Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Artıq status məsələsinə qayıtmaq cəhdləri əbəsdir

Biz qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan – Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər “Dağlıq Qarabağ”ın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Dünya siyasətində mövcud olan ikili standartlar haqsızlığa, ədalətsizliyə meydan açır. Beynəlxalq təşkilatların, bu və ya digər problemin həlli üzrə onların yaratdığı “işçi qrupları”nın fəaliyyətində çox zaman sırf qərəzli yanaşmalar müşahidə edilir ki, bu da vaxtın uzadılmasına, əlavə problemlərin yaranmasına səbəb olur. Ötən əsrin 90-cı illərinin əvvəllərindən qondarma Qarabağ münaqişəsinə cəlb edilmiş və torpaqları işğala məruz qalmış Azərbaycan daim belə ədalətsiz münasibətlə üz-üzə gəlib. Konkret olaraq, ATƏT-in Minsk qrupu bu məsələdə birtərəfli mövqe nümayiş etdirib.

Böyük güclərin özəl maraq­larından, beynəlxalq qurumların özlərinə sərf edən aspektlərdən çıxış etmələri onların daşımalı olduqla­rı missiya ilə bir araya sığmır. Bir çox hallarda yolverilməz milli, dini və irqi ayrı-seçkiliyə meyil göstərilir ki, bu da yolverilməzdir. Son 30 ilin proseslərinə diqqət yetirsək, görərik ki, ən ali qurumlar belə əksərən işğalçı Ermənistana özəl sevgi, öz torpaqlarını tələb edən Azərbaycana qarşı isə laqeydlik, ən yaxşı halda susqunluq nümayiş etdiriblər. Onların tərəfkeşlik etdikləri ölkələrə dair ən adi məsələlərdə sərgilədikləri reaksiya, az qala, bəşəri faciə kimi gündəmə gətirildiyi halda, Azərbaycanın haqq işinə biganəlik göstərilmişdir. Prezident İlham Əliyev bütün çıxışla­rında bu yanaşmanın yanlış olduğunu vurğulamışdır: “Bizim bir dövlət, bir xalq olaraq yalnız bir istəyimiz, bir məqsədimiz var. O da sərhədlərimizin bərpası, torpaqlarımızın işğaldan azad edilməsidir. Biz bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Təəssüf ki, sülh yolu ilə həll edilmə prosesinə dəstək verən, onun gerçəkləşdirilməsinə çalışan konkret qüvvələr yoxdur”.

Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılması ilə bağlı BMT-nin 4 qətnaməsinin olmasına baxmaya­raq, həmin sənədlər onilliklər boyu gərəksiz kağız parçası kimi bir kənara atılmış, tələblərin yerinə yetirilməməsi heç kimi narahat etməmişdir. Hətta qətnamələrin icrasına birbaşa ca­vabdeh olanlar da buna etinasız yanaşmışlar. Münaqişənin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupu­nun həmsədrləri olan ABŞ, Rusiya və Fransa əksər hallarda erməni təəssübkeşliyi “nümunəsi” göstərmiş, işğalçı ilə işğal olunanı eyni səviyyədə tutmuşlar.

Vəziyyət o hala gəlib çatmışdı ki, artıq Minsk qrupu həmsədrlərinin bölgəyə səfərləri istehzalı gülüş yaradırdı. Onlar vaxtaşırı Bakıya və İrəvana “başmaq seyri”nə çıxır, süni rəsmiyyət xatirinə XİN rəhbərləri ilə görüşür, sonra da jurnalistləri belə yaxına buraxmadan, bir-iki cümləlik bəyanatlar verməklə işlərini bitmiş hesab edirdilər.

Belə faydasız sülhyaratma səylərindən heç bir kar aşmadığı­nı görən Azərbaycan münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, axırda tarixi ədalətsizliklə ba­rışmayaraq, BMT qətnamələrini öz gücü ilə, “dəmir yumruq” hesabına reallaşdırmalı oldu. 44 günlük Vətən müharibəmiz, zəfər yürüşümüz baş­landı və biz öz torpaqlarımızı işğaldan azad etdik. Azərbaycana aqressiv yanaşanlar, Ermənistana dəstək verənlərsə bundan ibrət götürmədilər, prosesi əvvəlki məcrasına qaytar­maq üçün oyunbazlıq etdilər, siyasi təxribatlara, əsassız bəyanatlara üstünlük verməyə başladılar. Hətta Minsk qrupunun həmsədrlərindən biri olan Fransa açıq şəkildə ermənilərin tərəfini tutdu, onların haqlarının pozul­duğunu iddia etdi və işğalçı dövlətə açıq-aşkar himayə göstərdi. Bu ölkənin Prezidenti “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir», “Biz geri alınan torpaqların Azərbaycanda qalmasına imkan verməyəcəyik” kimi bəyanatlar səsləndirdi. Halbuki, bunlar beynəlxalq qanunlara tamamilə zidd olan, üstəlik də Minsk qrupunun mandatına qətiyyən uyğun gəlməyən açıqlamalardır. Əslində, vasitəçilər sülhyaratma prosesində səmimi və məsuliyyətli olmalı, tərəf tutmamalı­dırlar.

Prezident İlham Əliyev Fransa­nın məsələyə birtərəfli yanaşmasını vaxtında açıq tənqid edib: “Neçə ildir Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra gö­rün nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qara­bağ tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz”.

Elə Minsk qrupunun digər üzvləri də Qarabağ məsələsində daim birtərəfli mövqe sərgiləyiblər. Biri erməniləri silahlandırıb, digəri hər vasitə ilə ruhlandırıb. ABŞ-ın uzun müddət qüvvədə saxladığı "Azadlı­ğa Dəstək Aktı"na 907-ci düzəlişini xatırlayaq. Sözlə əməlin üst-üstə düşməməsi bütün münaqişə dövrü ərzində göz qabağında olub. Bir neçə ay öncə Amerikada Azərbaycana qarşı başlanmış bədnam “Pallone” kampaniyasını götürək. ABŞ Kon-qresi üzvlərinin xaosun, qarışıqlığın lehinə səs verməsi və beynəlxalq qanunların pozulmasını dəstəkləməsi onu göstərir ki, Vaşinqton Qafqaz regionundakı gerçək vəziyyətdən bixəbərdir və erməni lobbiçiləri Azərbaycana qarşı çirkin qarala­ma kampaniyasını davam etdirmək üçün Pallone kimi konqresmenlərə milyonlarla dollar sərf edirlər. ABŞ Nümayəndələr Palatası isə bir daha erməni diasporunun əsiri olduğunu sübut edir.

Okeanın o tayından hər il Qara­bağ separatçılarına milyonlarla dollar həcmində maddi yardım göstərilib. Soruşan gərək: bəs, onda işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpası ilə bağlı təşəbbüslər nədən qulaqardına vurulur?

Dövlətimizin başçısı Ermənistanın beynəlxalq hüquqa və öhdəliklərə saymamazlığının kökündə dayanan səbəbi də göstərərək bildirib ki, on illər ərzində işğalçıya qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir. Dünyada mövcud olan ikili standartlar təcrübəsi erməniləri beynəlxalq hüquqa zidd əməllərə təşviq etmiş, bəşəri qanunlara qarşı hörmətsizliyə həvəsləndirmişdir. Hələ Vətən müharibəsindən əvvəl BMT Baş Assambleyasının 75-ci sessiya­sının ümumi debatlarındakı çıxışı za­manı cənab İlham Əliyev Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmamasının BMT-nin nüfuzunu sarsıtdığını söyləyib və təklif edib ki, həmin qətnamələrinin sözsüz icrası mexanizmləri yaradılmalıdır.

Bu günsə beynəlxalq təşkilatlar münaqişənin yenidən Minsk qrupu platformasına qaytarılması üçün canfəşanlıq edir, təhrikçilik meyilləri göstərirlər. Məqsəd münaqişənin çözülməsidirsə, Azərbaycan bunu artıq öz gücünə reallaşdırıb. Daha Minsk qrupunun “ağsaqqal”lığına ehtiyac qalmayıb. Həmsədrlər illərcə problemin həllində fəallıq görüntüsü yaradıblar. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun bu barədə söylədikləri təmiz gerçəkdir: “Azərbaycan Qarabağ üçün 30 il gözlədi. Amma Minsk üçlüyü ilə masada çözüm işləmədi. Sonunda Azərbaycan torpaqlarını savaşaraq azad etdi. İndi diplomatiya işləyə bilər. Ermənistan bunu qiymətləndirməlidir”.

İyulun 23-də Prezident İlham Əliyev Azərbaycan Dövlət Televizi­yasına verdiyi müsahibəsində de­yib ki, artıq nə Dağlıq Qrabağ adlı inzibati ərazi var, nə də onun statusu. Xankəndidə olsa-olsa, 25 min erməni qalıb. Onlar üçün status yaratmaq hansı məntiqə sığır?

Həmsədr ölkələrin bir çox dip­lomatları elə hey böhran qazanını qaynatmağa çalışırlar. İyul ayında ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi bu ölkənin Müdafiə Nazirli­yi rəsmilərinin müşayəti ilə sərhəd bölgələrinə səfər edib və buradakı hadisələrdən narahatlığını bildirib. O, ABŞ-ın həmsədr olaraq münaqişənin davamlı, qalıcı siyasi həllinə nail olmaq üçün bütün tərəflərlə işləməyə sadiq olduğunu söyləyib. Eyni zamanda, Treysinin sözlərinə görə, ABŞ tərəflərin məhz Minsk qrupu çərçivəsində ən qısa zamanda danı­şıqlara qayıtmasını istəyir. Təəssüf ki, xanım səfir ermənilərin sərhəddə və Şuşa ətrafında atəşkəsi dəfələrlə pozmasına reaksiya verməyib. Bir neçə gün əvvəlsə Lin Treysi İrəvanda jurnalistlərin suallarına cavab olaraq yenə də bildirib ki, Dağlıq Qaraba­ğın statusu məsələsi ATƏT-in Minsk qrupunun himayəsi altında keçirilən danışıqların gündəmində qalır. ABŞ tərəfləri danışıqlar masasına qay­tarmaq üçün əlindən gələni edir. Lin Treysi, eyni zamanda, danışıqlar üçün "mükəmməl platformanın" mövcud olmadığını deyib. Hərçənd ki, onun sözlərinə görə, Minsk qrupunun mü­vafiq "mandatı" və "legitimliyi" var və bu danışıqlara gəlincə "çox vacibdir".

Səfirin bu açıqlamaları Azərbaycan XİN tərəfindən qəbuledilməz sayılıb. Vurğulanıb ki, münaqişə keçmişdə qalıb, ərazi bütövlüyümüz təmin edilib və Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayon­ları yaradılıb. Hazırda ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti müzakirə olunduğu bir vaxtda həmsədr ölkə nümayəndəsinin belə bir açıqlama ilə çıxış etməsi, məhz Minsk qrupunun gələcək fəaliyyətinə xələl gətirir...

İlk baxışda humanist görünən niyyətlərin arxasında subyektiv siyasi məqsədlərin dayanması qloballaşan dünya prinsipləri ilə bir araya sığmır. Azərbaycan isə daha kiminsə siyasi maraqlarının girovuna çevrilə bilməz.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

17 Sentyabr 2021 00:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə