Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Regionların sosial-iqtisadi inkişafı prioritet vəzifədir

 

 

Azərbaycanda regionların inkişafı həmişə prioritet vəzifələrdən biri olub. Bu proses Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 18 il ərzində daha da intensivləşib. Doğ­rudur, İkinci Qarabağ müharibəsinin uğurla başa çatmasından, Ermənistanın tam məğlubiyyətə uğradılmasından sonra dövlət səviyyəsində daha çox Qarabağ və Şərqi Zəngəzur regionlarının bərpasına diqqət ayrılır. Amma bununla yanaşı, Azərbaycanın digər regionları da unudulmur, mütəmadi olaraq, bu və ya digər rayonda vacib məsələlər həll edilir.

Amma Qarabağın bərpası, təbii ki, əsas vəzifədir. Prezident İlham Əliyev də işğaldan azad olunmuş ərazilərə dəfələrlə səfər edib və hər dəfə də bildirib ki, bütün rayonlarımız bərpa olunacaq, kənd və şəhərlərimizin əvvəlki siması özünə qaytarılacaq. Fevralın 14-də dövlət başçısı birinci xanım Meh­riban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərə gələrkən də bəyan edib ki, bütün şəhərlərimizin baş planları hazırlanır. Planlar hazır olandan sonra vaxt itirmədən bərpa işlərinə start veriləcək.

Dövlət başçısı Zəngəzur dəhlizinin bərpası istiqamətində də ilk addımları ataraq, Horadiz–Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Zəngilan rayo­nunda birinci “ağıllı kənd” layihəsinin icrasına başlanılıb. Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bəyan edib. Həkəri çayı üzərində 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stan­siyasının açılışı olub və burada iştirak edən ölkə başçısı bildirib ki, bundan sonra bu günə qədər suvarılmamış qalan 100 min hektar torpaq sahəsinə su veriləcək. Bütün bunlardan əlavə, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib, Şuşada böyük quru­culuq işlərinə başlanılıb.

Prezident İlham Əliyevin bu günlərdə Cəlilabad və Şəmkir rayonlarına yeni icra başçılarının təyin olunması ilə bağlı keçirdiyi qəbuldan da məlum oldu ki, Azərbaycanın digər regionlarının inkişafı məsələləri də diqqətdən kənarda qalmayıb. Dövlət başçısı son illərdə Cəlilabad və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görüldüyünü, dövlət investisiya proq­ramları çərçivəsində əsas infrastruktur layihələrinin icra edildiyini, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramla­rının icrası çərçivəsində hər iki rayonda böyük abadlıq işləri aparıldığını bildirdi. Onun sözlərinə görə, hər iki rayonda elektrik təsərrüfatı tamamilə yenilənib, əhalinin enerji ilə təchizatında heç bir problem yoxdur. Qazlaşdırma işləri apa­rılıb. Cəlilabad rayonunda qazlaşdırma­nın səviyyəsi 90 faizdən çoxdur, Şəmkir rayonunda isə 100 faizə yaxınlaşır.

Bunlardan əlavə, Cəlilabad və Şəmkir şəhərlərinin içməli su ilə təmanatı üçün layihələr həyata keçirilib, həmin tədbirlərdə Prezident şəxsən işti­rak edib. Şəhərlərə 2013-cü və 2017-ci illərdə içməli suyun verilməsi böyük hadisəyə çevrilib. Bu problem bir çox kəndlərdə də öz həllini tapıb. Suvarma ilə bağlı böyük işlər görülüb. Bir çox ar­tezian quyuları qazılıb. Eyni zamanda, Şəmkir rayonunda böyük Şəmkirçay su anbarı tikilib. Bu, həm Şəmkir, həm də qonşu rayonlarda meliorativ tədbirlərin görülməsi üçün yeni imkanlar yara­dıb, suvarılan torpaqların miqyasını genişləndirib.

Sosial infrastrukturla bağlı böyük işlər görülüb. Hər iki rayonda 120-yə yaxın məktəb tikilib, yaxud əsaslı təmir edilib. İki böyük xəstəxana inşa edilib – 190 və 145 yerlik. Bundan başqa, Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzi inşa edilib. İki böyük Olimpiya İdman Kompleksi istifadəyə verilib. So­sial və infrastruktur layihələri icra edilib. Bütün bunlar hər iki rayonun uğurlu inki­şafı üçün əsaslı zəmin yaradıb. Bu işlər Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramları çərçivəsində görülüb. Şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəkdə də bu istiqamətdə ciddi addımlar atılacaq və bu, Azərbaycanın sosial-iqtisadi inkişa­fına təkan verəcək.

Arzuman MURADLI,

YAP Səbail rayon təşkilatının sədr müavini,

 iqtisadiyyat üzrə fəlsəfə doktoru

17 Sentyabr 2021 00:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə