Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Haqqa, ədalətə söykənən islahatlar

 

 

Ölkəmizdə prokurorluq orqanlarının yaradılmasından 103 il keçir. Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılan milli prokurorluq şanlı tarixə malik inkişaf yolu keçmişdir. Xalqına və dövlətinə xidmət missiyasını sədaqətlə həyata keçirən, müstəqillik illərində çevik, sivil bir orqan kimi formalaşmış bu mühüm dövlət təsisatının ölkəmizin hüquq sistemində mövqeyi, rolu və nüfuzu daha da yüksəlmişdir

Qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunmasına əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan prokurorluq orqanlarının dünya standartlarına uyğun fəaliyyəti ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər hakimiyyətdə olduğu hər iki dövrdə prokurorluq orqanlarının fəaliyyətini daim diqqət mərkəzində saxlamış, haqqın, ədalətin zəfər çalmasına önəm vermişdir. Prokurorluq orqanları­nın əməkdaşlarının bütöv bir nəsli Heydər Əliyev ideyalarından və onun dövlətçilik siyasətindən bəhrələnərək, ölkədə qanunçuluğun təmin edilməsinə, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına sanballı töhfələr verirlər.

Ümummilli lider 1998-ci il noyabrın 28-də prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqda söylədiyi tarixi nitqində demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma, eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız.” Müdrik rəhbərin bu qiymətli kəlamı hər bir prokurorluq işçisinin gündəlik fəaliyyət şüarına çevrilmişdir.

Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində 1999-cu ilin dekabr ayında qəbul edilmiş “Pro­kurorluq haqqında” Azərbaycan Respublikası Qanununda prokurorluğun fəaliyyətinin demokratik prinsiplərə uyğunlaşdırılması, bu təsisatın sistemi və təşkili, səlahiyyətləri və vəzifələri, kadr təminatı və işçilərin fəaliyyəti, sosial müdafiəsi ilə bağlı digər məsələlər beynəlxalq standartlara uyğun tənzim edilmişdir.

Müdrik rəhbərin respublika prokurorluğunun rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi görüş hər birimizin yaxşı yadındadır. Bu görüş pro­kurorluq orqanlarının tarixində həlledici əhəmiyyətə və əsl dönüşə səbəb olmuşdur. O vaxtdan baş­layaraq aparılan hərtərəfli islahatlar nəticəsində prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, zəruri normativ-hüquqi bazanın yaradılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi, dövlətçiliyin və milli maraqların etibarlı şəkildə qorunması, cinayətkarlara qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işi ən yüksək tələblər səviyyəsinə çatdı­rılmışdır.

Prokurorluğun fəaliyyətini tənzimləyən yeni qanunvericilik aktı qəbul olunduqdan sonra onun strukturundakı fəaliyyəti bu təsisatın yeni vəzifə və funksiyalarla uzlaşmayan səmərəsiz qurumlar ləğv edilmişdir.

Prokurorluq orqanlarının strukturu və fəaliyyəti təkmilləşdirilərək, onun istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra­sına nəzarət, məhkəmələrdə dövlət ittihamının müdafiəsini və cinayət işlərinin istintaqını həyata keçirən, həmçinin digər sahələr üzrə müva­fiq vəzifələri icra edən qurumlar yenidən təşkil edilmiş, onların fəaliyyət dairəsi və vəzifələrini müəyyənləşdirən əsasnamələr qəbul edilmişdir.

Ümummilli liderin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Prokuorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin icraya yönəldilməsi prokurorluq orqanlarında aparılan is­lahatların ən böyük uğurlarından biri olmaqla, kadr tərkibinin yenidən formalaşdırılması kimi mühüm işin əsasını qoymuşdur.

Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsinin nəticəsində pro­kurorluğun kadr tərkibi hərtərəfli dünyagörüşə, dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər, dövlətçilik ideyalarına sadiq gənc hüquqşünaslar hesabına mütəmadi qaydada yeniləşdirilir.

Aparılan kadr siyasətində ulu öndərin aforizmə çevrilmiş kəlamı: “Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olma­lıdır. Əgər, bu, yoxdursa, o insan nə qədər yaxşı işləyirsə-işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələbimiz isə qanundur, qanu­nunun aliliyidir” – əsas meyar olmuşdur.

Dövlət səviyyəsində prokurorluğun rolunun artırılması istiqamətində müvafiq tədbirlər görül­müş, 2002-ci il avqustun 24-də keçirilmiş ümum­xalq səsverməsi (referendum) yolu ilə prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmiş, hüquq sisteminin təkmilləşdirilməsində və inkişafında bu təsisatın rolu artırılmışdır.

Ulu öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini yeni dövrün tələblərinə uyğun davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 18 ildə ölkədə in­san və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində ardıcıl, kompleks tədbirlər həyata keçirilmişdir. Prokurorluq orqanları qısa müddətdə dövlət ittihamının tam demokratik, şəffaf, azad şəkildə həyata keçirildiyi, cəmiyyətdə yüksək eti­mad qazandığı ali instansiyaya çevrilmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin 3 mart 2004-cü il tarixli sərəncamı ilə Respublika Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yaradılması prokurorluğa göstərilən yüksək etima­dın təzahürü olmaqla yanaşı, onun strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş, korrup­siyaya qarşı mübarizənin gücləndirilməsində və bu sahədə işin səmərəli təşkilində əhəmiyyətli rol oynamışdır.

Prokurorluğun müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malik olmuş­dur. Proqramın icrası ilə əlaqədar prokurorluğun fəaliyyəti müasir dövrün tələblərinə uyğun olaraq keyfiyyətcə yeni mərhələyə yüksəlmiş, prokurorluq sistemi və strukturu daha da təkmilləşdirilmişdir.

Prokurorluğun digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyəti nəticəsində kriminogen durumun daha da stabilləşməsinə nail olunmuş, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirlmişdir.

İnformasiya-kommunikasiya texnologiya­larından istifadə edilməsinə və elektron sənəd dövriyyəsinə keçidlə bağlı məsələlərə xüsusi önəm verilir. Prokurorluq orqanlarında görülən təşkilati və digər işlər elekrton sənəd dövriyyəsinin prinsip və tələblərinə uyğunluğu baxımından daha da təkmilləşdirilmiş və səmərəli şəkildə qurulmuşdur.

Dövlətin həyata keçirdiyi sosialyönüm­lü siyasətə uyğun olaraq prokurorluq orqan­larında əhalinin müraciətlərinə həssas və qayğılı münasibət göstərilir, vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşı­lır. Vətəndaşların müraciət etmək imkanla­rının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf olunma­sı, müraciətlərdə qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə İKT-dən istifadə edilməsi istiqamətində məlumatların ənənəvi kağız forması ilə yanaşı, elektron formatda aparılması və digər səmərələşdirici tədbirlər həyata keçirilir.

Ölkə prokurorluğu bir əsrdən artıq tarixə malik olsa da, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkədə hakimiyyətə qayğı­sı və diqqəti nəticəsində onun imzaladığı 17 iyul 1998-ci il tarixli sərəncama əsasən, hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur.

Peşə bayramı gününün təsis edilməsi prokuror­luğa böyük qayğının ifadəsi olmaqla yanaşı, həm də, prokurorluq əməkdaşlarının fəaliyyətlərinin layiqincə qiymtələndirilməsinin təzahürüdür. Proku­rorluq işçiləri builki peşə bayramını 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə coşqusu ilə, fəxarətlə, qürurla qeyd edirlər. Əldə etdiyimiz tarixi qələbə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordu­sunun şücaəti və qəhrəmanlığı, öz doğma Vətəninə olan tükənməz sevgisi sayəsində mümkün oldu. Azərbaycan qızıl hərflərlə müasir hərb tariximizin ən parlaq səhifəsini yazdı. Yeni əsrin yeni müharibə modelini dünyaya təqdim etdi.

Hazırda Qarabağda tikinti-quruculuq işləri bö­yük vüsətlə həyata keçirilir. Artıq Füzuli Beynəlxalq Hava Limanının tikintisi başa çatdırılıb və ilk uçuş həyata keçirilib. Şuşa şəhəri əsaslı şəkildə yenidən qurulur. Ölkəmizin mədəniyyət paytaxtı kimi Şuşa şəhəri beynəlxalq səviyyəli görüşlərə, tədbirlərə ev sahibliyi edir. “Zəfər yolu”nun çəkilişi yekunlaşmaq üzrədir. Tezliklə insanlar doğma yurdlarına qayıda­raq qurub-yaradacaq və Qarabağda həyat yenidən canlanacaqdır.

Qazanılan şanlı Qələbə, ölkə həyatının bü­tün sahələrində əldə edilən uğurlar, irimiqyaslı və qlobal əhəmiyyətə malik prioritet və hədəflər prokurorluq işçilərinin qarşısına yeni, daha mü­hüm vəzifə və öhdəliklər qoymaqla hər birimizdən yüksək məsuliyyət və peşəkarlıqla fəaliyyət göstərməyi tələb edir. Lerik rayonunun prokuror­luq işçiləri də cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasında, insan hüquq və azadlıqlarının müdafiəsində, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunmasında, yeni uğurların qazanılmasında bundan sonra da əzmlə, yüksək peşəkarlıqla çalışacaqlar.

Akif RZAYEV,

 Lerik rayon prokuroru,

baş ədliyyə müşaviri

 

16 Sentyabr 2021 00:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə