Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan istehsalçıları Moskvada “HEIMTEXTILE 2021” sərgisində iştirak edirlər

 

 

Moskvada “HEIMTEXTILE 2021” sərgisi açılıb. Sentyabrın 14-dən “EKSPOTSENTR” Sərgi-Konqres Mərkəzində dünyanın ən böyük “HEIMTEXTILE 2021” ev tekstil, təchizatçıları və dizaynerləri sərgisi açılıb.

Sərgidə Azərbaycanı İqtisadiyyat Na­zirliyinin və “AZPROMO” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fon­dunun dəstəyi ilə “Made in Azerbaijan” vahid stendi altında 9 şirkət təmsil edir.

Sərginin açılışında çıxış edən Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev ümidvar olduğunu bildirib ki, növbəti illərdə ölkəmiz bu beynəlxalq sərgidə daha ge­niş stendlə iştirak edəcək, Azərbaycan–Rusiya iqtisadi əlaqələri təkcə ərzaq mallarının ixracı deyil, həm də tekstil sahəsində də inkişaf edəcək.

R.Əliyev qeyd edib ki, builki sərginin ekspozisiyasında “Azərxalça” ASC-nin məhsulları xüsusi yer tutur. Burada həm qədim, həm də müasir üslubda toxunmuş əl xalçalarını görmək olar. “Azərbaycanda xalçaçılıq sənətinin tarixi uzaq əsrlərə gedib çıxır. Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılan xüsusi şərait sayəsində bu sənət növü ölkəmizdə sürətlə inkişaf etməyə başlayıb”, – deyə ticarət nümayəndəsi bildirib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov çıxışında qeyd edib ki, sərgidə Azərbaycanda ən böyük əl işi xalça istehsalçısı olan “Azərxalça” ASC-nin fabriklərində hazırlanan xalçalar təqdim olunur. “Azərxalça” ASC-nin Azərbaycanda 21 müəssisəsinin fəaliyyət göstərdiyini diqqətə çatdıran E.Məmmədov bildirib ki, Azərbaycan xalçaları əsrlərlə İpək yolu vasitəsilə Rusiya bazarlarına çıxa­rılıb. “HEIMTEXTILE 2021” sərgisi bu ənənəni dirçəltməyə imkan yaradacaq.

“Azərxalça” ASC-nin rəhbəri deyib: “2010-cu ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fon­dunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan xalçaları UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib. Hər bir xalça sənət əsəridir. Onun ərsəyə gəlməsi üçün aylarla vaxt sərf olunur. Sərgiyə gələnlər müəssisədə istehsal olu­nan eksklüziv məhsullarla tanış ola, qədim Azərbaycan xalçaçılıq sənəti nümunələrini seyr edə bilərlər”.

Bildirilib ki, “Azərxalça” ASC öz missiyasını qədim Azərbaycan xalça­çılıq sənətinin qorunub saxlanılmasın­da, davam və inkişaf etdirilməsində, Azərbaycan xalçalarının dünyada tanıdılmasında, yeni satış bazarlarının axtarılmasında, yeni xalçaçılar, toxucu­lar nəslinin yetişdirilməsində görür.

Qeyd edək ki, “HEIMTEXTILE 2021” sərgisi Rusiyada 23-cü dəfə keçirilir. Sərgi 20-dən çox ölkənin ev tekstili və dekoru sahəsində çalışan mütəxəssisləri ilə əlaqələr qurmaq, əməkdaşlıq etmək, dizayn sahəsində yeni trendlərlə tanış olmaq imkanı yaradır.

Sərgi sentyabrın 16-dək davam edəcək.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

15 Sentyabr 2021 00:53 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə