Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizin hüquq sistemində islahatlar uğurla davam edir

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan hərtərəfli islahatlar çərçivəsində hüquq sistemi və onun maddi-texniki bazası da durmadan təkmilləşir. Sentyabrın 3-də Sumqayıta səfəri çərçivəsində dövlətimizin başçısının orada Məhkəmə kompleksinin açılışını etməsi keyfiyyətcə yüksələn ədliyyə sisteminin infrastrukturunun da yeniləndiyini göstərir.

Ədliyyə naziri Fikrət Məmmədov kompleksdə yaradılan şərait barədə məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin 2019-cu ildə imzala­dığı fərman bu sahədə mühüm "yol xəritəsi"dir. Onun icrası ilə bağlı komp­leks qanunvericilik və praktiki tədbirlər görülür. Yeni regional inzibati və kommersiya məhkəmələri təsis edilib, vahid məhkəmə təcrübəsinin forma­laşdırılması üçün işlək mexanizmlər yaradılıb. Bu sahədə infrastruktu­run müasirləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində məhkəmə infrastrukturlarının ən müasir İKT ilə təchizatı xüsusi yer tutur. Bu qəbildən sayca dördüncü olan Sumqayıt Məhkəmə Kompleksi Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrast­rukturu” layihəsi üzrə tikilib. Konseptu­al baxımdan yeni olan, funksionallığı ilə fərqlənən müasir kompleks altı müxtəlif məhkəməni əhatə edir. “Bir qapı” prinsipi ilə fəaliyyət göstərən kompleks ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edəcək.

Məhkəmə zallarında proseslərə “Elektron məhkəmə” informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması və şəffaflığın təmin edilməsi üçün “Femida” sistemi quraşdırılıb. Burada 50-dək hakim, ümumilikdə isə 240 işçi fəaliyyət göstərəcək. Sumqayıt Məhkəmə Kompleksində yaradılmış müasir şərait təxminən 1 milyon 460 min əhaliyə yüksək səviyyədə məhkəmə xidmətləri göstərməyə imkan verəcək.

Bildiyimiz kimi, dövlətimizin başçı­sının sosial ədalətə əsaslanan islahat­larına, eləcə də birinci xanım Mehriban Əliyevanın inklüziv cəmiyyətin inkişafı üzrə təşəbbüslərinə uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən innovasiya­ların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür. Bütün bu işlər vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılmasına, onlara yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, şəffaflığın artırılmasına, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsinə yönəlib.

Qeyd edim ki, mənim illərdən bəri çalışdığım notariat sistemində də fəaliyyətin təkmilləşdirilməsi üzrə atı­lan addımlar ürəkaçandır. Biz “Notariat haqqında” Azərbaycan Respublika­sının Qanununda nəzərdə tutulmuş hüquqi hərəkətləri aparmağa müvəkkil edilmiş şəxslər kimi vətəndaşlarımıza xidmət göstəririk. Bu sistem kompleks hüquq sahəsi olmaqla, fəaliyyətini tam olaraq Ədliyyə nazirinin əmri ilə təsdiq olunmuş əsasnaməyə uyğun şəkildə davam etdirir. Bizim işimiz mülki hüquq və mənafelərin həyata keçirilməsinin hüquqi qarantı olmaqla, dövlət hakimiyyətinin verdiyi səlahiyyətlərlə notariuslar tərəfindən mübahisəsiz hü­quq və faktların təsdiqini, bu notariat hərəkətlərinin məcmusunu ehtiva edir.

2007-ci ildən etibarən ölkənin nota­riuslarını vahid şəbəkədə birləşdirən, icra edilmiş notariat hərəkətləri haqqında məlumaları toplayan və arxivləşdirən, notariuslar arasında real vaxt rejimində məlumat mübadiləsini təmin edən mərkəzləşdirilmiş “No­tariat sənədlərinin elektron məlumat bankı” informasiya sistemi istifadəyə verilib və mükəmməl şəkildə işləyir. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin müvafiq qurumu tərəfindən təmin edilmiş “Elektron notariat” avtomatlaşdırılmış sistemi sayəsində zəngin məlumat bazası yaradılıb ki, bu da daha çevik və keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, dövlət qurumları tərəfindən tələb edilən sənədlərin sayının azaldılmasına xidmət edir. Bütün notariat hərəkətlərinin layihələri notarius tərəfindən tərtib olunur və bu sistemdə saxlanılır. “Elektron notariat köşkü” də bütün gün ərzində, 24 saat işləyir. O cümlədən Notariat Palatası ilə birgə notariat ofislərində çalışan əməkdaşların tədris kursu və Dövlət Notariat Arxivi ilə birgə “Vərəsəlik işlərinin rəqəmsallaşdırılması” layihələri uğurla tətbiq olunur. Beynəlxalq Notariat İttifaqı ilə səmərəli əlaqələr davam etdirilməklə, mütərəqqi xarici təcrübələr öyrənilir və nizamnaməyə uyğun olaraq, digər tədbirlər həyata keçirilir.

Rayon ofisləri ilə bərabər, regional “ASAN xidmət” mərkəzlərində yaradıl­mış notariat ofisləri də vətəndaşlara operativ xidmət göstərirlər. Həmçinin mobil telefonda skaner yükləməklə sənədlərin QR kod, FİN və barkod vasitəsilə yoxlanılması mümkün olur. Görünən odur ki, Azərbaycan ədliyyəsi daim təkmilləşdirilir və modernləşdirilir. Bu uğurlara məhz möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü hüquq islahatlarının sayəsində nail olunur.

Lətif FƏRƏCOV,

Cəlilabad rayon 1 saylı notariat ofisinin xüsusi notariusu

17 Sentyabr 2021 00:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə