Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan regionda yaranmış reallıqla barışmasa, bu ölkədə ümumi böhran daha da dərinləşəçək

“44 günlük Vətən müharibəsində xalqımızın qazandığı qələbədən sonra Cənubi Qafqazda və bütövlükdə, regionda yaranmış yeni geosiyasi reallıq Azərbaycan həqiqətlərinin, nəhayət, təsdiqi olmaqla yanaşı, qonşu ölkələrin ikitərəfli və çoxtərəfli əməkdaşlığının qurulması üçün də əlverişli meydan açmışdır. İkinci Qarabağ savaşında təcavüzkar Ermənistanın açıq məğlubiyyətinin təslim aktı olan üçtərəfli bəyanatın imzalanmasından 10 ay keçməsinə baxmayaraq, bu ölkənin bölgədə baş vermiş gerçəkliklə barışmaması onun düşdüyü acınacaqlı vəziyyəti daha da ağırlaşdırır”. Milli Məclisin deputatı Ülvi Quliyev bu açıqlamasının davamında bildirdi:

– Birinci Qarabağ müharibəsinin nəticəsi bizi nə qədər məyus etsə də, bilir­dik ki, Ermənistan o müharibədə tək olma­yıb. Havadarlarının davamlı himayəsindən yararlanan işğalı ölkə ikinci müharibədə də tək deyildi. İmperialist dairələrdən kimsə ona pulsuz silah göndərirdi, kimsə beynəlxalq hüquqa zidd olan bəyanatlarla siyasi dəstək verib ölkəmizi təhdid edirdi. Başqa bir ölkə isə açıq-gizli maliyyə və ərzaq köməkliyi göstərirdi. Dünyanın güc mərkəzlərinin media məkanı da məğlub olan təzavüzkara informasiya dəstəyini əsirgəmirdi.

Obyektiv və ya subyektiv səbəblərdən bəzi ölkələrin seyrçi mövqedə da­yanması da işğalçı üçün sərfəli idi. Müharibənin ən qızğın çağında BMT Təhlükəsizlik Şurasının ölkəmizə qarşı qətnamə qəbul etməsinə biabırçı cəhlər də oldu, Azərbaycan Prezidentimizin siyasi iradəsi, qardaş və dost ölkələrin, Qoşulmama Hərəkatına üzv dövlətlərin dəstəyi sayəsində belə ədalətsizlik baş tutmadı. Müharibədən sonra isə qatı ermənipərəst ölkələr arasında daha irəli gedərək Azərbaycan ərazisindəki sepa­ratçı qurumun tanınması ilə bağlı bədnam qətnamələr də qəbul edəni də oldu.

XXI əsrin son onilliyi göstərdi ki, dünya daha böyükdür və ona görə də çalış­malıyıq ki, beynəlxalq ictimaiyyət bütün bu həqiqətləri olduğu kimi bilib qəbul etsin. İşğalçı Ermənistan İkinci Qarabağ müharibəsində də fəal himayə edilməsi onu göstərir ki, Azərbaycan bu savaşda təkcə Ermənistan üzərində deyil, həm də ona arxa-dayaq olanların ölkəmizə qarşı təhdid, təzyiq və hədələri, birgə səyləri üzərində qələbə çalmışdır. Ermənistan nə qədər gizlətməyə çalışsa da, artıq o da məlumdur ki, müharibədə onun tərəfində iştirak edənlərin sırasında xeyli sayda xarici ölkə vətəndaşı da olub. Onlardan bir neçəsi indi Azərbaycanda layiqli cəzasını gözləyir. Bütün bu səbəblərə görə, Prezi­dent İlham Əliyevin müharibədən sonrakı müsahibə və bəyanatları Ermənistanla yanaşı, ona himayədarlıq edənlərin də ədalətsiz mövqeyini açıb göstərir, siyasi kuluarlarda və media məkanlarında qızğın müzakirə mövzusuna çevrilir.

Azərbaycanın dövlət başçısının beynəlxalq aləmə yönəlik son mesajları bölgədə yaranmış reallıqlar baxımından vəziyyətin normallaşdırılmasına və qarşı­lıqlı-faydalı əməkdaşlığa növbəti çağırışdır. Lakin Ermənistan hakimiyyəti və onun siyasi palitrasında təmsil olunan bütün cinahlar hələ də məğlubiyyətlə barışmaq istəmir, bu ölkənin himayədarları isə xaotik davranışlardan və absurd ermənipərəst bəyanatlardan əl çəkmək istəmirlər.

Erməni lobbiçiliyinin geniş maliyyə və siyasi təsir imkanları da münaqişənin da­vam etdiyi müddətdə həmişə Azərbaycan üçün ciddi maneələr və təhlükələr ya­ratmışdır. Belə düşmənçilik kampani­yaları hətta ermənilərin havadarlarının özlərinin maraqlı olduğu layihələrə qarşı yönəldilmişdir. Prezident İlham Əliyevin bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin qarşısında hansı çətinliklərin dayandığını, hətta ABŞ kimi supergücün vaxtilə layihənin gerçəkləşməsinə razılıq vermək istəmədiyini və bunun səbəbini belə açıqladı: “ Nəyə görə? Ermənistana görə. Erməni lobbisi, hansı ki, bu gün də böyük ölkələrin paytaxtlarında at oynadır, o vaxt bütün gücləri səfərbər etmişdi ki, bu, baş tutmasın, çünki Ermənistan kənarda qalır”.

O zaman layihənin reallaşdırılma­sı üçün ölkəmizin etdiyi müraciətləri beynəlxalq maliyyə-kredit qurumları da müsbət cavablandırmamışdı. Azərbaycan maliyyə yükünün ciddi hissəsini öz üzərinə götürərək, Türkiyə və Gürcüstan­la birgə strateji layihəni reallaşdıra bildi. Dövlətimizin başçısı xatırlatdığı layihə ilə bağlı qeyd etdi ki, ölkəmiz ABŞ və Avropa İttifaqı ilə bərabərhüquqlu, qarşılıqlı şəkildə faydalı olan əlaqələrin dərinləşməsində maraqlıdır: “Olan olub, keçən keçib. Əsas odur ki, biz istəyimizə nail ola bilmişik. Amma bu tarixçə onu göstərir ki, bizim bu təşəbbüslərimiz vaxtında, düzgün atılmış təşəbbüslərdir. Əgər kimsə birinci, ilkin mərhələdə bunu anlamırsa, illər keçdikcə, bunu anlamağa başlayıb. Bu gün nəqliyyat sahəsində Avropa İttifaqı–Azərbaycan əlaqələrinin xüsusi gündəliyi vardır”.

Prezident İlham Əliyevin Avropa İttifaqına verdiyi səmimi ismarıclardan biri də bu oldu: “Sazişin 90 faizi razılaşdırı­lıb, qalan məsələlər də, hesab edirəm ki, realizm prinsipləri üstünlük təşkil etsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər”.

Artıq Azərbaycanın Avropa İttifa­qına üzv dövlətlərin üçdə biri ilə stra­teji tərəfdaşlıq haqqında saziş ya da bəyannamə imzaladığını vurğulayan Ülvi Quliyev qeyd etdi ki, bu, ölkəmizin müəyyən etdiyi strateji hədəflərə doğru atdığı addımların mühüm tərkib hissəsidir:

– Lakin dövlətimizin başçısı Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 mil­yard, Azərbaycana isə cəmi 150 mil­yon avro həcmində vəsaitin ayrılması məsələsinə toxunarkən, İttifaqla gələcək münasibətlərdə və yeni sazişin bağlanması ərəfəsində yalnız səmimi izah və səmimi etiraflara üstünlük verdiyini gizlətmədi: “Qoy desinlər ki, bu ermənipərəstlikdir, qoy açıq desinlər, mən açıq söhbətin tərəfdarıyam Hansısa diplomatik sözlər arxasında gizlənməməliyik. Ona görə biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək”.

Azərbaycan rəhbərinin bölgədə vəziyyətin normallaşmasına yönəlik belə addımları sərt tənqid etməsindən sonra Av­ropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıya səfər etdi və səfərlə bağlı keçirilən mətbuat konfransında o, “Dağlıq Qarabağ”, “status” və “hərbi əsirlər” kimi qızışdırıcı ifadələr işlətmədi. Dövlətimizin başçısı bu məqama xüsusi diqqət yetirdi və yüksək səviyyəli qonağın bu cür yanaşmasını, lek­sikon dəqiqliyini dövlət xadiminə xas olan addım kimi dəyərləndirdi. Prezident İlham Əliyevin buvaxtadək verdiyi bəyanatlarda ortaya qoyduğu siyasi iradə və beynəlxalq hüquqa söykənən mövqe ardıcıllığı ilə hesablaşmamaq, məhz onun müəllifliyi ilə Cənubi Qafqazda yaranmış yeni geosiyasi və geoiqtisadi reallığı nəzərə almamaq mümkün deyil.

Prezident İlham Əliyevin xalqımızın iradəsinə, tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan qətiyyətli mövqeyi beynəlxalq leksikondan erməni xülyasına xidmət edən ifadələrin çıxmasına gətirib çıxartdığı kimi, həmin leksikona yeni məfhumların daxil edilməsini də zəmin ya­radıb. Bunlar Şərqi Zəngəzur və Zəngəzur dəhlizi ifadələridir. Prezident İlham Əliyevin Ermənistana və ona havadarlıq edənlərə göndərdiyi növbəti mesaj da həm tarixi ədalətə, həm də regiondakı yeni reallığa söykənir: “Biz siyasi leksikona “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, dünyanın aparıcı kütləvi informa­siya vasitələri Zəngəzur dəhlizi haqqında danışırlar, yazırlar. Nə üçün? Biz bunu daxil etmişik, müntəzəm səylərlə, artıq bu reallıqdır”.

Ermənistanda dağıdılmış miflərinin qalıqları altında yaşamaqda davam edən, məğlubiyyətdən sonrakı ictimai psixozun təsiri altından hələ də çıxa bilməyən və kimlərinsə oyununda məsuliyyətsiz alətə çevrilən erməni siyasətçilərinə, Ermənistan cəmiyyətinə Prezidentimiz növbəti dəfə belə bir ciddi mesajı da verib: “Olmasa, başqa yerdə beş dənə Dağlıq Qarabağ yaratsınlar, mən etiraz etmirəm. Mən onu tanıyacağam. Amma Azərbaycanda yox”.

Ermənistan hakimiyyəti və xaricdəki hamiləri bu sarkazmı başa düşməyə məhkumdur və şübhəsiz, Prezident İlham Əliyevin bui açıqlaması üzərində də xeyli düşünüblər: “Bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə, deyə bilmərəm hələ ki, böyük dərəcədə, amma müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir. Və getdikcə bizim imkanları­mız daha da genişlənəcək”.

Azərbaycan Prezidentinin bu açıqla­masının regionda yeni reallığın daha bir müjdəçisi olduğunu söyləyən Milli Məclisin deputatı daha sonra dedi:

–Ötən ilin payızında 44 gün ərzində Ermənistan əyani şəkildə gördü ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Bu illər ərzində dünya da çox dəyişib. Ən başlıcası, Azərbaycan iqtisadi-siyasi müstəqilliyini, beynəlxalq hüquqa sa­diqliyini və etibarlı tərəfdaş nümunəsini ortaya qoymaqla dünyada özünə olan münasibəti dəyişdirə bilib. Bədnam qonşu­muzdan fərqli olaraq, ölkəmiz beynəlxalq münasibətlərin bərabərhüquqlu subyektinə çevrilib. Ermənistan hakimiyyəti artıq nə özünü, nə də erməni cəmiyyətini aldatma­malıdır.

27 il ərzində BMT qətnamələrinin hörmətdən salınmasına kimlərinsə göz yumması, qondarma “erməni soyqırımı”nın tanınması və ya kimlərinsə pərdəarxasından işğalçı ölkəyə dirijorluq etməsi, yaxud onun qulağına nələrisə pıçıldaması Ermənistanı yeni avantürala­ra şirnikləndirə bilər, amma bütün bunlar mövcud reallığı dəyişdirmək gücündə deyil. Azərbaycan 28 ildən sonra Ermənistana hansı acıları yaşatdısa, onun növbəti avan­türasının cavabı daha ağır ola bilər– bu dəfə məğlubiyyət deyil, faciə olacaq.

Buna yol verməmək üçün, Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin bu açıqlamasını dönə-dönə təhlil edib mövcud reallıqla hesablaşmalıdır: “Diplo­matik müstəvidə, Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, qonşu ölkələr– Türkiyə, İran, Gürcüstan, müsəlman aləmi, Qoşul­mama Hərəkatı-bütün bu təmaslar müsbət məcrada inkişaf edir. Bu məsələ ilə bağlı, baxın, bizim gündəliyimiz Avropa İttifaqı­nın gündəliyi ilə, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir. Biz yeni reallıq yaratmışıq, təkcə Qarabağ zonasın­da yox”.

Yeri gəlmişkən, Qoşulmama Hərəkatı təkcə İslam dünyasını təmsil etmir, təşkilatda 120-dən çox dövlət birləşib. Bu mötəbər beynəlxalq quruma üzv dövlətlər ölkəmizin etibarlı tərəfdaş olduğuna, Prezident İlham Əliyevin sözü ilə əməlinin hər zaman üst-üstə düşdüyünə inandıqla­rına görə, Azərbaycanın təşkilata sədrlik müddəti əlavə bir il də, 2023-cü ilədək uzadılıb.

Milli Məclisin deputatı Ülvi Quliyev sonda bildirdi:

–Nəhayət, Ermənistanın ənənəvi çığallığını və təxribatçı mahiyyətini nəzərə alıb, böyük dövlət xadimi Uinston Çör­çillin müdrik kəlamlarından birini erməni siyasətçilərinin yadına salmaq istəyirəm: “Siyasət də müharibə kimi həyəcanlı və təhlükəlidir. Müharibədə bizi bir, siyasətdə isə dəfələrlə öldürə bilərlər”. Müharibənin nəticəsi, beynəlxalq leksikonun yeni gündəliyi və qalib Azərbaycanın dövlət başçısının birmənalı mövqeyi açıq-aydın ortadadır. Bu mövqe Ermənistana hava­darlıq edənlər üçün də sirr deyil. Böyük siyasət adamının təbirincə desək, bir dəfə müharibədə öldükdən, məğlub olduqdan sonra, Ermənistan siyasətdə dəfələrlə ölmək yolunu seçirsə, bu, ağılsız və çox təhlükəli seçimdir.

Onminlik fərarilər ordusu olan Ermənistanın, üstəqlik, 8–9 milyard dollar həcmindəki xarici dövlət borcu qarşılı­ğında cəmi 1 milyard valyuta ehtiyatı var. Ermənistan sərsəm xülyalar girda­bında yaşamağa davam etməklə, qalib Azərbaycanın açıq-aşkar olan hərbi, iqtisadi və siyasi üstünlüyünü gözə almamaqla , dinc birgəyaşayışdan imtina etməklə, bir sözlə, ağılsız yollar seçiməklə U. Çörçillin başqa bir kəlamını da yada salır: “Axmaq insan öz fikrini heç vaxt dəyişməyən şəxsdir”. Belə davam edərsə, Ser U.Çörçillin nə qədər haqlı olduğunun növbəti nümunəsini Ermənistanın timsalın­da dünya mütləq görəcək.

Hazırladı: Tahir AYDINOĞLU,

 “Xalq qəzeti”

15 Sentyabr 2021 00:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə