Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan tezliklə “yaşıl enerji” ölkəsinə çevriləcək

 

 

XXI əsr bütün dünyada “Ekologiya, sabit inkişaf və sağlamlıq” əsri elan edilmişdir. Keçən əsrin ikinci yarısından elmi-texniki tərəqqinin sürətli inkişafı, “Təbiətə qalib gələk” şüarının tətbiqi nəticəsində ətraf mühitdə təbii tarazlıq pozulmuşdur. İnsanları planetdə baş verən və gələcəkdə də gözlənilən bir çox problemlərlə yanaşı, ənənəvi üsullarla elektrik enerjisi istehsalının törətdiyi ekoloji təhlükə də ciddi narahat edir.

Lakin, bu gün insan həyatını, dünya sivilizasiyasını elektrik enerji olmadan təsəvvür etmək qeyri-mümkündür. Təbii enerji ehtiyatlarının azalması, onların əldə olunması prosesində ətraf mühitə dəyən zərər və s. kimi amillər alternativ enerji mənbələrinin axtarılması zərurətini meyda­na çıxarır. Alternativ enerji mənbələrindən istifadə ekoloji cəhətdən daha səmərəli olduğundan onların mənbələrinin araşdı­rılması, istifadə edilmə yolları, təbiətin qo­runmasına müsbət təsirlər və s. məsələlər hazırkı dövrdə olduqca aktuallaşmışdır.

Hazırda dünyada hasil edilən elektrik enerjisinin 75 faizi İstilik Elektrik Stansi­yalarının (İES), 16 faizi isə Atom Elektrik Stansiyalarının (AES) payına düşür. Azərbaycanda isə istehsal olunan elektrik enerjisinin 90 faizini İES təmin edir. Res­publikamızın elektrik tələbatını əsasən 13 İES və 6 SES ödəyir.

Respublikamızın təbii-coğrafi mövqeyi, relyefi, iqlim şəraiti, günəş, torpaq, külək, su, biokütlə təbii enerji yaratma potensi­alı baxımından zəngindir. Bütün bunlar ölkəmizdə ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji mənbələrindən düz­gün və səmərəli istifadə edilməsinə geniş imkanlar yaradır.

Azərbaycan Respublikasının inkişaf edən ekoloji siyasətinin, sonra da ekoloji konsepsiyasının yaranması, yeni ekoloji təfəkkürün formalaşması və ekologiyanın həyata tətbiq edilməsi ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilib. Alternativ enerji mənbələrinin Azərbaycanda inkişaf perspektivlərini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev hələ 1993-cü ildə bildirirdi: “Azərbaycanda günəş, külək və su ener­getikasının ehtiyatları böyükdür, amma bunların əsl inkişafı 30-40 ildən sonra baş verəcək və həmin dövrdən sonra alternativ energetika Azərbaycanın yanacaq-enerji balansında mühüm rol oynayacaq”. Bu siyasət ölkə başçısı İlham Əliyevin apardı­ğı düzgün energetika siyasətinin mühüm tərkib hissəsi kimi uğurla davam etdirilir. Cənab Prezident məsələnin önəmini belə dəyərləndirmişdir: “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə – müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”.

Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 oktyabr tarixli 462 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olu­nan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin proqramından irəli gələn vəzifələrin ardıcıl və səmərəli həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Res­publikası Prezidentinin 2009-cu il 16 iyul tarixli fərmanı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alter­nativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və bu sahədə dövlət siyasətini daha uğurla həyata keçirmək üçün Azərbaycan Respublikası Preziden­tinin 1 iyun 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri (ABOEM) üzrə Dövlət Şirkəti yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2011-ci il tarixli sərəncamı ilə Al­ternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə “2012-2020-ci illəri əhatə edən ABOEM-dən istifadənin inkişafı üçün Dövlət Strategiyasının layihəsi”nin hazırlanması tapşırılmışdır.

Alternativ və bərpa olunan enerji mənbələrindən biri hesab olunan külək enerjisi hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər. 60 faizii dağlıq ərazilərdən ibarət olan Azərbaycan üçün külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergeti­ka, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Azərbaycanda ildə 270 küləkli və 300 günəşli günün olmasını nəzərə alsaq, demək olar ki, bu regionda günəş və külək energetikasının inkişafı daha perspektiv­lidir.

Azərbaycanda əsasən Bakı, Sum­qayıt, Abşeron, Binə ərazilərində külək enerjisindən istifadə etmək daha məqsədəuyğun sayılır. Ölkəmizdə fəaliyyət göstərən Hökməli KES (8 MVt), Yeni Yaş­ma KES (50 MVt), Şurabad KES (1,7 MVt) və Qobustan KES (2,7 MVt) hesabına enerji istehsalı 80 milyon kilovat-saata çat­dırılıb ki, bu da ildə 13-14 milyon kubmetr qaza qənaət etməyə bərabərdir.

Ölkəmizin ərazisində günəşli günlərin sayının çox olması günəş-istilik enerjisindən istifadə üçün əlverişli imkanlar yaradır. Aparılan hesablamalar göstərir ki, il ərzində Günəşdən Yerə bütün qazıntı elektrik daşıyıcıların ehtiyatından 10 dəfə çox enerji düşür. Bərpa olunan perspektivli enerji mənbəyi küləkdən sonra Günəş işığı sayılır. Günəş enerjisinin istifadəsinin üstünlüyü bir də ondadır ki, günəş qurğula­rı işləyən zaman “istixana effekti” yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır.

Hazırda dünyanın 70-ə yaхın ölkəsində Günəş Elektrik Stansiyaları (GES) fəaliyyət göstərir və yaхın gələcəkdə onların istehsal gücünün artırılması üçün daha perspektiv layihələr hazırla­nır. Bu gün Günəşdən ABŞ-da 600 MVt, Fransada 100 MVt, İsraildə 100 MVt, Türkiyədə 50 MVt və s. elektrik enerjisi alınır. Azərbaycanda 20 MVt gücünə malik Naxçıvan GES və 1,2 MVt gücünə malik Suraxanı GES fəaliyyət göstərir. Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edildiyi kimi, işğaldan azad edil­miş 6 rayonda günəş və külək elektrik stansiyalarının tikintisi üçün potensialı müvafiq olaraq 7214 MVt və 2120 MVt qiymətləndirilən ərazilər müəyyən olunub. Səmərəliliyi nəzərə alınaraq ölkəmizdə GES-nın sayının və istehsal günün artırıl­ması istiqamətində sistemli tədbirlər davam etdirilir.

Buna görə də Prezident İlham Əliyev 2019-cu ilin 5 dekabrında “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalamışdır. Azərbaycan Respublikası yalnız özü üçün deyil, bəzi qonşu dövlətlər üçün də elektrik enerjisi istehsal edir. Yalnız 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycandan 1,743 milyard kilovat-saat elektrik enerjisi ixrac olunmuşdur. Gələcəkdə Azərbaycan elektrik enerjisi istehsalının artırılma­sı məqsədilə alternativ energetikanın inkişafına diqqəti artırarsa və bu sahədə işlərini düzgün qurarsa, qonşu ölkələrə və Avropaya da real elektrik enerjisi ixracatçı­sı ola bilər. Əlverişli təbii-coğrafi mövqeyə, iqlim şəraitinə, zəngin yeraltı və yerüstü sərvətlərə malik Azərbaycanın nüvə, kömür və yanacaq enerjisindən imtina etməyə ha­zırlaşan Avrozonanın real elektrik enerjisi ixracatçısı ola bilməsi fantastik görünmür.

Dünyada “yaşıl enerji” kimi tanınan təcrübə geniş yayılıb və təbii göstəricilərə əsasən, Bakı şəhəri və Abşeron yarı­madasında, o cümlədən, Azərbaycanın erməni işğalından azad olunmuş Qara­bağ ərazilərdə külək və günəş enerjisinin böyük potensialı vardır. Bu baxımdan Azərbaycanin dilbər guşəsi Qarabağda “yaşıl enerji” layihələrinin geniş miqyasda tətbiq edılməsı və ərazinin yaşıl zonaya çevrilməsi planlaşdırılır.

Düşmən tapdağından azad olunmuş bölgələrə səfərləri zamanı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün yeni imkanlar yarandığını bildirmiş və Qarabağı “yaşıl enerji” ilə təmin ediləcək bölgə elan edərək dövlətimizin ekoenerge­tika siyasətində yeni mərhələnin başlanğı­cını qoymuşdur.

Dövlət başçısı qeyd edib ki, “yaşıl ener­ji” konsepsiyası, əsasən, Azərbaycan üçün irəliyə aparan yoldur: “Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. Mən artıq bəyan etmişəm ki, azad olun­muş bütün ərazilər “yaşıl enerji zonası”nı təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda, biz ora­da “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu, həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq”.

Prezident İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonla­rına səfəri çərçivəsində çıxışlarında düşməndən təmizlənən ərazilərin tezliklə yeni coşğun həyata qayıdacağını bildirib. Dövlətimizin başçısı deyib ki, bərpa işləri arasında elektrik enerjisi təchizatı xüsu­si yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq. İlk növbədə, Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilmiş­dir və birinci mərhələ başa çatıb. “Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafını təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir.

Güləbird SES-in istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğal­dan azad olunan rayonlarda dövlətimizin başçısının iştirakı ilə işə salınan ilk infra-struktur layihəsidir. Bu stansiya, təxminən, 7 min nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı ra­yonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Ölkə rəhbərinin vurğuladığı kimi, Kəlbəcər–Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir çox stansiya fəaliyyət göstərib. Yaxın gələcəkdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkənin yaradılacağı nəzərdə tutulub.

Prezidentin tapşırığına əsasən ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alın­maqla, Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən, nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək yaşıl zona, yaxud “Yaşıl məkan” konsepsiyasının hazırlanmasına başlanılıb. Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agent­liyi ilə müzakirələrin aparılması diqqət mərkəzində saxlanılıb.

Bu ərazilərdə 4 min meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialının mövcudluğu qiymətləndirilib. Kiçik su elektrik stansiyalarının inven­tarlaşdırılması işinə də başlanılıb. İlkin məlumatlara görə, 30-a yaxın bu cür stan­siya yararsız hala salınıb.

Prezident İlham Əliyev 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını mühüm vəzifə kimi müəyyənləşdirib. Dövlət başçısının imza­ladığı müvafiq sərəncamlar nəticəsində Azərbaycanda energetikanın digər sahələrində olduğu kimi, bərpaolunan enerji mənbələrindən istifadə sahəsində də əlverişli investisiya mühiti yaradılıb, özəl sərmayələrin cəlbi və irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilməsinə başlanılıb. Qarşıdakı 10 il ərzində təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tu­tulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır.

Bu il fevral ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında Böyük Britaniyanın “Reuters” İnformasiya Agentliyi müxbirinin verdiyı suala cavab olaraq demişdir: “Mən sizə deməliyəm ki, biz hələ müharibədən əvvəl bərpa olunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşuq. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Lakin mən o vaxt dedim, bu, o demək deyil ki, uğur qazana bilməyən digər şirkətlər kənarda qalacaq. Buna görə də biz indi bu sahəyə sərmayə yatırmaq istəyən şirkətləri cəlb edirik. Məhz azad edilmiş ərazilərdə bunun üçün yaxşı imkanlar mövcuddur. Üstəlik, dediyim kimi, biz artıq Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik.

İranın Mehr agentliyinin sualına cavab­da isə Prezident İlham Əliyev demişdir: “Artıq Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisi ilə bağlı büdcə ayrılıb. Ümumi istehsal gücü 280 meqa­vat olacaq və bu həcm iki ölkə arasında bölüşdürüləcək”.

Yaşıl enerji texnologiyası dünyada çox sürətlə inkişaf edir və əminik ki, gələcəkdə onlar asanlıqla atom elektrik stansiyalarını əvəz edəcəkdir. AES-in zəlzələ nəticəsində qəzalı hala düşməsi və ətraf üçün bö­yük təhlükəyə çevrilməsi isə AES-in xidmətindən istifadə edən ölkələrin hamı­sında ciddi təşvişlə qarşılanmaqdadır.

Bu gün dünyanın ən qabaqcıl texno­logiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji taraz­lığın təmin edilməsinə yönəlib. Bunun üçün Laçın–Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan–Cəbrayıl bölgələrində isə günəş enerjisindən istifadə imkanları genişdir. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qa­rabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Bütövlükdə isə yaxın gələcəkdə Azərbaycan “yaşıl enerji” məkanına çevriləcək.

İsmayıl ƏLİYEV,

BDU-nun kafedra müdiri,

professor Məcid QOCAYEV,

BDU-nun dosenti

15 Sentyabr 2021 00:56 - İQTİSADİYYAT
İQTİSADİYYAT
18 Sentyabr 2021 | 10:17
Neft ucuzlaşıb
17 Sentyabr 2021 | 09:23
Neft ucuzlaşıb
17 Sentyabr 2021 | 09:12
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə