan əvvəl demək olar ki, rayonların mütləq əksəriyyəti dotasiya alırdı. Nə üçün? Çünki yerlərdə yığılan vəsait məmurların cibinə gedirdi, dövlət xəzinəsinə, dövlət büdcəsinə yox, məmurların cibinə. Gecə-gündüz elə burada, qapılarda fırlanıb, hansısa maddi dəstək, maddi yardım istəyənlərin sayı kifayət qədər çox idi, icra başçılarını nəzərdə tuturam. Amma aparılan islahatlar nəticəsində indi bir çox rayonlar artıq dotasiya almır. Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesa­bına təmin olunsun”.

Şübhə etmirəm ki, yerlərdə çalışan bütün vəzifəli şəxslər, məmur və dövlət qulluqçula­rı cənab Prezidentin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, regionların hərtərəfli inkişafı, əhalinin maddi rifah halının daha da yaxşılaş­ması üçün əllərindən gələni edəcəklər. Unut­mayaq ki, güclü region qüdrətli Azərbaycan deməkdir.

Söhbəti qələmə aldı: M.HACIXANLI,

“Xalq qəzeti”

17 Sentyabr 2021 00:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə