Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ağıllı şəbəkə konsepsiyası” insanların rifahını yaxşılaşdırmaq məqsədi daşıyır

 Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin, Zəngilan və Cəbrayıl rayonlarında Günəş enerjisinin çox böyük potensialı var. Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

 Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə elektroenergetika sisteminə, eləcə də, paytaxtın elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərib. Ötən müddətdə bu sahədə genişmiqyaslı islahatlar gerçəkləşdirilib, yenidənqurma, tikinti işləri böyük vüsət alıb. Dövlətimizin başçısının tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində energetika sistemi əsaslı şəkildə modernləşdirilib, “itirilmiş” generasiya gücləri bərpa edilib.

 

 Son illər ərzində Reabili­tasiya Proqramı çərçivəsində paytaxtımızda, habelə region­larda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan bir sıra modul tipli elektrik stansi­yalarında itirilmiş gücün bərpası istiqamətində geniş həcmdə işlər görülüb. Bir çox elektrik stansiyala­rı və yarımstansiyaların 500, 330, 320, 110 kilovoltluq hava xətləri, o cümlədən, yarımstansiyalar yenidən qurulub.

Reabilitasiya Proqramına əsasən, hazırda yüksəkgərginlikli elektrik verilişi xətlərində modernləşmə davam etdirilir, ener­jinin idarə edilməsi üçün SCADA dispetçer sisteminin yenidən qu­rulması istiqamətində tədbirlər həyata keçirilir.

Prezident İlham Əliyev tərəfindən energetika sahəsinin inkişafının diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, Azərbaycan Davos İqti­sadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda “əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında qərarlaşıb.

Dövlətimizin başçısının dəqiq müəyyənləşdirdiyi strateji hədəflər, düşünülmüş strategiya ilə Azərbaycan bu gün elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilərək da­vamlı inkişafı ilə regionun lider dövləti statusunu daşıyır. Dünya birliyinin etibarlı tərəfdaşı olan respublikamızın adının inkişaf etmiş ölkələr sırasında çəkilməsi isə hər birimizdə qürur hissi doğurur. Təbii ki, bu qürur hissi, ilk növbədə, cənab İlham Əliyevin yorul­maz, səmərəli fəaliyyəti ilə bağlıdır. Prezident İlham Əliyevin gərgin səyi nəticəsində müəyyənləşən yeni inki­şaf konsepsiyası da ölkəmizin enerji sektorunun bütünlüklə yenilənməsinə səbəb olub.

Azərbaycan Prezidenti çıxışla­rının birində energetika sistemində görülən işləri yüksək qiymətləndirib. Dövlətimizin başçısı vurğulayıb ki, xüsusilə son illərdə görülmüş işlər enerji təsərrüfatını tamamilə yeniləşdirib, respublikanı qonşu dövlətlərlə birləşdirən yüksək- gərginlikli xətlər inşa edilib, bir çox yerlərdə yeni yarımstansiyalar tikilib, transformatorlar quraşdırı­lıb: “Bölgələrə çoxsaylı səfərlərim çərçivəsində mən həmişə maraqla­nıram və vətəndaşlardan soruşuram ki, enerji təminatı necədir? Son illər ərzində hər zaman müsbət rəylər eşidirəm. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, “Azərenerji” və “Azərişıq” bu istiqamətdə çox böyük işlər görürlər”.

Bir sözlə, energetika sahəsində həyata keçirilən çox böyük layihələr sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər demək olar ki, həllini tapıb, respublikamız artıq enerji təminatçısına çevrilib. Belə ki, əvvəlki dövrlərdə ölkəmiz elektrik enerjisi üzrə idxaldan asılı idi. İndi isə həm daxili tələbat ödənilir, həm də bu istiqamətdə ixrac həyata keçirilir.

Prezident İlham Əliyevin iştirakı ilə sentyabrın 15-də Bakının Xəzər rayo­nunda yeni tikilən 110/35/10 kilovolt­luq “Buzovna-1” yarımstansiyasının istifadəyə verilməsi də respublikada elektrik enerjisi təsərrüfatının uğurla yenidən qurulmasının bariz ifadəsidir.

Açılışda ölkə Prezidentinə ya­rımstansiyada görülən işlər barədə məlumat verilərək, bildirilib ki, dün­yada davam edən pandemiya və iqtisadi-maliyyə çətinliklərinə bax­mayaraq, dövlətimizin başçısının birbaşa diqqəti sayəsində ölkəmizdə çox mühüm sosial infrastruktur layihələri uğurla və ardıcıl şəkildə icra olunur. Bu layihələr arasında respublikanın bütün şəhər və rayon­larının, o cümlədən, paytaxtın elek-trik təsərrüfatının müasirləşdirilməsi istiqamətində həyata keçirilən silsilə və kompleks yenidənqurma tədbirlərinin xüsusi əhəmiyyəti var. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən bu layihələr, ilk növbədə, insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, onların rahatlığının təmin edilməsinə, sosial məsələlərinin həllinə yönəlib. Bu, eyni zamanda, elektrik enerjisinə tələbatın ödənilməsi, elektrik şəbəkələrində yüklənmələrin azalması, texniki itkilərin minimuma endirilməsi baxı­mından da çox önəmlidir.

Hazırda dövlət proqramlarının icrası ilə bağlı Bakı şəhərinin elektrik təchizatının daha da yaxşılaşdı­rılması üçün genişmiqyaslı tikinti, yenidənqurma və təmir işləri aparılır. Bu işlərin davamı olaraq, Xəzər rayo­nu ərazisində “Buzovna-1” yarımstan­siyası tikilib. Yeni yarımstansiya artan tələbatı ödəməklə, Buzovna, Zuğulba, Albalılıq, Bilgəh, Nardaran, Maştağa qəsəbələrinin, dövlət əhəmiyyətli obyektlərin, həmçinin istirahət, turizm, tibb obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində böyük rol oynayacaq.

Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub, ən müasir qurğular və avtomatika sistemi ilə təchiz edi­lib. Ümumilikdə, “Azərişıq” ASC tərəfindən yeni inşa olunan qapalı yarımstansiyalarda texniki və texnoloji yeniliklərə xüsusi diqqət verilir. Pay­taxtın digər ərazilərində 110, 35 və 0,4 kilovoltluq ötürücü xətlər kabellə yeral­tı borular və tunellər vasitəsilə çəkilib ki, bunların istismar müddəti baxımın­dan etibarlılığı 2-3 dəfə çoxdur.

Prezident İlham Əliyev “Buzovna-1” yarımstansiyasını işə saldıqdan sonra dövlətimizin başçısı­na işğaldan azad olunmuş ərazilərdə “Ağıllı şəbəkə konsepsiyası” əsasında həyata keçirilən layihələr barədə də məlumat verilib. Bildirilib ki, Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izol­yasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. Ümumilikdə, iş­ğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatında innovativ tex­nologiyaların tətbiqi uğurla davam et­dirilir. Belə ki, müasir tip mühafizəli və izolyasiyalı kabel xətlərinin texniki-iq­tisadi səmərəliyini artırmaq məqsədilə yeni fiber-optik kanalla təchiz edilmiş mühafizəli kabellərin tətbiqi nəzərdə tutulub. Bununla da həm elektrik enerjisi, həm də keyfiyyətli internet şəbəkəsinin ötürülməsi mümkündür.

Beləliklə, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən yüksəksürətli internet şəbəkəsinin yaradılması üçün əlavə infrastrukturun qurulmasına ehti­yac qalmır və iqtisadi səmərəlilik göstəriciləri yüksəlir. Digər tərəfdən, hər bir abonentin bir kabel xətti ilə həm elektrik enerjisi, həm də dayanıq­lı və yüksəksürətli optik kanalla inter­net və rabitə xətlərinə çıxışı olacaq.

İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəbəkə” konsepsiyası üzrə müasir, daha dayanıqlı ikipilləli 110/35 kilovoltluq şəbəkələrin iqtisa­di əsaslandırması həyata keçirilib. Ənənəvi şəbəkələrlə müqayisədə bu tip şəbəkələrdə elektrik təchizat sxemi sadələşir, etibarlılıq və ren­tabellik dəfələrlə artır, 6 ilədək tikinti müddətinə, layihələndirmə və sənədləşdirmə vaxtına, 60 min hektardan çox faydalı torpaq sahəsinə qənaət edilir. Müasir şüşə lifli, kompo­zit materialdan hazırlanmış dayaqlar quraşdırılır ki, onlar da sərt iqlim və istismar şəraitinə dözümlü olmaq­la yanaşı, daha az xərc tələb edir. Beləliklə, müasir texnologiyaların tətbiqi nəticəsində elektrik təchizatı şəbəkəsinin dayanıqlığı artırılaraq böyük miqdarda maliyyə vəsaitinə qənaət olunacaq.

Yeri gəlmişkən, Qarabağda energetika sisteminin yaradılmasına xüsusi önəm verilməsinin nəticəsidir ki, artıq bu ərazilərdə 20 meqavat­dan çox elektrik enerjisi alternativ mənbələrdən hasil edilməyə başla­nılıb. Onu da qeyd edək ki, ərazidə su elektrik stansiyalarının sayınının tədricən təxminən 20-yə çatdırılacağı nəzərdə tutulub. Həmçinin, Prezident İlham Əliyev tərəfindən, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası kimi yaşayacağı elan edilib.

İşğaldan azad olunan ərazilərin böyük alternativ enerji potensialı var. Energetika Nazirliyinin he­sablamaların görə, Qarabağ bölgəsinin alternativ enerji potenisalı kifayət qədər yüksəkdir. Nazirliyin qiymətləndirmələrinə görə, işğaldan azad olunan ərazilərimizin Günəş enerjisi potensialı 4 min MVt, külək enerjisi potensialı isə 500 MVt-dır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qara­bağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır.

Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə “Ağıllı şəbəkə konsep­siyası” layihələrinin reallaşdırılması istiqamətlərində ilk addımlar Vətən müharibəsinin parlaq qələbəmizlə başa çatmasından dərhal sonra atılıb. Ötən il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri çərçivəsində Güləbird SES-in açılışı, eləcə də, Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin hazırlanması ilə bağlı çıxışında da bu barədə ətraflı məlumat verib, eyni zamanda, bu mühüm işin müasir dünya standart­ları səviyyəsində reallaşdırılacağını diqqətə çatdırıb.

Dövlətimizin başçısı hazırda bərpa olunan yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. Bu baxımdan, Zəngilan rayonu­nun Birinci, İkinci və Üçüncü Ağalı kəndlərində ilk olaraq “ağıllı kənd” layihəsinin həyata keçirilməsi mühüm önəm daşıyır.

İnşa ediləcək “ağıllı kənd”lərdə sakinlərin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələri hesabına ödəniləcək. Eyni zamanda, texnoloji innovasiyanın tətbiqi istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi sahələrin inkişafı­nı sürətləndirəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqın­da” Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizin işğaldan azad edil­miş ərazilərində “yaşıl enerji” zonası­nın yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlan­ması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublika­sının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Dövlətimizin başçısının təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də qlobal iqlim dəyişikliklərinin miqyasının azaldılma­sı, təmiz ətraf mühitin təmin olunması və Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi kimi məsələlər yaxın onilliyin əsas strateji istiqaməti kimi göstərilib.

Hazırda işğaldan azad edilən ərazilərdə “yaşıl enerji” zonasının yara­dılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı özəl inves­tisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır.

Qeyd edək ki, cari il iyunun 3-də Energetika Nazirliyi və bp şirkəti arasında Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair icra müqaviləsi imzala­nıb.

Bununla yanaşı, bu sahədə pilot layihələrin də həyata keçirilməsinə baş­lanılıb. Ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələr imzalanıb. Layihənin reallaş­dırılmasına ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində isə 1 milyard kilovat saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulub.

İqtisadiyyat və Energetika nazirliklərinin birgə məlumatında bildirilir ki, bu layihənin icrası nəticəsində il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması, həmçinin müa­sir istehsal və xidmət sahələrinin yaran­masına, yeni iş yerlərinin açılmasına töhfə verəcək.

Yazının sonunda azad edilən ərazilərimizdə yarımstansiyaların tikintisi vəziyyətini də diqqətə çatdırmaq istərdik. Əvvəla deyək ki, hazırda “Azərenerji” tərəfindən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının hər birində 110/35/10 kV-luq yarımstansiyalar tikilir. Səhmdar Cəmiyyətin məlumatında bildirilir ki, bunun üçün “Şükürbəyli” yarımstansiya­sından 40 kilometr məsafədə yeni tikilən “Cəbrayıl” yarımstansiyasına, Cəbrayıldan 45 kilometr məsafədə yeni tikilən “Qu­badlı” yarımstansiyasına, Qubadlıdan 29 kilometr məsafədə yeni tikilən “Zəngilan” yarımstansiyasına 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilir.

Hər üç yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular quraşdırılmaqla yeni inzibati bina inşa edilir. Yarımstansiyalar məsafədən idarə olunmaqla dispetçer idarəetmə sisteminə qoşulacaq. “Cəbrayıl” yarım-stansiyasında artıq işlər tamamlanmaq­dadır.

“Qubadlı” və “Zəngilan”da da işlərin çox hissəsi görülüb və yaxın vaxtlarda ye­kunlşacaq. Bundan başqa, hazırda Ağdam rayonunda da 110/35/10 kV-luq iki yarım-stansiya tikilir. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının tikintisi sürətlə davam etdirilir və sözügedən yarımstansiyalara “Xındırıstan” yarımstansiyasından 40 kilometr məsafədə ikidövrəli 110 kilovolt­luq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.

Qeyd edək ki, indiyədək “Azərenerji” tərəfindən Füzulidən Şuşaya 75 kilometr, Daşkəsəndən isə Kəlbəcərə 70 kilometr məsafədə 110 kV-luq ikidövrəli elektrik verilişi xətti çəkilib və 110/35/10 kV-luq “Şuşa” və “Kəlbəcər” yarımstansiyaları tikilərək istismara verilib.

Həmçinin Füzuli şəhərində 110/35/10 kV-luq “Füzuli” yarımstansiyası tikilib, eyni zamanda Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

17 Sentyabr 2021 00:49 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə