Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya mətbuatında Qarabağda bərpa və quruculuq işlərindən bəhs edən məqalə dərc olunub

İtaliyanın “Notizie Geopolitiche” analitik portalında Roma Sapienza Universitetinin Avropa tarixi üzrə fəlsəfə doktoru Dariush Rahiminianın “Azərbaycan. Üçtərəfli bəyanatdan 300 gün sonra Qarabağda bərpa işləri” sərlövhəli məqaləsi dərc olunub.

Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumatda bildi­rilir ki, müəllif məqalədə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının bir qismi­nin ötən əsrin 90-cı illərində işğal olunmasından, ötən il Azərbaycan ordusunun zəfər yürüşü ilə işğal altın­dakı torpaqların azad edilməsindən və 2020-ci ilin 9 noyabrında im­zalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılmasından bəhs edir.

Qeyd edilir ki, Azərbaycan bu ərazilərdə bərpa, yenidənqurma və müharibədən sonrakı reinteqrasiya mərhələsinə başlayıb və bir milyon azərbaycanlı məcburi köçkünün öz yurdlarına qayıtması üçün ərazi minalardan təmizlənir. Bu xüsusda, ötən 300 gün ərzində atılmış mühüm addımlardan təfərrüatlı şəkildə bəhs edən müəllif ilk olaraq Qarabağ və Şərqi Zəngəzur bölgələrində 15 min hektardan çox ərazinin minalardan təmizləndiyini, üçtərəfli bəyanatın imzalanmasından sonra 160-a yaxın azərbaycanlı mülki şəxsin işğal dövründə Ermənistan tərəfindən basdırılmış minaların partlama­sı səbəbindən həlak olduğunu və hərbi əməliyyatların başa çatmasına baxmayaraq, Ermənistanın mina­lanmış ərazilərin xəritələrini təqdim etməkdən imtina etdiyini diqqətə çatdırır.

Digər mühüm addım kimi 2021-ci ilin 5 sentyabr tarixində işğaldan azad edilmiş ərazilərdə 7 ay ərzində tikilmiş birinci hava limanı olan Füzuli Beynəlxalq Hava Limanına Bakıdan "Azərbaycan Hava Yolları"na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsinin eniş etdiyini qeyd edən müəllif həmin gün, eyni zamanda "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisinin də Füzuli hava limanına eniş etdiyini və bu təyyarə ilə Qa­rabağa ilk dəfə hava yolu vasitəsilə yüklərin çatdırıldığını vurğulayır. Laçın və Zəngilanda da hava liman­larının inşa edildiyini bildirən müəllif bununla “Azərbaycan Hava Yolları”nın Qarabağ və Şərqi Zəngəzurda yeni həyat qurmaq istəyən məcburi köçkünlər üçün iş yerləri təklif edən ilk şirkətlərdən olduğunu qeyd edir.

İşğaldan azad edilmiş ərazilərdə avtomobil yollarının inşası ilə bağlı həyata keçirilən layihələrə diqqət çəkən müəllif bu istiqamətdə işlərin intensiv şəkildə davam etdiyini, 2,4 və 6 hərəkət zolağından ibarət Əhmədbəyli–Füzuli–Şuşa “Zəfər” yo­lunun, Şükürbəyli–Cəbrayıl–Hadrut, Xudafərin–Qubadlı–Laçın–Xanlıq–Qubadlı, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd, Bərdə–Ağdam,Toqanalı–Kəlbəcər–İstisu kimi yolların çəkildiyini, çətin relyefi nəzərə alaraq həmin yolların üzərində körpü və tunellərin də inşasının aparıldığını bildirir. Üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi, bölgənin iqtisadi cəhətdən inteqrasiyası üçün komp­leks bir dəmir yolu şəbəkəsinin qurul­maqda olduğunu vurğulayır.

Görülən işlər arasında şəhərsalma sahəsində aparılan fəaliyyətdən bəhs edən müəllif yerlə-yeksan edilmiş, "ruhlar şəhəri" və ya "Qafqazın Xiro­siması" kimi tanınan Ağdam şəhərinin baş planının artıq təsdiq edildiyini, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bir çox tarixi binaların və abidələrin, habelə "Xarıbülbül" və "Qarabağ" mehmanxanalarının bərpa edilərək istifadəyə verildiyini, şəhərdə yeni yaşayış kompleksinin, çoxsaylı bərpa və tikinti layihələrinin icrasına başlanıldığını bildirir.

Müəllif, Zəngilanda həyata keçirilən “Ağıllı kənd” layihəsinin 2022-ci ilin əvvəllərinə qədər ye­kunlaşacağını vurğulayır. Müəllif azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlərə başlanıldığını, bu xüsus­da Ağalıda "Ağıllı kənd" layihəsi çərçivəsində İsrail və İtaliya şirkətlərinin birgə əməkdaşlığı ilə hey­vandarlıq və südçülük müəssisələrinin qurulması istiqamətində iş aparıldığı­nı qeyd edir.

Məqalədə, həmçinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə 1376 tarixi abidə və arxeoloji əhəmiyyət daşıyan yerlərin müəyyən edildiyi, onların bərpası istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılır. Ərazilərin vaxtilə işğalı səbəbindən keçirilməsi dayandırılmış bəzi ənənəvi mədəni tədbirlərin də yenidən bərpa edildi­yini qeyd edən müəllif, bu xüsusda Şuşada “Xarıbülbül” Musiqi Festivalı və Vaqif Poeziya Günlərinin təntənəli şəkildə keçiridliyindən bəhs edir.

Azərbaycan hökumətinin azad edilmiş əraziləri yaşıl enerji zona­sı elan etdiyini bildirən müəllif bu xüsusda, İtaliyanın Ansaldo və Böyük Britaniyanın BP şirkətləri ilə bağlanıl­mış müqavilələrin bölgədə alternativ enerji mənbələri üçün əsas yaratdığı­nı vurğulayır.

Azərbaycanın qısa müddət ərzində böyük uğurlar əldə etdiyini bildirən müəllif məqaləsini bu fikirlərlə yekunlaşdırır: "Ermənistanın işğalı ilə 30 il ərzində faciəyə məruz qalan, viran olunan və sistematik məhv edilən torpaqlarda onların azad edilməsindən keçən cəmi 300 gün ərzində həyatın bərpası ilə bağlı Azərbaycanın əldə etdiyi mühüm nəticələr bu ərazilərin Azərbaycana məxsusluğunun bariz nümunəsidir".

Məqalə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://www.notiziegeopolitiche.net/azerbaijan-la-ricostruzione-del-karabakh-300-giorni-dopo-la-dichiarazione-tripartita/

“Xalq qəzeti”

15 Sentyabr 2021 01:03 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə