Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslahatlar sosial-iqtisadi inkişafı daha da sürətləndirir

Artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır, yerlərdə insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır. Onlar elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar. Mənim tövsiyələrimin içində bu tövsiyə də həmişə xüsusi yer tutur.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Dövlətimizin başçısı İlham Əliyev prezidentlik fəaliyyətinə başladığı vaxtdan ötən 18 il ərzində sosial-iqtisadi sahələrin inkişafı məqsədilə qətiyyətli addımlar atılıb, genişmiqyaslı islahatlar gerçəkləşdirilib, idarəetmə fəaliyyətinin yenilənməsinə xüsusi əhəmiyyət verilib. Respublikada həm yeni nazirliklər yaradılıb, ayrı-ayrı nazirliklərin təkrarlığı aradan qaldırılıb, birləşmə prosesi gedib, həm də bəziləri ləğv edilib. Bir sözlə, dövlət başçısı hər zaman çevik idarəetmə mexanizminə xüsusi diqqət yetirib. Son illərdə isə ölkədə idarəetmənin daha çevik mexanizmlərinin təşkili ilə bağlı məsələ mühüm önəm daşıyıb. Bu, sosial-iqtisadi islahatların daha sürətlə aparılmasına təkan verib.

Ölkədə reallaşdırılan islahatlar fəaliyyət istiqamətləri oxşar olan dövlət qurumlarının konsolidasiyasının həyata keçirilməsinə, dövlət aparatının saxla­nılması xərclərinin maksimum dərəcədə optimallaşdırılmasına, büdcə yükünün azaldılması istiqamətində tədbirlərin gerçəkləşdirilməsinə müsbət təsir göstərib. Bu, eyni zamanda, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, sahibkarların fəaliyyətinə dolayısı və birbaşa mane olan, onlara qarşı əsassız tələblər irəli sürən dövlət qurumlarının ləğv edilməsi ilə nəticələnib.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə kadr islahatlarının davam­lı olacağını, təyin edilən bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulduğunu və kadrlara o vəzifələrin icrasının zəruriliyini diqqətə çatdırıb. Eyni zamanda, məmurların vəzifəyə gəlir mənbəyi kimi baxmamalarını, xalqa xidmət etmələrini, başlıca missiyalarının, vəzifələrinin isə məhz bundan ibarət olduğunu tövsiyə edib.

Dövlətimizin başçısı Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən, bütün bunlar barədə ətraflı danışıb. Ölkə rəhbəri çıxışında əvvəlcə vəzifəyə təyin edilən hər iki rayon icra başçısının onlara göstərilən etimadı doğruldacaqlarına əminliyini bil­dirib. Prezident İlham Əliyev daha sonra bu məsələlərlə əlaqədar bir sıra mühüm məqamlara toxunub, öz dəyərli tapşırıq və tövsiyələrini verib. Eyni zamanda, respublikada həyata keçirilən sosial-iqti­sadi islahatlar, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində reallaş­dırılan tədbirlər, neqativ hallara – korrup­siya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi, habelə qanunun aliliyi­nin təmin olunması sahəsində hüquq-mühafizə orqanlarının qarşısında duran vəzifələrdən ətraflı danışıb. Ölkə rəhbəri həmişəki kimi, bu dəfə də vəzifəyə təyin edilən şəxslərin xalqa xidmət göstərmələrinin zəruriliyini xatırladaraq, onların vətəndaşların problemlərinə daim həssaslıqla yanaşmalarını, insanla­rın üzləşdikləri müəyyən çətinliklərin ara­dan qaldırılmalarına yardımçı olmalarını vurğulayıb.

Prezident İlham Əliyev çıxışında diqqəti regionların inkişafı istiqamətində görülən işlərə yönəldərək, son illərdə rayonlarda genişmiqyaslı tikinti-qu­ruculuq tədbirləri həyata geçirildiyini, çox böyük sənaye və kənd təsərrüfatı, turizm potensialından səmərəli istifadə olunduğunu, beynəlxalq standartlara uyğun yollar, qaz, su və elektrik xətləri çəkildiyini, suvarma sistemlərinin, su an­barlarının yaradıldığını, xəstəxanaların, məktəblərin, idman qurğularının tikildiyini diqqətə çatdırıb. Eyni zamanda, rayon­lara həm yerli, həm də xarici investi­siyaların cəlbinin vacibliyini xatırladıb: “Bu olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Dövlət hər şeyi öz boynuna götürə bilməz. Onsuz da bütün ölkə üzrə bütün bu quruculuq-abadlıq işləri dövlət investisiya xətti ilə görülmüş­dür və sahibkarlara şərait yaradılmalıdır. Sahibkarlara imkanlar verilməlidir ki, gəlsinlər öz vəsaitlərini qoysunlar, iş yerləri yaratsınlar”.

Ölkə rəhbəri nitqində yuxarıda qeyd edilənlərlə bərabər, Azərbaycanda işsizliklə bağlı problemlərin bütövlükdə həllini tapdığını, bununla belə yeni iş yerlərinin yaradılması üçün investisiya layihələrinin icrasının əhəmiyyətini, bu­nun üçün rayon icra hakimiyyəti başçıla­rının da həm yerli, həm də xarici biznes dairələri ilə sıx təmaslar qurmalarının önəmini qeyd edib.

Prezident İlham Əliyev çıxışında son illər ərzində Cəlilabad və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görüldüyünü, dövlət investisiya proqramları çərçivəsində əsas infrastruktur layihələrinin icra edildiyini, yaxud bu layihələrin icrasının başa çatmaq üzrə olduğunu da diqqətə çatdırıb: “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası çərçivəsində hər iki rayonda böyük abadlıq işləri aparılıb. Demək olar ki, əsas infrastruktur layihələri icra edil­miş hesab oluna bilər. Hər iki rayonda elektrik təsərrüfatı tamamilə yenilənib və elektrik enerjisinin təchizatında hər hansı bir problem yoxdur. Qazlaşdırma işləri sürətlə aparılmışdır. Cəlilabad rayonun­da qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, Şəmkir rayonunda isə 100 faizə yaxınlaşır. Hesab edirəm ki, bu, son illər ərzində bölgələrdə aparılmış işlər arasında xüsusi yerə layiq olan işlərdir. Çünki təbii qazla vətəndaşlarımızı təmin etmək bizim əsas vəzifələrimizdən biri idi və bu gün ölkə üzrə təbii qazla təchizat 96-97 faizə çatıbdır. Bu göstəriciyə görə Azərbaycan dünya miqyasında ən qa­baqcıl yerlərdədir”.

Azərbaycan Prezidenti, həmçinin Cəlilabad və Şəmkir şəhərlərinin içməli su layihələrinin həyata keçirilməsi ilə əlaqədar reallaşdırılan mərasimlərdə iş­tirak etdiyini, içməli su probleminin, hətta bir çox kəndlərdə artıq öz həllini tapdığı­nı xatırladıb. Dövlətimizin başçısı suvar­ma ilə bağlı da böyük işlər görüldüyünü vurğulayaraq, artezian quyuların qazıl­ması, Şəmkirçay su anbarının tikilməsi nəticəsində həm Şəmkir, həm də qonşu rayonlarda suvarılan torpaqların miq­yasının böyük dərəcədə genişləndiyini bildirib.

Ölkə rəhbəri son illərdə hər iki rayonda sosial infrastrukturla bağlı mühüm layihələrin gerçəkləşdirildiyini qeyd edib: “Hər iki rayonda 120-yə yaxın məktəb tikilib və ya əsaslı təmir edilib. İki böyük xəstəxana inşa edilib – 190 və 145 yerlik. Bundan əlavə Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzi inşa edilib. İki böyük Olimpiya İdman Komp­leksi istifadəyə verilib. Yəni, sosial və infrastruktur layihələrinin icrası göz qabağındadır. Əlbəttə ki, bu, rayonların uğurlu inkişafı üçün əsas zəmin yaradır. Çünki əgər bu ilkin addımlar atılmasay­dı rayonların inkişafından söhbət gedə bilməzdi. Bütün bu işlər dövlət büdcəsi hesabına və mənim göstərişimlə, mənim tərəfimdən təsdiq edilmiş Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülübdür”.

Bu məqamda dövlətimizin başçısının çıxışında diqqətçəkən bir məsələyə də toxunmaq yerinə düşərdi. Belə ki, son illər ərzində Azərbaycanda reallaşdırılan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafına yönələn tədbirlər bir sıra siyasi dəyişikliklərlə, struktur yenilənmələrilə müşayiət olunur. Bütün bunların fonunda, əgər belə demək mükündürsə, respubli­kada siyasi transformasiya mühiti də getdikcə şəffaflaşır, aydınlaşır. Artıq struktur və kadr islahatlarının davamlı xarakter alması özünü qabarıq büruzə verir. Bütün bunlarla bərabər, beynəlxalq müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilən korrupsiya ilə mübarizə tədbirləri getdikcə gücləndirilir, bu istiqamətdə dövlət qurumlarının hər bir pilləsində şəffaflığın qorunması diqqət mərkəzində saxlanılır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə pensiya, ün­vanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi, habelə məşğulluq sahələrində şəffaflığın, həmçinin sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik, həmçinin korrupsiya, rüşvətxorluq hallarının aradan qaldı­rılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı vaxtaşırı ciddi, önəmli addımlar atılır. Əlbəttə, şübhə yoxdur ki, bütün bu tədbirlər, gerçəkləşdirilən islahatlar, yeniləşmələr ölkənin gələcək dayanıqlı inkişafının şərtləndirilməsi məqsədi daşıyır.

Prezident İlham Əliyev çıxışında bu məsələyə də toxunaraq, bəzən verdi­yi tapşırıqların yerinə yetirilmədiyini, tövsiyələrinə əməl edilmədiyini təəssüflə bildirib, real həyatda bunun tam əksinin nəzərə çarpdığını deyib. Buna görə də buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə Cəlilabad və Şəmkirin keçmiş rayon icra başçılarının cinayət məsuliyyətinə cəlb olunduqlarını qeyd edib: “İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir. Heç kimdə immu­nitet yoxdur və ola bilməz. Bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən mən bu tövsiyələri verirəm. Ancaq sizdən əvvəl bu vəzifələrdə çalışmış insanlar yalnız şəxsi mənafelərini güdürdülər, talançılığa, rüşvətxorluğa və korrupsi­yaya qurşanmışdılar, insanlara laqeyd yanaşırdılar, rayonların qarşısında duran gündəlik problemlərlə yox, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul idilər və əlbəttə, insanların haqlı narazılığına səbəb olmuşdular. Bütün bu faktlar üzə çıxandan sonra, əlbəttə ki, hər iki icra başçısı öz vəzifələrindən azad edildi və indi onlar qanun qarşısın­da cavab verəcəklər.”.

Dövlətimizin başçısı çıxışında digər məmurlara da xəbərdarlıq edərək, hər hansı bir vəzifəli şəxsin törətdiyi cinayətə görə bağışlanmayacağını bildirib. Ona görə də hər bir məmur məsuliyyətini dərindən dərk etməli, qa­nun çərçivəsində işləməli, ona göstərilən yüksək etimadı doğrultmalıdır. Elə işləməlidir ki, insanlar arasında narazılıq yaranmasın, hamı ondan razı qalsın.

Prezident İlham Əliyev çıxışında artıq hər bir kəs dövlət məmurunun nümunə göstərməyə borcu olduğunu, yerlərdə insanların dolanışığı, insanların rahatlığı üçün onun cavabdehlik daşıdığını başa düşür. Buna görə də dövlət məmuru daim insanlarla bir yerdə olmalı, onların qayğıları, problemləri ilə maraqlanmalı, imkan daxilində onlara kömək etməli, bütün fəaliyyətini əhalinin rifahına yönəltməlidir.

Dövlətimizin başçısı çıxışında bütün bunlarla bərabər, indiyədək rayonlarda dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tender prosedurlarının kobudcasına pozulması hallarını da kəskin tənqid edib. Bildirib ki, əgər korrupsiya, rüşvətxorluq halları olmasaydı, baxın, bizim dövlət büdcəmiz nə qədər artardı, bizim imkanlarımız nə qədər genişlənərdi. Biz bu gün aparılan islahatlar nəticəsində əldə edilmiş əlavə mənfəəti, ilk növbədə, insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldirik. İndi ilin doqquzuncu ayıdır. Ancaq şəffaflıq, islahatlar nəticəsində dövlət büdcəsində profisit yaranıb və biz bunun böyük hissəsini yenə də insanların sosial müdafiəsinə yönəldirik.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

17 Sentyabr 2021 00:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə