Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“44 gün” kitabının Gədəbəydə təqdimatı keçirilib

Bu kitab Özbəkistanda çap olunmuş, təqdimatı Gədəbəydə keçirilmişdir. Yəqin adından da hiss etdiniz ki, kitab Vətən müharibəsindəki tarixi Qələbəmizə həsr olunub. Müəllifi Özbəkistanda və onun hüdudlarından kənarda tanınmış şairə, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəmovadır.

Gədəbəy Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində pro­fessor Rəşid Mahmudov, Milli QHT Forumu idarə heyətinin üzvü, türkoloq Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Ya­şar və digər tanınmış simalar iştirak etmişlər.

Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayev tədbirdə çıxış edərək demiş­dir ki, 44 rəqəmi xalqımız üçün tarixi, unudulmaz bir rəqəmdir. Biz bu 44 gündə Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı erməni qəsbkarlarının işğa­lından azad etmişik. Bu 44 gün bütün dünyaya səs sal­mış, xalqımızın, ordumuzun gücünü, iradəsini, haqq işini nümayiş etdirmişdir. Savaş gedən günlərin hər biri bizim üçün böyük tarixdir.

Sonra Gədəbəy haqqın­da hazırlanmış videoçarx nümayiş etdirilmişdir.

Tədbirdə çıxış edənlər demişlər ki, qardaş özbək xalqının tanınmış yazıçısının Vətən müharibəsinə həsr etdiyi bu kitabın təqdimatının Gədəbəydə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, qardaş ölkələrin həmrəyliyinin daha bir parlaq nümunəsidir.

Təqdimat mərasimində Xasiyyət Rüstəmova çıxış edərək bildirmişdir ki, ilk dəfə bu torpağa qədəm qoydu­ğuna baxmayaraq, onun insanlarının qonaqpərvərliyi, səmimiyyəti, Vətən sevgi­si məni hədsiz sevindirdi, məmnun etdi və sözün əsl mənasında, heyrətləndirdi. Qarabağın sizin üçün nə olduğunu bir daha anladım və bu Vətən sevgisini sizləri tanıyandan sonra daha çox hiss etdim.

Sonda tədbirə yekun vuran İbrahim Mustafayev rayon icra hakimiyyətinin hədiyyələrini özbəkistanlı şairəyə təqdim etmişdir.

Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri

 

15 Sentyabr 2021 01:06 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə