Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasında Korrupsiyaya qarşı mübarizə sahəsində qabaqlayıcı tədbirlərin əhəmiyyəti

Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya ən qədim vaxtlardan mövcud olmaqla bütün cəmiyyətlərə xas olan ən mürəkkəb sosial problemlərdən biridir. Azərbaycan Respublikasında korrupsiya cinayətlərinə qarşı barışmaz və prinsipial mübarizə məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında başlamış, bu istiqamətdə qətiyyətli tədbirlər həyata keçirilmişdir. Ulu öndərin rəhbərliyi altında Azərbaycan Respublikasında mütəşəkkil cinayətkarlığa və onun təhlükəli təzahürü kimi korrupsiyaya qarşı mübarizə yeni müstəviyə qaldırılaraq, qabaqlayıcı tədbirlər önə çəkilmişdir.

Hüquqa və sosial ədalətə söykənən sivil vətəndaş cəmiyyəti və demokratik dövlət quruculuğu xəttini son illərdə tamamilə yeni müstəvidə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin miqyası daha da genişləndirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən islahatla­rın müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşdırmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indi­katorlara öz töhfəsini vermiş, bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırılmışdır.

Belə bir yanaşma vardır: “qarşısını almaq müalicə etməkdən daha yaxşı­dır”. İctimai etimad, dövlət institutlarının effektivliyi, iqtisadi inkişaf və dövlət təhlükəsizliyi prioritet olduğu halda bu yanaşma xüsusilə korrupsiyanın qar­şısının alınması sahəsində də özünü doğruldur.

Dövlətlər korrupsiyanın qarşısını almaq üçün müxtəlif vasitələrdən istifadə edir. İctimai maarifləndirmə, korrupsi­yaya qarşı ictimai dözümsüzlüyün və bu sahədə dövlət tənzimlənməsinin gücləndirilməsi əsas alətlərdir; korrup­siya risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi yolu ilə qabaqlayıcı tədbirlərin görülməsi hazırda gündəmdə olan ən aktual üsullardan biridir.

Korrupsiyanın qarşısının alınması Birləşmiş Millətlər Təşkilatının “Korrup­siya əleyhinə Konvensiyası”nın ikinci bölməsində tanınmışdır. Konvensiya­da korrupsiyanın qarşısının alınması və ona qarşı əks təsir vasitələri kimi hüquq sistеminin əsas prinsiplərinə uyğun olaraq, cəmiyyətin korrupsiya ilə mübarizədə iştirakını təşviq edən, qanunun aliliyi, dövlət işlərinin və dövlət əmlakının düzgün idarə olunması, vicdanlılıq, şəffaflıq və məsuliyyətlilik prinsiplərini özündə əks еtdirən kor­rupsiyaya qarşı səmərəli və uzlaşdı­rılmış siyasətin hazırlanması və tətbiq edilməsi; korrupsiya ilə mübarizə praktikasının səmərəli növlərini müəyyən еtməyə və təşviq etməyə səy göstərilməsi; müvafiq hüquqi sənədlərin və inzibati tədbirlərin korrupsiyanın qar­şısının alınması və onunla mübarizə ba­xımından uyğunluğunu müəyyən еtmək üçün onların dövri dəyərləndirilməsinə səy göstərilməsi; öz hüquq sistеmlərinin əsas prinsiplərinə uyğun olaraq, müva­fiq tədbirlərin hazırlanması və inkişaf etdirilməsində müvafiq bеynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyət göstərilməsi xüsusi vurğulanmışdır. Bеlə qarşılıqlı fəaliyyət korrupsiya ilə mübarizəyə yönəlmiş bеynəlxalq proq­ram və layihələrdə iştirak formasında da ola bilər.

Qeyd edildiyi kimi, korrupsiyaya qarşı mübarizə sahəsində inzibati və cinayət məsuliyyəti tədbirləri ilə yana­şı, preventiv tədbirlərin də çox mühüm amil olması və uğurlu nəticələrə onların vəhdəti olduqda nail olunması xüsusilə vurğulanmalıdır. Bu sahədə respubli­kamızda görülən işlərdə və əldə edilən göstəricilərdə milli prokurorluq orqanla­rının, o cümlədən, Azərbaycan Respub­likasının Baş prokuroru yanında Korrup­siyaya qarşı Mübarizə Baş İdarəsinin rolu, üzərinə qoyulmuş vəzifələrin uğurla və səmərəli icra edilməsi xüsusi qeyd olunmalıdır.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi fəaliyyətində korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq və əməliyyat-axtarış fəaliyyəti ilə yanaşı, qabaqlayıcı, önləyici, korrupsiya üçün şərait yaradan halların aradan qal­dırılmasına yönəlmiş tədbirlərin yerinə yetirilməsinə də böyük önəm verir. Kor­rupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaq­la preventiv tədbirlərin təsir gücünün məhz bu istiqamətlərə yönəldilməsi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır.

Baş İdarə kifayət qədər analitik imkanlara malik olaraq, korrupsiyaya daha çox uğramış sahələrin müəyyən edilməsi üçün müxtəlif istiqamətlərdə təhlillərin aparılması, korrupsiya risklərinin müəyyən olunması və riskli sahələrin identifikasiyası, korrupsiyanı doğuran səbəblərin müəyyən edilməsi üçün tədqiqatların aparılması, korrupsi­yaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə korrupsiyanı doğuran səbəb və şəraitin, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün təklif və tövsiyələrin hazırlanması, dövlət və özəl sektor­da korrupsiyaya uğrama meyarları­nın hazırlanması və həmin meyarlar əsasında dəyərləndirmələrin aparılma­sı, süründürməçiliyə və korrupsiyaya yol açan halların müəyyən edilməsi, ümumiləşdirmələr nəticəsində korrup­siyaya cəlb olunma tendensiyalarının müəyyən edilməsini həyata keçirir.

Korrupsiya risklərinin müəyyən edilməsinə korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oyna­yan “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan yerli icra hakimiyyətləri, səhiyyə, sosial müdafiə, təhsil, bələdiyyə və digər sahələri əhatə edən müraciətlərin öyrənilərək təhlil edilməsi, qiymətləndirilməsi və ümumiləşdirilməsi də səmərəli təsirini göstərmişdir.

Korrupsiyanın qarşısının alınması sahəsində aparılan ardıcıl tədbirlər çərçivəsində prokuror təsir tədbirləri aktlarından geniş istifadə olunur.

Belə ki, Baş İdarəyə daxil olan korrupsiya hüquqpozmaları barədə məlumatlar əsasında aparılan araş­dırmalar zamanı dövlət və özəl sek­torda çalışan ayrı-ayrı vəzifəli şəxslər tərəfindən yol verilmiş pozuntuların, onları doğuran səbəb və şəraitin aradan qaldırılması və bir daha təkrar olunma­ması üçün tədbirlər görülməklə, vəzifəli şəxsin tutduğu vəzifəyə uyğunluğu yoxlanılmaqla intizam məsuliyyətinə cəlb olunması məsələsinin nəzərdən keçirilməsinə zərurət yarandığından, müvafiq təqdimatlar göndərilmiş, müxtəlif qurumlara göndərilmiş təqdimatlara baxılmasının nəticəsi olaraq, həmin qurumlar tərəfindən nöqsan və pozuntu­lara yol vermiş şəxslərin barəsində rəsmi xəbərdarlıq, töhmət, şiddətli töhmət, vəzifədən azad etmə və digər intizam xarakterli tədbirlərin görülməsi təmin edilmişdir.

Eyni zamanda, korrupsiyaya qarşı qabaqlayıcı tədbir kimi, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə müva­fiq olaraq, qanun pozuntularından çəkindirmək məqsədilə vəzifəli şəxslərə rəsmi xəbərdarlıqlar edilmişdir.

Bununla yanaşı, Baş İdarəyə daxil olan müraciətlər üzrə aparılan araşdır­malar zamanı inzibati pozuntu aşkar edildiyi hallarda Azərbaycan Respublika­sı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatların başlanması haqqın­da qərarlar qəbul edilərək, toplanmış materiallar aidiyyəti üzrə müvafiq icra orqanlarına və məhkəmələrə göndərilir. Nəticədə korrupsiyaya şərait yarada biləcək pozuntulara yol vermiş fizi­ki və hüquqi şəxslərə qarşı müxtəlif məbləğlərdə cərimə növündə inzibati cəza tədbirləri tətbiq edilir ki, bu da kor­rupsiya cinayətlərinin qarşısının alınması sahəsində mühüm vasitələrdən biri kimi çıxış edir.

Korrupsiyaya qarşı mübarizə sahəsində qeyd olunan fəaliyyət çərçivəsində Baş İdarəyə daxil olan so­sial müdafiə, təhsil, səhiyyə, bank, özəl sektor və bir çox digər zəruri sahələr üzrə korrupsiya ilə əlaqədar məlumatlar, vətəndaşların yazılı müraciətləri, habelə nazirliklər və dövlət qurumlarından daxil olan materiallar öyrənilib məzmunu təhlil edilir, ümumiləşdirilir, nəticəsindən asılı olaraq korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün təklif və tövsiyələr hazırlanır, həmin fəaliyyət həyata keçirilərkən normativ hüquqi aktlarda və onların layihələrində korrup­siya hüquqpozmalarına şərait yaradan hallar müəyyən edildikdə, onların aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Baş İdarə tərəfindən aparılan təhlillər nəticəsində korrupsiyaya daha çox məruz qalan sahələr müəyyən edilməklə, həmin sahələrdə korrupsiyanı doğuran səbəb və şərait, onların aradan qaldırılmasına dair təkliflər hazırlanaraq mütəmadi olaraq aidiyyəti dövlət qurum­larına göndərilir.

Belə ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən sosial müdafiə, təhsil, bank, qida təhlükəsizliyi və digər sahələrdə daha çox rast gəlinən kor­rupsiya və korrupsiyaya şərait yaradan hüquqpozmaların aradan qaldırılması fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu sahədə qanun pozuntularının qarşısının alınması məqsədi ilə zəruri tədbirlərin həyata keçirilməsi üçün müxtəlif vaxtlarda müvafiq nazirliklərə və dövlət qurumlarına təkliflərin göndərilməsi təmin edilmişdir.

Həmin nazirliklər və dövlət qurum­larında təkliflər müzakirə olunaraq, əksəriyyətinin həqiqətən də korrupsiyaya qarşı mübarizə sahəsində müsbət və effektiv təsir göstərəcəyi vurğulanaraq, bununla bağlı mövcud qanunvericiliyə müvafiq dəyişikliklər edilməsinin zəruriliyi bildirilmişdir.

Son zamanlar əhalinin həssas təbəqəsini əhatə edən əmək və əhalinin sosial müdafiəsi sahəsində mümkün korrupsiya hallarına qarşı qabaqla­yıcı tədbirlərin ardıcıl, geniş şəkildə görülməsi üçün analitik təhlillər aparıl­maqla, korrupsiya risklərinin müəyyən edilərək qiymətləndirilməsi həyata keçirilir və bu sahədə də müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı işlər görülür.

Eyni zamanda, korrupsiyaya qar­şı preventiv (qabaqlayıcı) tədbirlər çərçivəsində Azərbaycan Respublika­sının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə Baş İdarə tərəfindən görülmüş qabaqlayıcı və maarifləndirmə tədbirlərinin əhəmiyyəti də vurğulanmalıdır.

Korrupsiya hüquqpozmaları və ona şərait yaradan hallara qarşı qabaqlayıcı tədbirlərin dövlət siyasəti olaraq həyata keçirilməsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı” xüsusi qeyd olunmalıdır.

Fəaliyyət Planına uyğun olaraq, Baş İdarə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korrupsiya risklərinin müəyyən edilməsinə, təhlilinə və qarşısının alınmasına dair metodologi­yanın hazırlanması, açıq hökumət və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması­na şərait yaradan cinayətlər üzrə illik risk qiymətləndirilməsi aparılması və nəticələri barədə maliyyə monitorinqi orqanının məlumatlandırılması, kölgə iqtisadiyyatının aradan qaldırılması, sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaflıq, korrupsiyaya qarşı mübarizə və hesabatlılıq tələblərinin gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanması kimi kor­rupsiyanın qarşısının alınması və dövlət orqanlarının fəaliyyətində şəffaflığın gücləndirilməsi sahəsində vəzifələrini uğurla icra edir.

Son olaraq qeyd edilməlidir ki, ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınma­sı istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir.

Heç şübhəsiz ki, davamlı şəkildə həyata keçirilən analitik fəaliyyət, qabaq­layıcı tədbirlər və nəticədə irəli sürülən təkliflər bütün sahələr üzrə korrupsiya hüquqpozmalarına qarşı daha çevik me­xanizmin yaradılmasında mühüm stimul rolunu oynayacaq.

Orxan QAZİZADƏ,

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı,

 kiçik ədliyyə müşaviri,

 “Yüksəliş” müsabiqəsinin qalibi

15 Sentyabr 2021 00:51 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə