Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tahir Budaqov: Azərbaycan və Türkiyənin mənəvi-siyasi birliyi bütün dünyaya nümunədir

 

Dünyada Azərbaycan ilə Türkiyə qədər bir-birinə yaxın ölkələr yoxdur. Milli dəyərlər və tarixi ənənələr üzərində təşəkkül tapmış bu qardaşlıq münasibətləri bənzəri ol­mayan birlik və həmrəylik nümunəsidir. 1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunması da ortaq şanlı tariximizin qü­rurverici səhifələrindən biridir. Ümumiyyətlə, 15 sentyabr tarixi Azərbaycan xalqı üçün çox əlamətdar bir gündür. 103 il bundan əvvəl Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin ordusu ilə birlikdə Bakı şəhərini bolşevik-daş­nak işğalından azad ediblər. Bundan iki gün sonra isə Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakı şəhərinə köçürülməsi tariximizdə böyük hadisədir. Bu hadisə göstərdi ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dərin tarixi köklərə əsaslanır. “Türk şəhidliyi” abidəsini ziyarət etmək, şəhidlərin əziz xatirəsinə ehtiram göstərmək bizim mənəvi bor­cumuzdur. Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 103-cü ildönümü münasibətilə bütün xalqımızı təbrik edirəm.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Bu­daqov ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların nümayəndələrinin “Türk şəhidliyi” abidəsini ziyarəti zamanı jurnalistlərə açıqla­masında deyib.

Bakının işğaldan azad edilməsində 1130 türk əsgərinin şəhid olduğunu vur­ğulayan Tahir Budaqov bildi­rib: “Ümumilikdə, Azərbaycan ərazisində o zaman daş­nak-bolşevik qüvvələri ilə döyüşlərdə 5 mindən çox türk əsgəri öz canını qurban verib. Bu fədakarlıq Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub və biz hər zaman türk şəhidlərinin xatirəsini uca tuturuq. Bütövlükdə, 1918-ci il sentyabrın 15-də Bakının erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunması da ortaq şanlı tariximizin qürurverici səhifələrindən biridir. Xalq Cümhuriyyətinin hökuməti tərəfindən 1919-cu ildə bu ərazidə “Türk şəhidliyi” abidəsinin bünövrəsi qoyulsa da, 1920-ci ilin aprel ayında bolşevik işğalı nəticəsində Cümhuriyyətin süqutu bu işin başa çatdırılmasına imkan vermədi. Lakin Azərbaycan ikinci dəfə müstəqilliyini elan etdikdən sonra abidə ucal­dıldı. Bu abidə Azərbaycan-Türkiyə dostluq və qardaş­lığının bir rəmzidir. “Türk şəhidliyi” abidəsi xalqımız tərəfindən böyük hörmət və ehtiramla yad edilən məkana çevrilib”.

Tahir Budaqovun sözlərinə görə, 102 ildən sonra – İkinci Qarabağ müharibəsində Türkiyə dövləti və xalqı Azərbaycanın öz torpaqlarını erməni işğalından azad olunması­na güclü mənəvi və siyasi dəstək verdi. Türkiyə Vətən müharibəsində Azərbaycanla bir olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı qardaş dəstəyini hər zaman çox yüksək qiymətləndirir, “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan münasibətlərin inkişafından böyük məmnunluq ifadə edir.

Azərbaycan-Türkiyə münasibətlərinin bu gün strateji müttəfiqlik zirvəsinə yüksəldiyini bildirən YAP Sədrinin müavini qeyd edib: “Bir millətin iki dövləti olan Azərbaycan və Türkiyə ara­sında dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan çoxşaxəli, milli maraqlara cavab verən münasibətlər bu gün ən yüksək zirvədədir və heç vaxt indiki qədər möhkəm – güclü olmayıb. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri, qardaşlığı bü­tün sahələrdə əməkdaşlığa, görülən işlərə öz töhfəsini verməkdədir. İki ölkə başçısı­nın siyasi iradəsi tərəflər ara­sında iqtisadi, hərbi-texniki, mədəni-humanitar və digər istiqamətlərdə münasibətlərin dinamik inkişafını təmin edir.

Fəal siyasi dialoq şəraitində iqtisadi əlaqələrin genişlənməsi iki ölkənin milli maraqlarına xidmət edən mü­hüm strateji amildir. Türkiyə Azərbaycanın əhəmiyyətli ticarət tərəfdaşıdır, ölkəmizin xarici ticarət dövriyyəsində və ixracında, eləcə də idxal əməliyyatlarında mühüm yer tutur. Bununla yanaşı, qarşılıqlı investisiya qoyu­luşu iqtisadi münasibətlərin səmərəliliyini artırır. Digər tərəfdən, Azərbaycan-Türkiyə münasibətlərində hərbi-texniki əməkdaşlıq da vacib istiqamətlərdən biridir. Xüsusilə də müdafiə sənayesi sahəsində intensiv əlaqələrin və işbirliyinin yaradılması stra­teji önəm daşıyır. Bütövlükdə isə, iki ölkənin hərbi-strateji əməkdaşlığı bölgədə sülh və təhlükəsizliyin təmin olun­ması baxımından olduqca əhəmiyyətlidir.

Cari il iyunun 16-da Şuşa Bəyannaməsinin imzalan­ması isə tarixi hadisə kimi müttəfiqlik münasibətlərinin yeni səviyyəyə yüksəlməsini şərtləndirib. Şuşa Bəyannaməsinin imzalan­masından sonra görülən işlər göz önündədir. Bu gün Azərbaycanın güclü və müzəffər ordusu var. Prezi­dent, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumu­zun daha da gücləndirilməsi işi davam etdirilir. Türkiyə bu məsələdə öz dəstəyini göstərir.

Son zamanlar keçirilən birgə hərbi təlimlər də bunu nümayiş etdirir. Həmçinin Türkiyə şirkətləri işğaldan azad olunmuş ərazilərimizin bərpasında da yaxından iştirak edir. Bütövlükdə, Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin icra edilməsi ilə faktiki olaraq Azərbaycanla Türkiyə Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Yeni reallıqlar regionda təhlükəsizliyin təmin olunma­sına, əməkdaşlığa və inkişafa xidmət edir”.

Tahir Budaqov yeni mərhələdə Azərbaycan və Türkiyənin strateji təşəbbüslərinin regional inkişafa və təhlükəsizliyə xidmət etdiyini diqqətə çatdırıb. “Postkonflikt mərhələsində Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bölgədə sülh və təhlükəsizlik mühitinin möhkəmlənməsinə, çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək. Bu isə tərəqqi və rifah vəd edir”, – deyən Tahir Budaqov əlavə edib ki, Azərbaycan və Türkiyənin mənəvi-siyasi birli­yi bütün dünyaya nümunədir.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri iki ölkənin hakim partiyaları arasında münasibətlərin inkişafının da müstəsna əhəmiyyət daşıdığını vurğu­layıb. O bildirib ki, YAP-AK Parti əlaqələrinin intensiv xa­rakter daşıması Azərbaycan-Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfədir. T.Budaqov vurğulayıb: “Ümumiyyətlə, Azərbaycan-Türkiyə münasibətləri yalnız dövlətlər arasında deyil, iki ölkənin hakim partiyası – Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Parti­yası (AK Parti) arasında əlaqələr də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Biz siyasi partiyalar olaraq dövlət başçılarının qardaş­lıq münasibətlərini örnək götürərək əlaqələrimizi daha da gücləndirməyi, inkişaf etdirməyi qarşıya məqsəd qoymuşuq. Bu ilin iyun ayında mənim rəhbərliyimlə Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti AK Parti­nin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib, eyni zamanda, tarixdə ilk dəfə olaraq iki partiya arasında Əməkdaşlıq Protokolu imzalanıb. Səfər zamanı nümayəndə heyətimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.

Bu səfər çox səmərəli olub və bizim qarşılıqlı münasibətlərimiz, gələcək əməkdaşlığımız üçün güclü hüquqi, institusional baza formalaşdırıb, siyasi əlaqələrin perspektiv inki­şafı üçün dönüş nöqtəsi olub. İyul ayında isə AK Parti sədrinin birinci müavini Numan Kurtulmuşun baş­çılığı ilə geniş nümayəndə heyəti ölkəmizə səfər etdi. AK Partinin nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunub. Bundan sonra bizim birgə fəaliyyətimizin dəqiq konturları müəyyən edilib.

Eyni zamanda, bu fəaliyyət yalnız siyasi partiya­ları əhatə etməyəcək, eləcə də ölkələrimizin vətəndaş cəmiyyəti institutları, müxtəlif ictimai-siyasi təsisatları ara­sında, beynəlxalq platforma­larda əməkdaşlığı da özündə ehtiva edəcək. Gələcəkdə bu istiqamətlərdə işlərimiz davam edəcək”.

“Xalq qəzeti”

15 Sentyabr 2021 22:29 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə