Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlətçilik tariximizin yeni mərhələsi

Bu gün bizim bölgəmizdə yeni vəziyyət yaranmışdır, yeni reallıq yaradılmışdır. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haq­qında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Qırx dörd günlük İkinci Qarabağ müharibəsində dövlətçilik ta­riximizin ən parlaq səhifələri yazıldı, düşmən üzərində möhtəşəm qələbə qazanıldı. Bununla da uzun dövr ərzində aparılan danışıqlar prosesində düşmən dövlətin reallaşdırmaq istədiyi niyyət həyata keçmədi, “Dağlıq Qarabağ”ın statusunun müəyyənləşdirilməsi gerçəkləşmədi, bu bölgədə yeni erməni dövlətinin yaradılması planı isə tamamilə alt-üst oldu.

Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistan üzərinə götürdüyü kapitulyasiyanın tələblərinin ödənilməsi barədə razılığa gəldi, şərtlərə uyğun ola­raq, əvvəlcə Ağdam şəhərini və rayonun işğal altında qalan kəndlərini qeyd-şərtsiz azad etdi. Növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və Laçın rayonları rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi.

Vətən müharibəsi getdiyi günlərdə Azərbaycana güclü təhdidlər, təzyiqlər oldu. Ancaq bunlar ölkəmizi haqq-ədalət yolundan döndərə bilmədi. Çünki dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan haqq savaşı aparırdı, ədalət uğrunda, ərazimizin bütövlüyü uğrunda döyüşürdü. Döyüş meydanında, diplomatiya sahəsində qazanılan qələbə isə Azərbaycanın gücünü və xalqımızın nəyə qadir olduğunu bir daha təsdiqlədi.

Müharibədən sonra üç ölkə – Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan üçtərəfli bəyanatın müvafiq bəndinə uyğun olaraq, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasının zəruriliyi vurğulanır. Başqa sözlə desək, Naxçıvan Muxtar Res­publikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiya­larının inşasının reallaşdırılması nəzərdə tutulur. Bu il fevralın 14-də Prezident İlham Əliyevin Horadiz–Ağbənd dəmiryolu xəttinin təməlini qoyması da sözügedən bəyanatın 9-cu maddəsinin icrasına başlanılmasının bariz ifadəsidir.

Əməkdaşlıq və nəqliyyat baxımın­dan Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan sənədlər arasında ən mühüm məsələlərdən biri sayılır və bu, Ermənistan da daxil olmaqla, bütün region ölkələrinin maraqlarına xidmət edir. Azərbaycan bölgədə davamlı sül­hün bərqərar olması üçün əsas vasitəni əməkdaşlıqda görür və buna görə də Zəngəzur dəhlizinin yaradılmasını, nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir.

Bu dəhlizin əhəmiyyəti barədə Prezident İlham Əliyev deyib: “Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyası­nın coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dün­yası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyası­nın birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunika­siya, infrastruktur layihələri bütün türk dün­yasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən, Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmiryolu əlaqəsi yoxdur. Bu dəmiryolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmiryolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmiryolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Av­ropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.

Göründüyü kimi, Zəngəzur dəhlizinin açılması Cənubi Qafqazdan keçən marş­rutlar sisteminin fəaliyyətini daha da can­landıracaq. Dəhliz, həmçinin Azərbaycan və İran Culfası arasında dəmiryolu xəttinin açılışına və İranın dəmiryollarına çıxış əldə etməyə imkan verəcək. Bununla bərabər, Zəngəzur dəhlizi təkcə dəmiryolları deyil, həm də avtomobil yolları sisteminə malik olacaq. Deməli, bu dəhlizin yaradılması həm də avtomobil əlaqəsinin açılmasına imkan yaradacaq.

Hazırda Türkiyədən yüklər Azərbaycana Gürcüstan və İran vasitəsilə tranzit yolu ilə çatdırılır. Bu maşrutun ya­radılması Türkiyədən Azərbaycana və əks istiqamətdə malların birbaşa tədarükünü asanlaşdıracaq. Beləliklə, daha bir kom­munikasiya xətti türk dünyası coğrafiya­sında, eləcə də, Asiya və Avropa arasında əlaqələrin daha sürətli və asan olmasına şərait yaradacaq.

Bütün bunlar deməyə əsas verir ki, artıq bölgədə yeni nəqliyyat və infrastruktur xəritəsinin formalaşdırılmasına başlanılıb. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən indiyədək Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaradıb. Məhz ölkəmizinn təşəbbüsü ilə reallaşdırılan Şimal–Cənub, Şərq–Qərb və Cənub–Şimal nəqliyyat dəhlizləri qitələrarası daşınmaların həyata keçirilməsini gerçəkləşdirib. Bu nəqliyyat dəhlizləri istifadəyə verildiyi vaxtdan tarixi İpək yolunun bərpasında mühüm önəm daşıyıb.

Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri isə dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq. Başqa sözlə, yeni yaranacaq nəqliyyat infrastruk­turu beynəlxalq status qazanmaqla Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşuruta çevriləcək.

Ümumiyyətlə, Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir “damarı” açılacaq və bu, nəticədə bölgə ölkələri arasın­da xüsusilə iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana bir­başa quru yolu reallaşdıracaq. Şübhəsiz ki, bu da, öz növbəsində, ikitərəfli iqtisadi və turizm əlaqələrinin daha sürətli inkişafına şərait yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək.

Ermənistan isə Zəngəzur dəhlizinin qeyd edilən üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inki­şafını gerçəkləşdirmək imkanları əldə edər.

Əks halda, təcavüzkar siyasətindən əl çəkməsə, bu ölkədə işsizlik səviyyəsi daha da artacaq, mühacirət və yoxsulluqla müşayiət olunan iqtisadi vəziyyət getdikcə ağırlaşacaq, düşmən respublikada xaos və özbaşınalıq daha da dərinləşəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hazırda işğaldan azad olunan ərazilərdə bütün zəruri bərpa-quruculuq tədbirləri ən müasir standartlara uyğun həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir, sərhədlərin etibarlı qorunması üçün bütün lazımi işlər görülür.

Burada bir məsələyə də xüsusi toxunmaq istərdik. İşğaldan azad edilən ərazilərdə yüz minlərlə mina basdırılıb. Müharibə başa çatandan bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi mina­ya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə də hazırda minatəmizləmə işi sürətlə aparılır.

Ermənilərin bütün bu vandal, barbar əməlləri dövlətimizin gücü ilə aradan qaldırılır, dağıdılan maddi-mədəni irsimiz yenidən bərpa olunur. Prezident İlham Əliyevin işğaldan azad edilən rayonlara səfərləri zamanı etdiyi çıxışlar zamanı səsləndirdiyi fikirlərdə də bu məqam xüsusi yer tutur. Dövlətimizin başçısının vurğuladığı kimi, necə birlik, həmrəylik göstərib torpaqlarımızı azad etdik, həmin birlik sayəsində də bərpa-quruculuq işlərini həyata keçiririk. Ərazilərimiz bərpa planına uyğun olaraq yenə də əvvəlki vəziyyətinə qayıdır, torpaqların potensial imkanından istifadə edilməklə regional inkişaf proq­ramlarının uğurlu icrası getdikcə sürətlənir, Qarabağın yaraları sağaldılır.

Hazırda Azərbaycan və Ermənistan arasında sərhəd xəttinin bir tərəfində qələbə qazanan, əraziyə hakim, müasir silahlarla təchiz edilən şanlı Azərbaycan Ordusu, düşmənin xarabalığa çevirdiyi torpaqları yenidən abadlaşdıran bir ölkə, digər tərəfində isə təxribat və terror həyata keçirən, sərxoş olub hikkəsindən ətrafa atəş açan məğlub, rəzil dövlətin əsgəri, mifologiyanı dövlət siyasətinə çevirərək faciəsini daha da dərinləşdirən işğalçı respublika dayanır.

Bu məqamda qeyd edək ki, ermənilərdə olan türkfobiya, Azərbaycana qarşı kin-küdurət, nifrət hissi bu xalqın faciəsini, gündən-günə artan uğursuzluğu­nu şərtləndirir. Bunun sonu isə görünmür. Elə Ermənistan prezidenti Armen Sarkis­yanın İrəvanda erməni irsinin qorunması mövzusunda konfransda etdiyi çıxışa nəzər salsaq, bunu aydın görə bilərik. Erməni mediası bildirir ki, Sarkisyan çıxı­şında Azərbaycanın nəzarətinə keçən Qa­rabağ ərazilərində erməni mədəni və dini irsinin taleyindən narahat olduğunu bildirib. Onun sözlərinə görə, erməni kimliyi xristian inancına və kilsəyə əsaslanır. Döyüşdə və ya müharibədə uduzmağın mümkün olduğunu, ancaq xalqın kimliyini itirməsə, gələcək qələbələrə hər zaman hazır olaca­ğını deyib: “Bu kontekstdə, hər bir kənddə, hər bir şəhərdə erməni tarixinin, mədəni və tarixi irsinin əks etdirilməsi, Qarabağda xristian imicinin qorunması vacibdir...

...Mən Ermənistan prezidenti olaraq Şuşada qürur duydum. Nəinki şəhərdə heyrətamiz kilsələrin olması ilə, həm də həmvətənlərimin məscidin bərpası üçün böyük vəsait yatırmaları ilə fəxr edirdim”.

Sarkisyan, eyni zamanda, erməni xalqının ayağa qalxması, inancı, kilsəsi və kimliyi uğrunda mübarizə aparmaq üçün kifayət qədər gücə malik olduğuna əminliyini də bildirib.

Bax, bu sözlər erməni bədbəxtliyini, revanşizmini açıq-aydın göstərir. Bu cür xislətlə, bu cür düşüncə ilə bu xalq bundan sonra da ağır, böhranlı durumda yaşaya­caq. Əlbəttə, revanşizm baş qaldıranda isə cavabını alacaq.

Ermənistan, həqiqətən, bu böhran­dan, yaşadığı xaosun girdabından xilas olmaq istəyirsə, Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpası ilə bağ­lı təşəbbüslərinə qoşulmalı, ölkəmizə qarşı düşmən münasibətə son qoyma­lıdır. Amma təəssüf ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində “dəmir yumruq”la başı əzilən Ermənistan bu gün acı məğlubiyyəti ilə barışmaq istəmir. Görünür, düşmən İkinci Qarabağ savaşın­dan hələ də dərs çıxara bilməyib, bundan sonra törədəcəyi hər hansı bir təxribatı müqabilində isə “dəmir yumruq”la rastlaşa­cağını ağlına belə gətirə bilmir.

Hazırda Ermənistandakı bu cür qüvvələr xaricdən dəstəkləndiyindən vaxtaşırı təxribatlar törədirlər. Əgər belə olmasaydı, müzəffər Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılan, faktiki olaraq diz çökdürülən ermənilər revanşizmə cəhd etməzdilər.

Azad edilən, yağı tapdağından təmizlənən ərazilərimiz bundan sonra hər zaman ordumuz tərəfindən, necə deyərlər, göz bəbəyi kimi qorunacaq. Nə vaxtsa, düşmən baş qaldırıb, işğal barədə düşünərsə, şübhəsiz ki, vurğuladığımız kimi, “dəmir yumruq” işə düşəcək. Buna görə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət sərhədlərimizin ciddi şəkildə qorun­ması, möhkəmlənməsi diqqət mərkəzində saxlanılır.

Ermənistanda revanşist qüvvələr həm də bilməlidirlər ki, Azərbaycan Silahlı Qüvvələrinin güc-qüdrətinin artırılma­sı son 18 ildə olduğu kimi, hazırda da xüsusi diqqətdə saxlanılır. Ölkə rəhbərinin göstərişlərinə əsasən, düşməndən təmizlənən ərazilərdə bərpa işləri apa­rılmaqla yanaşı, yeni hərbi hissələr yaradılır, hərbi arsenal müasir silahlarla zənginləşdirilir və silahlanmaya yeni pilotsuz uçuş aparatları daxil edilir, müasir hərbi infrastrukturun qurulması məsələsinə xüsusi önəm verilir. Cəbrayıl rayonun­da Dövlət Sərhəd Xidmətinin 5 min 339 kvadratmetr ərazidə yaradılan yeni hərbi hissəsinin istifadəyə verilməsi də bunun bariz ifadəsidir.

Erməni cəmiyyəti baş verən bu prosesləri diqqətlə izləməli, İkinci Qarabağ müharibəsinin dərslərindən nəticə çıxar­malı və hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir. Əks təqdirdə, “dəmir yum­ruq” yenidən işə düşə bilər.

“Xalq qəzeti”

15 Sentyabr 2021 00:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə