Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni hava limanları iqtisadiyyata və turizmə böyük töhfələr verəcək

 

 

Qarabağın bərpa prosesi davam edir. Prezident İlham Əliyevin dediyi kimi, indiki mərhələdə əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə möhkəmlənmək, insanların həmin ərazilərdə məskunlaşmasını təmin etməkdir. Bu mənada postmüharibə dövrünün ilk günlərindən sürətli və təxirəsalınmaz işlər görülür, təcrübəli xarici şirkətlər Qarabağın bərpa prosesinə cəlb edilir. Bərpa-quruculuq işləri ilə paralel olaraq, ərazidə minatəmizləmə işləri davam edir.

Təbii ki, minalar yenidənqurma işlərini ləngidən ən böyük amillərdən biridir. Lakin, geridə qalan 10 ay ərzində bu istiqamətdə də xeyli irəliləyişə nail olunub... Bu sözləri bizimlə söhbətində Bakı Dövlət Universiteti­nin professoru İsmayıl MƏMMƏDOV bildirdi. Professor dedi:

– Əlbəttə, düşmənin mina xəritələrini təhvil verməməsi də bugünədək davam edən minatəmizləmə, eləcə də, quruculuq işlərinin xeyli yubanmasına səbəb oldu. Qarabağın yenidən bərpa edilməsi, bu torpaqların nəinki Azərbaycanın, o cümlədən bölgənin ən inki­şaf etmiş regionuna çevrilməsi üçün müasir standartlara uyğun layihələr hazırlanır. Bu layihələrdən bir çoxu ya başa çatıb, ya da start götürüb. Qısa zaman ərzində həyata keçirilən işlər gələcək üçün də böyük ümidlər vəd edir. Burada bölgənin tarixi əzəməti qoru­nub-saxlanılmaqla yanaşı, dövrün tələblərinə uyğun, ən müasir texnologiyalara əsaslanan “ağıllı kənd”, “ağıllı şəhər” konsepsiyaları bölgə əhalisinin rifah səviyyəsini yaxşılaş­dırmaq, insanlara daha peşəkar və əlçatan xidmət göstərmək üçün hazır vəziyyətə gətirilir.

Bildiyiniz kimi, ölkə başçısı ilk gündən bu işlərlə şəxsən maraqlanır, tez-tez iş­ğaldan azad edilmiş rayonlara, yaşayış məntəqələrinə səfər edir, burada aparılan işlərlə tanış olur, o cümlədən xüsusi tapşırıq­lar verir. Belə tapşırıqlardan biri də bölgədə hava limanlarının tikilməsi ilə bağlı idi.

Tezliklə Füzuli, Laçın və Zəngilanda inşa ediləcək hava limanlarının lahyihələri hazır­landı. Bu layihələrin hazırlanması zamanı əsas məsələ hava limanlarının yerləşəcəyi ərazilər idi. Belə ki, bu rayonların ərazisi böyük olsa da, düzən ərazi, düz yer tapmaq çətin məsələ idi. Hava limanlarının ərazisi həm relyef şəraitinə, həm də məskunlaşma xəritələrinə uyğun hazırlanmalı idi.

Məlum olduğu kimi, Füzuli Beynəlxalq Hava Limanı artıq istismara verilib. Bu ya­xınlarda, hava limanının eniş zolağı və qüllə kompleksi formal uçuşlarla sınaqdan keçirilib. Bundan əlavə, Laçın Hava Limanının da təməli qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilən təməlqoyma mərasimi zama­nı qeyd edildi ki, Laçın Hava Limanı yerinə görə digərlərindən fərqlənir. Belə ki, Laçın Hava Limanı Laçın şəhərinə 30, Kəlbəcərə 60, Şuşaya isə 70 kilometr məsafədə yerləşir. Bu isə o deməkdir ki, həm Füzuli, həm də Laçın aeroportlarından Şuşaya getmək müm­kün olacaq. Ərazinin çətin relief şəraitinə görə, burada böyük torpaq işləri aparılacaq. Qazıntı işləri ilə yanaşı, həm də bəzi iri boşluqlar doldurulacaq. Burada uçuş-enmə zolağı standart uzunluqda olacaq. Qeyd edək ki, hər üç hava limanı üçün zolağın uzunluğu 3 kilometr nəzərdə tutulub. Bu da bütün növ sərnişin, eləcə də yükdaşıma təyyarələrinin hava limanlarına rahat enib-qalxmasını təmin edəcək.

Beləliklə, işğaldan azad edilmiş ərazilərin–Şərqi Zəngəzurun, Qarabağın bərpa prosesi sürətlə davam etdirilir. Ümid edirik ki, bu, insanların ən qısa zamanda buraya qaytarılmasına imkan yaradacaq.

Söhbəti qələmə aldı: İmran ƏLİYEV,

“Xalq qəzeti”

17 Sentyabr 2021 00:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə