Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

NATO çərçivəsində regional təhlükəsizliyin Azərbaycan-Türkiyə modeli

Dost və qardaş ölkələr olan Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında hərbi-siyasi əməkdaşlıq regional təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz arasındakı ikitərəfli və çoxtərəfli münasibətlər tarixi köklərə, ortaq dil, ənənə və dəyərlərə əsaslanaraq xalqların maraqlarına xidmət edir. Digər tərəfdən, bu münasibətlər regional və qlobal sülhün və sabitliyin təmin edilməsi üçün zəruridir.

Azərbaycan qlobal sistemə inteqrasiya prosesindədir. Ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm ve­rir. Beynəlxalq əməkdaşlığın və xarici siyasətin istiqamətləri arasında Avroatlantik struk­turlarla əməkdaşlıq xüsusilə əhəmiyyətlidir. Beynəlxalq are­nada ciddi uğurları, regional və qlobal enerji layihələrində etibarlı tərəfdaşlığı, qalib dövlət imici dünya ölkələrinin Azərbaycana olan marağını artırmaqdadır. Şərq və Qərbin qovuşduğu, bir çox sivilizasiyalara ev sahibliyi edən və çox mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Avroatlantik təhlükəsizlik təşkilatı və İslam dün­yası üçün ciddi maraq kəsb edir.

Hərbi-siyasi təşkilatlar arasında Şimali Atlanti­ka Müqaviləsi Təşkilatı ilə əməkdaşlıq dövlətimizin xarici siyasət strategiyasında mühüm yer tutur. Azərbaycan–NATO əməkdaşlığından danışarkən təbii ki, Azərbaycan-Türkiyə münasibətlərini xüsusi vurğula­maq lazımdır. Çunki Azərbaycanın NATO-ya inteqrasiya prosesində, regional təhlükəsizliyə və qlobal sülhə töhfəsində Türkiyə dövləti xüsusi rol oynayır.

1949-cu ildə yarandığı vaxt­dan NATO-nun əsas məqsədi bütün üzv ölkələrin siyasi və hərbi vasitələrlə müdafiəsidir. Zamanla, şəraitdən asılı olaraq, təşkilatın strategiyalarında müəyyən dəyişikliklər olub. Təşkilat ənənəvi təhdidlər, terrorizm və digər məsələlərə qarşı mübarizədə əməkdaşlığını genişləndirərək NATO üzvü olmayan ölkələrlə də hərbi-strateji münasibətlər qurub. Hazırda qarşılıqlı anlaş­maya əsaslanan bu əməkdaşlığı genişləndirir. Təbii ki, bu addımlar yeni müstəqil ölkələrin dərhal təşkilata üzv olacağı anlamı­na gəlmir. NATO-ya üzv olmaq çoxmərhələli və mürəkkəb bir prosesdir.

Hərbi-siyasi təşkilat olaraq NATO bütün dünyada, o cümlədən keçmiş sovet coğrafiyasında mübahisələrin həlli prosesində də aktiv rol oynayır. Dünyanın yeni düzəni, yeni şərtlər NATO üçün sülh və sabitlik yolunda keçmiş rəqibləri, Aralıq dənizi ölkələri və digər Avropa ölkələri ilə dialoq, qarşılıqlı etimad və əməkdaşlığa əsaslanan struk­turların qurulması üçün imkanlar yaradıb. Azərbaycan da 1992-ci ilin martında bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yara­dılmış məşvərətçi forumuna – Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub. Respublika­mızla NATO arasında məzmunlu tərəfdaşlığın əsası isə 1994-cü il mayın 4-də Brüssel Zirvəsində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanma­sı ilə qoyulub. Proqramın əsas məqsədi sabitliyin qorunmasıdır. Çərçivə sənədilə tərəfdaş dövlətlər və NATO arasında müdafiə, təhdidlərin məhdudlaşdırılması və təhlükəsizlik məsələlərinə dair xüsusi əməkdaşlıq əlaqələri inki­şaf etdirilir. Bu proqrama qoşulan dövlətlər silahlı qüvvələr üzərində demokratik nəzarətə nail olmaq üçün milli hərbi planlaşdırma və hərbi büdcə, NATO ilə sülh və əməkdaşlıq prosesində şəffaflığın artırılmasına töhfə verirlər. Huma­nitar əməliyyatlarda birgə iştirak üçün öhdəlik götürürlər.

Təşkilata üzv olmayan dövlətlərlə əməkdaşlığın əsaslarını ehtiva edən bu sənədi imzalayan dövlətlər öz imkan­larına və məqsədlərinə uyğun olaraq Tərəfdaşlıq proqramı çərçivəsində fəaliyyət sahələrini seçirlər. Avroatlantik Əməkdaşlıq Şurasında Tərəfdaş dövlətlərlə davamlı danışıqlar aparılır, eyni zamanda, Şimali Atlantika Şura­sı ilə əlaqələr inkişaf etdirilir. Bu iki vacib əməkdaşlıq mexanizmi Avroatlantik təhlükəsizlik quruluşu­nun əsasını təşkil edir.

Respublikamızın 1994-cü ildə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramı­na, 1996-cı ildə Planlaşdırma və Təhlil Prosesinə və 2005-ci ildə Fərdi Tərəfdaşlıq Əməliyyat Planı Proqramına qoşulması ilə qabaqcıl təcrübənin öyrənilməsi, NATO-ya üzv və tərəfdaş ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması istiqamətində geniş imkanlar yaranıb. Xüsusi qeyd edilməlidir ki, NATO-nun baş katibi Havyer Solonanın 1997-ci ildə Azərbaycana səfəri zama­nı Prezident Heydər Əliyevlə görüşündən sonra Təhlükəsizlik sahəsində əməkdaşlıq səviyyəsi yeni mərhələyə qaldırıldı. Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin NATO standartlarında yenidən təşkili siyasətini həyata keçirən Azərbaycan həmin ildən Təşkilatın Planlaşdırma və Təhlil Prosesi proqramında fəal iştirak edir. Hazırda Azərbaycan Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində NATO ilə geniş əməkdaşlıq edir.

Mövcud olduğu geosiyasi region və bu bölgədə yaratdığı yeni reallıq ölkəmizi bütün imkan­lardan istifadə edərək beynəlxalq əlaqələrini genişləndirməyə, müstəqilliyinə və ərazi bütövlüyünə təhdidlərə xüsusi diqqət yetirməyə vadar edir. Bu münasibətlər arasında xüsusi çəkiyə və əhəmiyyətə malik olan NATO ilə əməkdaşlığın inkişafı mühümdür. Avroatlantik məkanda qeyri-sabitliyin, qarşıdurmaların və təhdidlərin aradan qaldırılması, beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya kimi amillər NATO ilə əməkdaşlığın genişləndirilməsini zəruri edir.

NATO-nun Azıərbaycanla əməkdaşlıqda maraqlarına gəlincə, Azərbaycan hər şeydən əvvəl böyük strateji əhəmiyyətə malik bölgədə yerləşir. NATO baş katibi Jap de Hoopun çıxışların­dan birində bölgənin, o cümlədən Azərbaycanın təşkilat üçün əhəmiyyəti aydın şəkildə ifadə olunur: “Qafqaz və Orta Asiyadakı tərəfdaşlarımızla yeni əlaqələri in­kişaf etdirməyimiz vacibdir. Hər iki bölgə böyük geosiyasi əhəmiyyətə malikdir və eyni zamanda keçid dövründən əziyyət çəkir. NATO onlara çox şey təklif edə bilər. Məhz bunun üçün bu iki bölgədəki tərəfdaşlarımızla əməkdaşlıq edirik. Bu gün inkişaf etməkdə olan Azərbaycan Qafqaz regionu­na və NATO-nun gələcəyinə öz töhfəsini verəcəkdir”. Düşünürəm ki, şərhə ehtiyac yoxdur. “Koo­perativ Best Effort-2004” səhra təlimlərinin, 2005-ci il iyunun 23-də NATO-nun “İnteqrasiya edilmiş sərhəd idarəçiliyinin islahatı: Avroatlantik Tərəfdaşlıq Şurası çərçivəsində birgə sərhəd təhlükəsizliyi standartlarının yaradılması” mövzusunda se­minarının Bakıda keçirilməsi də təşkilatın Azərbaycanla əməkdaşlığa verdiyi əhəmiyyətin sübutudur. Azərbaycan NATO əməkdaşlığı təşkilatın Yaxın Şərqə doğru genişlənmə planında da əhəmiyyətli bir nöqtə ola bilər.

Azərbaycan Avropa və Avro­atlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırımlısında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğ­rafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Hər il sözügedən proqram çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin zabitləri 500-ə qədər təlim və seminarda iştirak edirlər. Hazırda Azərbaycan Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzinin nəzdində “Sülh Naminə Tərəfdaşlıq” mərkəzi fəaliyyət göstərir. Onu da qeyd edək ki, 2003-cü ildən etibarən NATO Bakıdakı yay məktəbinin maliyyələşdirilməsində iştirak edir. İldən-ilə proqramla­rın əhatə dairəsi genişlənmiş və 2005-ci ildə Azərbaycanda NATO-nun Beynəlxalq məktəbi yaradıl­mışdır.

Silahlı Qüvvələr üzərində tam demokratik nəzarətin yaradılması, müdafiə tədbirlərinin formalaşdı­rılması, o cümlədən, NATO-nun norma və standartlarına uyğun olaraq bütün silahlı qüvvələrin təşkilati strukturunun yaradılması Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı­nın əsas sahələridir.

Dünya reytinq sıralamaları­na əsaslanaraq deyə bilərik ki, Azərbaycan Respublikası NATO-nun tərəfdaş dövlət olaraq ən güclü ordularından birinə malikdir. Azərbaycan iqtisadi qüdrətinə paralel olaraq NATO, o cümlədən, bu təşkilatın əsas üzvlərindən olan Türkiyə ilə ikitərəfli hərbi əlaqələri inkişaf etdirir. Azərbaycanın NATO ilə əlaqələrinin inkişafı Türkiyənin xarici siyasəti və təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Digər tərəfdən, Türkiyə Orta Asiya və Qafqaz dövlətlərinin Avratlantik Əməkdaşlıq Şurasında və Sülh Naminə Tərəfdaşlıq Proqramında iştirakını dəstəkləyir. Ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində inkişa­fında milli maraqlar mühüm rol oynayır. Türkiyə bu gün Qaf­qazın ən əhəmiyyətli və aktiv geosiyasi güclərindən biridir və bölgədə sülhün, təhlükəsizliyin təmin edilməsi üçün çalışır. Azərbaycan Türkiyənin Qafqaz­dakı ən əhəmiyyətli tərəfdaşıdır. Xüsusilə, Şuşa Bəyannaməsi ilə bu münasibətlər daha yüksək mərhələyə yüksəlib.

Azərbaycanla Türkiyə arasında hərbi məsələlərdə əməkdaşlıq təkcə, Azərbaycan Ordusunun güclənməsi üçün deyil, həm də bölgədə sülhün və təhlükəsizliyin bərqərar olması üçün zəruri və əhəmiyyətlidir. İki qardaş ölkə ara­sında ikitərəfli hərbi əməkdaşlığın inkişafına dair imzalanmış sənədlərə uyğun olaraq Türkiyə müdafiə sənayesinin inkişafı, hərbi mütəxəssislərin hazırlanma­sında Azərbaycana dəstək olur. Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi müqavilələr, birgə əməkdaşlığın hüquqi əsasını təşkil edir. Azərbaycanın NATO-ya inteqrasiyasını asanlaşdırmaq məqsədi ilə hərbi əməkdaşlıq müqavilələrinə əsaslanaraq, Türkiyə Silahlı Qüvvələri Azərbaycanda hərbi təlim sistemi­nin qurulmasında fəal iştirak edir. Bu gün Türkiyənin müxtəlif hərbi liseylərində, və akademiyalarında Azərbaycan hərbçiləri yüksək təhsil alır, peşəkar zabitlər hazır­lanır. Həmçinin, Azərbaycan Or­dusunu zabit ehtiyacını qarşılayan ən önəmli təhsil müəsəsələrindən biri olan Bakı Ali Hərbi Məktəbi Türkiyənin iştirakı və köməyilə NATO standartlarına uyğunlaşdı­rılır. Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində minlərlə azərbaycanlı zabit hazırlanıb. Bu gün də hərbi təhsil sahəsində inteqrasiya uğurla davam et­dirilir. Türkiyə Silahlı Qüvvələri Azərbaycanın NATO ilə birgə iş potensialının inkişaf etdirilməsi, Avroatlantik məkana inteqrasiya­sı məsələsində də əməkdaşlığa mühüm töhfələr verir.

Azərbaycan NATO əməkdaşlığı çərçivəsində türk qoşunları ilə birlikdə beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına da töhfə verir. Bu istiqamətdə, sülhməramlı əməliyyatlarda azərbaycanlı hərbçilərin peşəkarlığı xüsusilə qeyd edilməlidir. Azərbaycan Ordusunun sülhməramlı kon­tingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir. Rəsmi faktlara istinadən qeyd edək ki, 1999-cu ildən müxtəlif regionlarda keçirilən sülhməramlı əməliyyatlara Azərbaycan Ordusu­nun 3000-dən artıq hərbi qulluqçu­su qatılıb.

2010-cu il sentyabrın 15-də imzalanmış “Azərbaycan Res­publikası və Türkiyə Respubli­kası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə” Azərbaycan, Türkiyə hərbi əlaqələrinin inkişafında yeni mərhələnin əsasını qoyub. Bu müqavilə ilə Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Stra­teji Əməkdaşlıq Şurası yaradılıb. Bu sənəd faktiki olaraq iki qardaş ölkənin hərbi ittifaq müqaviləsi olaraq da dəyərləndirilə bilər.

İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin plan­laşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşma­sı imkanlarının öyrənilməsi, həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir. Təkcə 2020-ci ildə Azərbaycan və Türkiyə orduları 20-yə ya­xın birgə təlim həyata keçirib. Qarabağ zəfərindən sonra bu ilin ilk təlimlərinin Qarsda real­laşması əməkdaşlığın dinamik inkişafını göstərir. Xatırladaq ki, Qars müqaviləsinə görə Türkiyə Naxçıvanın təhlükəszliyinə təminat verən ölkədir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu­nun təlimləri, Şuşa Bəyannaməsi Cənubi Qafqazda strateji güc balansı və təhlükəsizliyin təminatı üçün Türkiyənin hərbi iştirakının vacib olduğunu ortaya qoyur. Bu günlərdə Qarabağ bölgəsinin La­çın rayonunda keçirilən birgə hərbi təlimlər də Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının perspektivini ifadə edir.

Azərbaycan ordusunun təkmilləşdirilməsi Türkiyənin hərbi təhlükəsizlik siyasətinin bir hissəsidir. Bu istiqamətdə araşdırmalar aparmaq üçün Türkiyə NATO-nun imkanlarından maksimum istifadə etmək üçün Azərbaycana əlavə imkanlar da təklif edir. İstər NATO-nun müəyyən proqramları, istərsə də Sülh Naminə Tərəfdaşlıq və ya Hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilən fəaliyyətlərlə hər iki ölkə hərbi-siyasi əməkdaşlığını gücləndirir.

Azərbaycan ilə Türkiyə ara­sında təhlükəsizlik sahəsində əlaqələrin vacib istiqamətlərindən biri də bölgədə həyata keçirilən enerji layihələrin təhlükəsizliyinin təmin edilməsidir. İstər NATO çərçivəsində, istərsə də ikitərəfli Türkiyə Azərbaycan hərbi əlaqələrindən danışarkən regional münasibətlər nəzərə alınmalı­dır. Cənubi Qafqaz həm Rusiya, həm də Türkiyə üçün strateji əhəmiyyətə malik bir bölgədir. NATO üzvü kimi ciddi bir güc olan Türkiyənin Cənubi Qafqaz siyasəti bir sıra prinsiplərə söykənir. Regional əməkdaşlığı və sabitliyi gücləndirmək, iqtisadi və siyasi müstəqilliklərinin artmasında Azərbaycan və Gürcüstana dəstək olmaq Türkiyənin siyasi prinsipləri arasındadır. Digər tərəfdən, SSRİ-nin dağılmasından sonra Qafqaz, xüsusən də Azərbaycan, həmçinin Mərkəzi Asiya dövlətləri ilə möhkəm əlaqələr Türkiyənin prioritet hədəflərindəndir. Bu, Türkiyəni birinci olaraq ABŞ və Aİ ilə, ikincisi isə Rusiya ilə uyğun siyasət yürütməyə sövq edir. Gürcüstan və Azərbaycan Orta Asiya arasında Türkiyə ilə quru əlaqəsinin təmin edilməsində kör­pü rolunu oynayır. Burada önəmli məqamlardan biri, Azərbaycanın bölgədə yaratdığı yeni reallığa əsaslanaraq Zəngəzur dəhlizinin açılması məsələsidir. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanla bir­başa quru yolun bərpası Türkiyəni hədəflərinə aparan yol, türk dün­yasına açılan qapıdır.

Gürcüstanın Türkiyəni va­cib müttəfiq kimi qəbul etməsi də Azərbaycan–Gürcüstan münasibətlərinə əhəmiyyətli dərəcədə töhfə verir, NATO çərçivəsində və ikitərəfli format­da davamlı inkişafı zəruri edir. Türkiyə Azərbaycan və Gürcüs­tan üçlüyünün hər birinin ABŞ-la münasibətləri çox normaldır. ABŞ-ın Qafqazdakı mövqeyi, xüsusilə Gürcüstanla münasibətləri Rusi­yanın bölgədəki səylərini daha da gücləndirməyə vadar edir. Çünki Gürcüstan NATO-ya üzv olmaq istəyini açıq şəkildə bildirir. Türkiyə bəzən Rusiya–ABŞ rəqabətində balanslaşdırıcı amil rolunu oyna­yır. Azərbaycan da Rusiya, Qərb və ABŞ ilə balanslı siyasət aparır. Bu nöqtədə mübaliğəsiz deyə bilərik ki, Türkiyə ilə Azərbaycan hərbi əməkdaşlığı Qafqazda sabitliyin və təhlükəsizliyin qo­runmasında mühüm rola malikdir. Ümumiyyətlə, Cənubi Qafqaz Şərqlə Qərb arasında əhəmiyyətli bir qapı və enerji dəhlizidir.

NATO-ya inteqrasiya çərçivəsində Azərbaycan üçün hərbi islahatların sürətləndirilməsində Türkiyənin xüsusi rolu var. Hər iki ölkənin dövləti bu əməkdaşlığı daha yüksək səviyyələrə qaldırmaq əzmindədir.

Türkiyə çox ciddi hərbi po­tensiala və müdafiə sənayesi potensialına malikdir. II Qarabağ müharibəsində bütün dünya Türkiyə hərbi sənayesinin istehsalı olan pilotsuz uçuş aparatlarının gücünü gördü. İki ölkə arasın­da əməkdaşlıq Azərbaycanda müdafiə sənayesi sahəsində möv­cud strukturlarında birgə istehsalın reallaşmasına zəmin yaradır. Belə əməkdaşlıq Azərbaycan hərbi qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması prosesində ciddi addımlar sayıla bilər. Digər tərəfdən, bu, iki dövlət arasın­da hərbi əməkdaşlıq regional təhlükəsizliyə töhfə verir.

II Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsilə Cənubi Qafqazda yaranan yeni geopolitik mənzərənin təhlili iki qardaş dövlətin hərbi əməkdaşlığının rolunu və əhəmiyyətini bir daha ortaya qoyur. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasındakı hərbi münasibətlərin əməkdaşlıq və müttəfiqlik yeni mərhələyə qədəm qoyur. Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən işğaldan azad olunmuş Qarabağ­da Türkiyənin Azərbaycanla birgə təlimlərinin keçirilməsi regional təhlükəsizlik prizmasından siyasi mesajdır.

Azərbaycan və Türkiyə qardaş və müttəfiq ölkələrdir. İstər ikitərəfli, istərsə də NATO çərçivəsində hərbi əməkdaşlığın davamlı inkişafı bu ittifaqın ay­rılmaz yoludur. Yolumuz uğurlu olsun!

Leyla RƏŞID, “Xalq qəzeti”

16 Sentyabr 2021 09:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə