Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın siyasi-diplomatik uğurları artmaqdadır

Dünya miqyasında Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostla­rını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Məlum olduğu kimi, beynəlxalq diplomatiya “müstəqil dövlətlər arasında rəsmi əlaqələrin həyata keçirilməsində ədəb və ağlın tətbiqi” kimi təqdim edilir. Onun əsas predmeti dünyanın siyasi xəritəsində diqqəti cəlb edən dövlətlərdir. Fərəhli haldır ki, bu gün Azərbaycan belə bir dövlət kimi tanınır.

Prezident İlham Əliyevin Azərbaycanı Cənubi Qafqaz re­gionunda əsas söz sahibi olan, strateji önəmli dövlətə çevirməsi dünyada etiraf olunur. Son 18 ildə yürüdülən uğurlu siyasi diplomati­yanın sayəsində 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbə dövlətimizin beynəlxalq mövqelərini daha da gücləndirmişdir.

Hazırda dünya miqyasında mürəkkəb, ziddiyyətli geosiyasi proseslər gedir, həmçinin COVID-19 pandemiyası tüğyan edir. Belə bir vaxtda Azərbaycanda həm dönməz ictimai-siyasi sabitlik hökm sü­rür, həm də ölkəmizin beynəlxalq əlaqələri daha sabit xarakter alır. Prezident İlham Əliyevin milli ma­raqlara söykənən xarici siyasət kursu ölkəmizi daim irəli aparır, öncül dövlətlər sırasında möhkəmləndirir. Azərbaycanın dünyada etibarlı və strateji tərəfdaşa çevrilməsi dövlət başçımızın yürütdüyü xarici siyasətin nəticəsidir. Bu gün Azərbaycanın səsi beynəlxalq təşkilatlarda daha gur eşidilir, onunla hesablaşırlar və təklifləri, təşəbbüsləri qəbul edilir. Təkcə ölkəmizin 120 daimi üzvü olan Qoşulmama Hərəkatına bacarıqla sədrlik etməsini göstərmək kifayətdir ki, diplomatik uğurlarımızın aydın mənzərəsi göz önündə canlansın.

Prezident İlham Əliyev vaxtaşırı olaraq ən mötəbər tədbirlərə dəvətlər alır, aparıcı dövlətlərin, beynəlxalq təşkilatların rəhbərləri, nüfuzlu ictimai-siyasi xadimlərlə görüşür, bu və digər məsələlərlə bağlı fikirlərini çəkinmədən, cəsarətlə söyləyir. Ölkəmizin belə yüksək nüfuza malik olmasının başlıca səbəbi məhz dövlət başçısının ulu öndər Heydər Əliyev məktəbini keçməsi, unudulmaz dahi şəxsiyyətdən miras qalmış strategiya­ya sadiqliyi, özünün dürüst idarəetmə metodları, kreativ düşüncə tərzi və daim güclü dəstəyinə arxalandığı xalqının mənafeyi prizmasından çıxış etməsi ilə bağlıdır. Əlbəttə, bütün bunlar Azərbaycana göstərilən beynəlxalq etimadı daha da artırır.

Azərbaycan Vətən müharibəsindəki şanlı zəfəri ilə BMT Təhlükəsizlik Şurasının illərdən bəri yerinə yetirilməyən qətnamələrini öz gücünə icra elədi, regionda yeni reallıqlar yaratdı və dünyanı həmin reallıqlarla hesablaşmağa səslədi. Ötən illər ərzində bu qələbəyə elə əsaslı siyasi-diplomatik zəmin yara­dılmışdı ki, hamı kimin təcavüzkar, kimin də təcavüzə məruz qalan olduğunu təsdiqləməli oldu, azadlıq mücadiləsinin Azərbaycanın haqq işi olduğunu etiraf etdi. Biz Ermənistanın işğalçı siyasətinin beynəlxalq səviyyədə ifşasına nail olduq, dünya erməniliyinin başlada biləcəyi xarici təhdid və təzyiqlərin qarşısına sədd çəkərək, onları yetərincə neytrallaş­dırdıq. Bədxahlarımız da Qarabağda qələbənin ana südü kimi halal haqqı­mız olduğunu görüb susdular.

Prezident İlham Əliyevin bu gün yürütdüyü alternativsiz siyasətin bir mühüm cəhəti də odur ki, xarici diplomatların, jurnalistlərin, QHT nümayəndələrinin, dost ölkələrdən gəlmiş qonaqların Bakıdan Qaraba­ğa müntəzəm səfərləri təşkil edilir. Ziyarətçilərin orada aparılan geniş­miqyaslı bərpa-quruculuq tədbirlərini və erməni təcavüzkarlarından “yadigar” qalan vəhşiliyi, vandalizm izlərini öz gözləri ilə görürlər və bizim sülhpərvər niyyətlərimizi necə əzmlə reallaşdırdığımıza, necə bir faşizmlə qarşı-qarşıya olduğumuza canlı şa­hidlik edirlər.

Regionda yaranan yeni iqtisadi re­allıqlarda Azərbaycan əsas rol oyna­yır. Elə bu səbəbdən də İlham Əliyev cəsarətli təkliflər irəli sürür və yeni əməkdaşlıq formatının yaradılmasının vacibliyini bildirir. Məlum olduğu kimi, Qarabağ müharibəsindən sonra burada yaranan ilk reallıq özündə yeni kommunikasiyaların yaradılma­sını və nəqliyyat dəhlizlərinin açıl­masını ehtiva edir. Qonşu ölkələrinin birgə əməkdaşlığı sayəsində gerçəkləşəcək müştərək layihələr, sözsüz ki, bölgənin sürətli inkişafı üçün real zəmin yaradar. Bunu lazı­mınca dəyərləndirən İlham Əliyev də məhz regionda yeni “3+3” əməkdaşlıq formatının yaradılmasını təklif edib. Bu, Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan əməkdaşlığını nəzərdə tutan plat­formadır. Yəni inkişafa, ilk növbədə, onun aid olduğu regionun dövlətləri səy göstərməlidirlər. Çünki məhz zamanın çağırışları bölgənin gələcək təhlükəsizliyini gücləndirə bilər. Bu kontekstdə Zəngəzur dəhlizinin açıl­ması təkcə region ölkələrinin maraq­larına hərtərəfli cavab vermir, həm də möhtərəm Prezidentimizin söylədiyi kimi, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Necə ki, Bosfor bo­ğazı körpüləri ilə İstanbuldan keçənlər dünyaya açılır.

Siyasi-diplomatik uğurlarda iqti­sadi güc amilinin olması əsas şərtdir. Ölkəmizin zəngin karbohidrogen ehtiyatları və bundan maksimum səmərəli istifadə edə bilməyimiz sayəsində biz dünyada böyük nüfuz qazanmışıq. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin etibarlı təminatçısı rolunda çıxış edir. Ölkəmizin nefti, qazı, digər təbii sərvətləri Avropa və dünya bazarları­na çatdırılır. Beynəlxalq banklar heç bir risk amili görmədən iqtisadiyya­tımızın inkişafına sanballı investisi­yalar qoyur, özləri də Azərbaycanla işbirliyindən lazımınca faydalanırlar.

Ölkəmizin beynəlxalq təşkilatlarla sıx əlaqələr qurması diplomati­yamızın başlıca uğurlarındandır. Azərbaycan Prezidenti çıxışlarında BMT-nin, Avropa İttifaqının, Qoşulma­ma Hərəkatının və digər beynəlxalq təşkilatların regionlarda dinc inkişa­fa güclü dəstək verə biləcəklərini, səmərəli beynəlxalq layihələr təqdim edərək icrasını reallaşdırmaq imka­nında olduqlarını nəzərə çatdırıb.

1991-ci ildə yaranmış Azərbaycan – Avropa İttifaqı münasibətləri hazırda ən yüksək səviyyədə olması ilə seçilir. Çünki ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev beynəlxalq əməkdaşlığın yeni müstəviyə qədəm qoyması istiqamətində bütün imkanlardan istifadə edir.

Bir neçə ay öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişe­lin ölkəmizə işgüzar səfəri uğurlu perspektivi hədəfləyən səmərəli əməkdaşlığın təzahürü idi. Bildiyimiz kimi, respublikamız uzun illərdir ki, Avropa İttifaqı ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir. Bu layihəyə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Ticarətimizin, demək olar ki, 40 faizi Avropa İttifaqı ilə aparılır və bu quruma üzv dövlətlərin üçdə-biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Ötən ilin sonuncu günündə Cənub Qaz Dəhlizinin axırıncı – dördüncü seq­menti olan Trans-Adriatik kəmərinin istismara verilməsini böyük tarixi əhəmiyyət kəsb edən hadisədir.

Şarl Mişel Azərbaycanla tərəfdaşlığın təkcə maliyyə dəstəyinə əsaslanan işbirliyindən ibarət olma­dığını bildirib: “Bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki pri­oritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır”.

Bu yanaşma Azərbaycanın dünya üçün, o cümlədən Avropa üçün necə böyük önəm kəsb etdiyini, cənab İlham Əliyevin beynəlxalq aləmdə necə yüksək etimad qazana bildiyini göstərir. Azərbaycan Prezidentinin hər zaman vaxtında atdığı uğurlu diplomatik addımlar gözəl nəticələrə gətirib çıxarır və real siyasətdə əməli fayda verir. Dövlət başçımı­zın müxtəlif diskussiyalarda inamla söylədikləri isə dünyanın ən mühüm problemlərinin həllinə özəl yanaşma kimi yadda qalır, onun mövqeyini daha yaxşı anlamağa kömək edir.

Prezident İlham Əliyev həm Azərbaycana rəhbərlikdə, həm də beynəlxalq aləmdə beləcə fəal, nümunəvi siyasət aparır, dövlətlərarası münasibətlərin, beynəlxalq təşkilatın daha aktiv fəaliyyətinin təşəbbüskarı kimi çıxış edir. Qoşulmama Hərəkatının sədri kimi narahat dünyanın ağ­rılı problemlərinin həllində, İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə müsəlman ölkələrinin inteqrasiyasın­da, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının çalışmalarında, MDB çərçivəsində ünsiyyətin artma­sında Azərbaycan Prezidentinin əməli fəallığı çox zaman həlledici rol oynayır. Dövlətimizin başçısı­nın uzaqgörən siyasəti sayəsində Azərbaycan beynəlxalq konfransların, simpoziumların, yarışların, qlobal fəaliyyətlərin mərkəzinə çevrilib. Ölkəmizin tolerantlığı, multikultura­lizmi, buradakı aktiv dialoq mühiti, sülhpərvərlik və birgəyaşayışın nümunəvi formaları ölkəmizin üstün keyfiyyətləri kimi səciyyələndirilir.

Diplomatiya incə və dəyişkən xarakterli bir sahədir, o, daim inki­şaf edir, yeni, gözlənilməz metod­ları, formaları yaranır. Bizim üçün son dərəcə sevindirici haldır ki, Azərbaycan rəhbəri İlham Əliyev öz fəaliyyətində, uğur qazandığı diplo­matiya sahəsində zamanın “nəbz”ini düzgün tutmaqla ölkəmizi və xalqı­mızı yeni və daha böyük nailiyyətlərə çatdırır. Bütün bunların kökündə onun həyata keçirdiyi müstəqil siyasətin da­yandığı şəksizdir. Elə bu məzmun və mahiyyət də dövlətimizin beynəlxalq nüfuzunu davamlı olaraq artırır.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

15 Sentyabr 2021 00:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə