Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mənzil Kommunal Təsərrüfat Birliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Xidməti vəzifələrinin icrası ilə əlaqədar korrupsiya hüquqpozmalarına yol verən vəzifəli şəxslərin aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən məqsədyönlü və ardıcıl tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, belə tədbirlərdən biri kimi, Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 14 saylı mənzil istismar sahəsinin rəisi vəzifəsində işləmiş Elçin Dinayev və digərlərinin qanunsuz əməlləri barədə daxil olmuş vətəndaş müraciəti əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.2-ci, 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Elçin Dinayevin 2018-2021-ci illərdə rəhbərlik etdiyi qurumda müxtəlif əməkdaşların işə gəlmədikləri halda sonuncuların maaş kartlarındakı məbləğləri Nəsimi rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə ona etibar edilmiş ümumilikdə 23 min 449 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, istintaq zamanı həmin qurumda müvafiq olaraq mühəndis və mühasib vəzifələrində çalışmış Naidə Əhmədova və Firəngiz Zeynalovanın 2019-cu ilin fevral-mart aylarından etibarən Elçin Dinayevin razılığı ilə faktiki olaraq işə gəlməyən iki işçinin adına olan əmək haqqı kartlarını Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə cəmi 10 min 873 manat məbləğində pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.

Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirakı olan digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

16 Sentyabr 2021 10:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə