Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İki qardaş ölkənin ortaq tarixinin parlaq səhifələri

15 sentyabr Bakının qurtuluş günüdür

 

“XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.

İlham ƏLIYEV

 Azərbaycan Respublikasının Prezidenti

 

Hər il sentyabrın 15-i Bakının daşnak-bolşevik işğalından azad edilməsinin ildönümü kimi qeyd edilir. 1918-ci ildə həmin gün Azərbaycan Ordusu ilə Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti paytaxta köçdü və bununla da dövlət müstəqilliyinin özülü möhkəmləndirildi. Lakin bu qələbə minlərlə şəhidin qanı bahasına başa gəldi.

Bu gün istər ictimaiyyət ara­sında, istərsə də elmi dairələrdə belə bir fikir hakimdir ki, əgər 1918-ci ilin yayında türk qoşun­ları Azərbaycana gəlməsəydi, Bakını daşnak-bolşevik işğalın­dan azad etmək mümkün deyildi. Bununla da müstəqil Azərbaycan dövləti 1918–1920-ci illər tarixi sərhədləri çərçivəsində mövcud olmayacaqdı.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı şəhəri Ste­pan Şaumyanın rəhbərlik et­diyi Bakı Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında oldu­ğundan, milli hökumət müvəqqəti olaraq Gəncədə yerləşmişdi. Müstəqil Azərbaycan Bakısız başsız bədənə bənzəyirdi. Xalq Cümhuriyyəti hökumətinin baş­lıca vəzifəsi Bakını işğaldan azad etməkdən ibarət idi. Milli hökumətin ixtiyarında olan 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 18 minlik daşnak-bolşevik qo­şununa qarşı hərbi əməliyyatlar keçirmək mümkün deyildi. Bakı Sovetinin ordusunun tərkibinin 60-70 faizini ermənilər təşkil edirdi.

Türk qoşunlarının Azərbaycana dəvət edilməsi ideyası hələ Azərbaycan Xalq Cümhuriyyəti elan edilməmişdən bir neçə ay öncə meydana çıxmışdı. Bu ideyanın əsas müəllifi Nəsib bəy Yusifbəyli idi. Cənubi Qafqazda üç müstəqil dövlətin yaranacağı­nı əvvəlcədən hiss edən Nəsib bəy Yusifbəyli türk qoşunlarının yardımı olmadan Bakını işğaldan azad etməyin mümkün olmaya­cağı qənaətində idi. Ona görə də Nəsib bəy Yusifbəylinin təşəbbüsü ilə 1918-ci ilin əvvəlində Gəncədə Müsəlman Milli Şurasının iclası çağırılmış və şuranın adından Os­manlı hökuməti ilə danışıqlar apar­maq üçün İstanbula səlahiyyətli nümayəndə göndərmək qərara alınmışdı. Sonralar müstəqil Azərbaycanın təhlükəsizlik xidmətinin rəhbəri olan Nağı bəy Şeyxzamanlı İstanbula göndərilmişdi. O, əvvəlcə Osmanlı sultanı və sədrəzmlə görüşmüş­dür. Hərbi nazir Ənvər paşa ilə görüşdükdən sonra isə onun ögey qardaşı Nuru paşanın təlimatçı zabitlər heyəti ilə Azərbaycana göndərilməsi qərara alınmışdı.

Nuru paşa Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən üç gün öncə – ma­yın 25-də Gəncəyə gəlmişdi. O, Müsəlman korpusunun vəziyyəti ilə tanış olduqdan sonra Türkiyə qoşunlarının komandanlığına müraciət edərək bildirmişdi ki, türk qoşunları Azərbaycana gəlməsə, burada genişlənən erməni-bolşevik təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Nəsib bəy Yusifbəyli də Cənubi Qafqaz Seyminin Müsəlman fraksiyasının mayın sonuna yaxın keçirilən iclasında demişdi: “Yalnız Azərbaycanı deyil, bü­tün Cənubi Qafqazı istila edən böyük, dəhşətli anarxiyanı biz öz qüvvəmizlə sakitləşdirə bilmərik. Şərq tərəfdən bolşeviklərin bizim əsrlik düşmənimizlə (yəni ermənilərlə — N.M.) birləşərək hücum etməsi vəziyyəti daha da ağırlaşdırır və türk millətinə olduqca böyük müsibət və fəlakət gətirir. Belə olduğu halda, bizə xarici bir qüvvənin müdaxiləsini istəməkdən başqa çarə qalmır. İstiqlaliyyətimizin qızğın tərəfdarı olmaqla bərabər, mən bu məsələ haqqında birinci olaraq danışmaq məcburiyyətindəyəm. Fəlakətin üzünə cəsarətlə baxmaq lazım­dır. Çox fərəhli haldır ki, bizimlə dost və qardaş olan Türkiyədir. Bəlkə bu, bizim qonşuların xoşuna gəlməyəcəkdir, lakin başqa çarəmiz yoxdur... Bizim heyətin Batuma gedərək Cənubi Qafqaz türkləri adından Osmanlı dövlətindən yardım istəməsinin zamanı gəlmişdir”.

1918-ci il iyunun 4-də Ba­tumda Azərbaycan Cümhuriyyəti ilə Türkiyə arasında imzalanan dostluq və əməkdaşlıq haqqında müqavilənin 4-cü bəndinə əsasən, Azərbaycan Türkiyədən hərbi yardım istəmişdi. Bundan sonra Türkiyənin Şərq qoşunları koman­danı Vəhib paşa Qafqaz İslam Or­dusunu gücləndirmək məqsədilə Mürsəl paşanın komandanlığı al­tında 5-ci diviziyaya Azərbaycana yola düşmək əmri vermişdi. Həmin diviziyanın hissə və bölmələri Gümrü-Cəlaloğlu (indiki Stepana­van) istiqamətində hərəkət edərək, Gürcüstan ərazisinə daxil olmuş, oradan da Qazax yolu ilə Gəncəyə gəlib çıxmışdı.

Lakin Bakı Sovetinin bolşevik-daşnak ordusu Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyu­nun 10-da Gəncə istiqamətində hücuma başlamışdı.

İyunun 23-də Azərbaycan hökuməti ölkədə hərbi vəziyyət elan etmişdi.

Üç gün sonra, yəni iyunun 26-da Azərbaycan hökumətinin qərarı ilə Müsəlman Korpusu Xüsusi Azərbaycan Korpusu adlandı­rılmış, Əliağa Şıxlinski korpusa komandir təyin edilmişdi. Bu vaxt Azərbaycan hökumətinin qarşısın­da duran əsas vəzifə Bakını bolşe­vik-daşnak işğalından azad etmək və dövlətin ərazi bütövlüyünün bərpasına nail olmaqdan ibarət idi. Nuru paşa öz qoşunlarına müraciətində: “Bizim məqsədimiz Bakıdır” demişdi. İyunun 27-də Türkiyə–Azərbaycan qoşunları Bakı üzərinə hücuma keçmişdi. Həmin vaxt artıq erməni-rus hərbi birləşmələri Bakını, Qubanı, Şa­maxını viran qoymuş, Sovet Rusi­yasının hərbi yardımına arxalana­raq Göyçay istiqamətindən Gəncə üzərinə hücuma başlamışdı.

Azərbaycan–Türkiyə qoşun­ları ilə erməni-bolşevik qoşun­ları arasında ilk döyüş iyunun 16–18-də Göyçaydan 20 verst şərqdə yerləşən Qaraməryəm kəndi yaxınlığında baş vermis və düşmənlər oranı ələ keçirə bilmişdilər. İyunun 19-da Nuru paşanın tapşırığı ilə dö­yüş cəbhəsinə yeni qüvvələr göndərilmişdi. Döyüşlər, əsasən, Qaraməryəm–Ağsu şosesi və Müsüslü–Kürdəmir dəmir yolları ətrafında gedirdi. Qafqaz İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi Bakını azad etmək uğrunda mübarizədə dönüş nöqtəsi oldu. İyulun əvvəlində Türkiyədən köməyə gələn əsgər və zabitlərin sayı 10 min nəfərə çatırdı. İyulun 10-da Qafqaz İslam Ordusu Kürdəmiri erməni-bolşevik işğalından azad etdi. Dörd gün sonra isə Kərrar stansiyası azad edildi. Sol cinahda (Şamaxı istiqamətində) və sağ cinahda (Salyan istiqamətində) Qafqaz İslam Ordusunun qüvvələri, mərkəz cinahda isə Azərbaycan qoşunları (Kürdəmir istiqamətində) Bakı üzərinə hücuma keçmişdilər. S. Şaumyanın başçılığı ilə Bakı Xalq Komissarları Soveti Rusiya­nın İran ərazisindəki qoşunlarının tərkibindəki kazak dəstələrinin komandiri L.Biçeraxovu köməyə çağırmağa məcbur olmuşdu. İyulun 19-da Qırmızı ordu hissələri Şamaxı istiqamətində geri çəkildi. İyulun 27-də Hacıqabul işğaldan azad edildi və Bakı üzərinə hücum üçün əlverişli şərait yarandı.

İyulun 25-də Şamaxı yolunun üstündə olan düşmən qüvvələr Bakıya qədər geri çəkildi. Həmin gün Bakı Sovetinin iclasında sağ eserlər, daşnaklar və menşeviklər ingilis qoşunlarını Bakıya dəvət etdilər.

İyulun 31-də türk qoşunları Heybət stansiyasından irəliləyərək Xırdalanı azad edir. Bakı Soveti is­tefa verməyə məcbur olur. Sentro­kaspi Diktaturası və Fəhlə, Əsgər Deputatlarının Müvəqqəti İcraiyyə Komitəsi Rəyasət Heyəti adlanan hakimiyyət orqanı yaradıldığı elan edilir. Avqustun 1-də Türkiyə–Azərbaycan Qoşunlarının şimal qrupu Qurd qapısını ələ keçirsə də, onu əldə saxlamaq mümkün olmur. Avqustun 6-da Qafqaz İslam Ordusunun qərargah rəisi Nazım bəy Qobuya gəlir və Şərq Cəbhəsində vəziyyətin ürəkaçan olmadığını görür, 15-ci türk divizi­yasının bütünlüklə Bakı ətrafına göndərilməsini təklif edir.

Avqustun 17-də Denstervflin komandanlığı ilə ingilis qoşunları Bakıya gəlir. On gündən sonra yenidən hücum əməliyyatları başlayır. Azərbaycan–Türkiyə qo­şunları Fatmayı, Goradil, Pirşağı, Kürdəxanı və Novxanı kəndlərini azad edirlər. Sentyabrın 1-də Binəqədi azad edilir. Sentyabrın 8-də 15-ci diviziya Bakı cəbhəsinə çatır. İki gün sonra Qafqaz İslam Ordusunun komandanı Nuru paşa da Bakı ətrafına gəlir. Şəhər üzərinə hücum sentyabrın 14-nə keçən gecə saat 1-də başlayır. İngilis qoşunları bir az müqavimət göstərdikdən sonra Ənzəliyə çəkilməyə başlayır.

Sentyabrın 15-də Xəlil paşa­nın sərəncamına keçmiş Türkiyə qoşunları səhər saat 5.30-da Bakı üzərinə həlledici hücuma keçir. Üç saat sonra isə Əhmədli və Qaraşəhər ələ keçirilir. Günorta­dan sonra şəhər ingilis, Sentro­kaspi və daşnak qoşunlarından tamamilə təmizlənir.

Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk–Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamen­tinin, hökumətinin üzvləri, Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər.

Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri qoşun bölmələrinin müşayiətilə Bakıya daxil oldular. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Bu münasibətlə hökumətin yerləşdiyi Oğlanlar gimnaziyasının qarşısın­da şəhər ictimaiyyətinin əzəmətli nümayişi keçirildi. Beləliklə, Azərbaycanda dövlət quruculuğu­nun əsas mərhələsinə start verildi.

Təkcə Bakının azad edilməsi zamanı 1000 nəfərə yaxın döyüşçü həlak olmuşdu. Avqust ayı ərzində isə 1130 türk hərbçisi həlak olmuşdu ki, onlardan da 30 nəfəri zabit idi. Ümumiyyətlə isə xilaskar türk ordusu Azərbaycan uğrunda 5 minə yaxın şəhid vermişdi. Türk ordusunun Azərbaycanda hərbi əməliyyatlar keçirdiyi bölgələrdə onlarca şəhidlik mövcuddur.

Bakının işğaldan azad edilməsinin ildönümündə – 1919-cu il sentyabrın 15-də “Azərbaycan” qəzeti yazırdı: “Əgər mayın 28-ni biz müstəqilliyimizin rəsmi elan edilməsi günü sayırıq­sa, sentyabrın 15-də Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin Bakıya daxil olma­sını müstəqilliyin, həqiqətən də əldə edilməsi, dövlətçiliyin başlıca əsaslarının və özülünün qoyulma­sı günü hesab edə bilərik”.

Əgər xilaskar türk ordusu­nun sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin özülü möhkəmləndirilməsəydi, bu gün onun varisi müstəqil Azərbaycan dövləti də olmayacaqdı.

1919-cu ilin sentyabrında indiki Şəhidlər xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyulsa da, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının başa çat­masına imkan vermədi. Lakin Azərbaycan xalqı türk ordusunun Bakının işğaldan azad edilməsi üçün göstərdiyi qəhrəmanlıqları, verdiyi qurbanları həmişə ehtiram­la yad etmişdir.

Xilaskar türk ordusunun xatirəsinə bu gün Bakının Şəhidlər xiyabanında abidə ucaldılıb. Şəhid türk əsgərlərinin bir qisminin adları mərmər lövhələrə həkk olunub. Bakı–Şamaxı yolunda şəhid türk zabitinin məzarı üzərində abidə ucaldılıb.

103 il əvvəl olduğu kimi, bu gün də Türkiyə yenə Azərbaycanın yanındadır. Türkiyənin xilaskar­lıq missiyası iki qardaş dövlətin müştərək tarixinə qızıl hərflərlə həkk olunub.

1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra onu ilk tanıyan Türkiyə Cümhuriyyəti oldu. İki qardaş dövlətin ortaq tarixinin yeni parlaq səhifələri yazıldı. Ümummilli lider Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı strateji yol xəritəsinə çevrildi.

1994-cü il fevralın 9-da “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”, eləcə də 16 avqust 2010-cu il tarixində “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yar­dım haqqında Müqavilə” imzalan­dı. İkinci Qarabağ müharibəsi za­manı Ermənistanın Azərbaycana qarşı 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyü­nün bərpa edilməsində Türkiyə Respublikasının hərbi-siyasi və mənəvi dəstəyi mühüm rol oynadı.

14 iyun 2021-ci ildə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılma­sını təmin etmək məqsədilə hər iki dövlətin başçıları azad Şuşada “Şuşa bəyannaməsi”ni imzaladılar.

Bununla iki qardaş dövlət arasında münasibətlərin yeni parlaq səhifəsi açıldı. 1920-ci ildə Azərbaycanı Naxçıvanla, Türkiyəni türk dünyası ilə bir-birindən ayıran Zəngəzur dəhlizinin açılması üçün ortaq iradə ortaya qoyuldu.

1918-ci ildə Qafqaz İslam Ordusunun Azərbaycanı daşnak-bolşevik işğalından qurtulmasında göstərdiyi xilaskarlıq missiyası haqqında istər Türkiyədə, istərsə də Azərbaycanda çoxsaylı əsərlər yazılmışdır. İki qardaş xalqın öv­ladlarının ağır günlərdə bir-birinin yardımına yetmələrini özündə əks etdirən tariximizin müştərək və şanlı səhifələri mövcuddur.

Azərbaycan türkləri istər Bal­kan müharibəsində, istər Birinci Dünya müharibəsində, istərsə də milli mücadilə illərində Türkiyənin ərazi bütövlüyünün qorunma­sında və işğalçı ordulara qarşı mübarizəsində fəal iştirak etmişlər. Türk ordusunun Çanaqqala cəbhəsində, Antanta qüvvələrinə qarşı, İraq cəbhəsində ingilislərə qarşı, Şərqi Anadoluda ermənilərə qarşı azərbaycanlı könüllülər can­larını fəda etmişlər.

Türkiyənin istiqlal savaşında Azərbaycanın göstərdiyi yardım­lara görə, Mustafa Kamal Ata­türkün göndərdiyi minnətdarlıq məktubuna Azərbaycan Sovet hökumətinin başçısı Nəriman Nərimanov 23 mart 1921-ci il tarixində belə cavab vermiş­di: “Paşam, türk millətinin bir ənənəsi vardır, qardaş qardaşa borc verməz. Qardaş һәr durum­da qardaşın əlindən tutar... Biz qardaş xalqlarıq. Нər zaman və hər şəraitdə bir-birimizin əlindən tutacağıq. 1918-ci ildə siz bizim əlimizdən tutdunuz. Bizi mütləq bir ölümdən qurtardınız. Bu gün biz sizin qardaşınız olaraq əlinizdən tutmağa çalışacağıq. İmkanımız çatdığı qədər pul göndərəcəyik. Bu gün sizin üçün etmək istədiyimiz, bir qardaşın öz qardaşı üçün etmək istədiyindən başqa bir şey deyildir”.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, dövlətlər arasında Azərbaycanla Türkiyənin bir-birinə yaxın, qardaş olduğu qədər ikinci bir nümunə yoxdur. Bu qardaşlıq tarixin sınaqlarından hər zaman üzüağ çıxmışdır.

Nazim MUSTAFA,

tarix üzrə fəlsəfə doktoru,

Prezident Kitabxanasının şöbə müdiri

 

15 Sentyabr 2021 00:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə