Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycandan qeyri-neft məhsulları alan ölkələrin sayı artır

 

 

Bu ilin ilk 7 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 337 milyon dollar olub. Dövriyyənin 11 milyard 39 milyon dollarını ixrac, 6 milyard 297 milyon dollarını isə idxal təşkil edib. Nəticədə həmin dövrdə 4 milyard 741 milyon dollarlıq müsbət saldo yaranıb.

Xarici ticarət dövriyyəsinin struktu­runun təhlili bir sıra məqamlara xü­susi yanaşmaya imkan verir. Qardaş Türkiyə Azərbaycanın xarici ticarət dövriyyəsində İtaliyadan sonra ikinci yerdədir. Sözügedən Avropa ölkəsinə əsasən enerji məhsulları ixrac etdiyi­mizi nəzərə alsaq, o zaman Türkiyənin mövqeyinin xüsusi əhəmiyyət daşıdı­ğını qeyd etmək olar. Ümumi ticarət dövriyyəsinin 13,5 faizi Türkiyənin payına düşür. Bu isə ilin yalnız ilk 7 ayında iki qardaş ölkə arasında ticarət dövriyyəsinin 2 milyard 340 milyon dol­lar olması anlamına gəlir.

Qardaş ölkə ilə qarşılıqlı ticarət dövriyyəsini növbəti 3 ildə illik 15 mil­yard dollara çatdırmaq qarşıda duran əsas vəzifələrdən biridir.

Bu ilin ilk 7 ayında idxal məhsullarının strukturundakı dəyişikliklər də diqqəti çəkir. Aydın­dır ki, idxal ölkədən valyuta aparır, ixrac valyuta gətirir. Təbii ki, hər bir ölkənin bəlli həcmdə idxalı var. Bunun­la yanaşı, sözügedən dövrdə minik avtomobillərinin, o cümlədən, digər texnoloji sənaye məhsullarının idxalının artması anlaşılan olsa, kartof, tərəvəz, çay idxalındakı artımların xüsusi təhlil olunması məqsədəuyğundur. Belə ki, bu ilin ilk 7 ayında təzə tərəvəz idxalı 43,3 faiz, kartof idxalı 14,1 faiz, çay idxalı 3,9 faiz artıb. Ərzaq təminatı və ərzaq təhlükəsizliyi baxımdan kənd təsərrüfatı məhsullarının idxalının minimumlaşdırıl­ması olduqca vacibdir.

Bu ilin ilk 8 ayında Azərbaycan 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,1 faiz çoxdur.

Qeyri-neft ixracatının strukturu göstərir ki, Rusiya və Türkiyə aparıcı mövqeyini qoruyub saxlasa da, İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələr də Azərbaycandan neftdən kənar sektor­dan məhsul alan ilk beşliyə daxil olublar.

Onu da xatırladım ki, son 5 ilin statistikası göstərir ki, pandemiyanın təsir etdiyi 2020-ci il istisna olmaqla hər il əvvəlki ilə nisbətən qeyri-neft ixracatında artım qeydə alınıb. 2016-cı ildə 1 milyard 237 milyon dollar olan qeyri-neft ixracatı 2017-ci ildə 1 milyard 538 milyon dollar, 2018-ci ildə 1 milyard 689 milyon, 2019-cu ildə 1 milyard 954 milyon dollar, 2020-ci ildə isə 1 milyard 900 milyon dollar olub.

Bütövlükdə, bu göstərir ki, “lock-down” (təcrid rejimi) tədbirlərinin tətbiq olunmadığı müddətdə qeyri-neft sektoru istehsal və ixrac imkanlarını artırmaq potensialına malikdir. Bu baxımdan, pandemiyanın davam etdiyi aylarda da real sektorda sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur.

Vüqar BAYRAMOV,

Milli Məclisin İqtisadi siyasət,

sənaye və sahibkarlıq komitəsinin üzvü

15 Sentyabr 2021 00:59 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə