Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

QMİ sədri “G20 Dinlərarası Forum” çərçivəsində ABŞ-ın nüfuzlu xristian dini təşkilatının nümayəndələri ilə görüşüb

İtaliyanın G20-yə sədrliyi çərçivəsində Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum”da iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Yuta ştatındakı İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin (Mormon kilsəsi) 12 Həvarinin Kvorumunun üzvü Ronald Raşband və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Tərəflər arasında əlaqələrin inkişa­fının müzakirə olunduğu görüşdə QMİ sədri Azərbaycan həqiqətlərinin dünya­ya çatdırılmasının önəmini vurğulaya­raq, bu istiqamətdə Mormon kilsəsini dəstək verməyə çağırıb.

Şeyxülislam A.Paşazadə Azərbaycanın 30 il ərzində erməni işğalında qalmış torpaqlarını Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və xalqımızın yenilməz iradəsi ilə azad etdiyini, Ermənistanın həmin ərazilərdə mis­li görülməyən vəhşilik və vandalizm aktları törətdiyini bildirib. Ermənistanın, xüsusilə erməni kilsəsinin münaqişəni həmişə dini zəminə çəkməyə çalışdı­ğını, bununla da xristian dünyasının dəstəyini əldə etmək istədiyini bildirən şeyxülislam dünya ictimaiyyətinin bu əsassız cəhdlərə inanmadığını, münaqişənin dini zəmində olmadığının şahidinə çevrildiyini vurğulayıb.

Azərbaycanın tolerant və multikultu­ral dəyərlərə sadiq ölkə qaldığını qeyd edən QMİ sədri Prezident İlham Əliyevin erməni işğalçılarının vandalizminə məruz qalan, mənsubiyyətindən asılı olmayaraq, bütün məbədlərin təmir və bərpa ediləcəyinə dair verdiyi bəyanatların buna ən parlaq sübut oldu­ğunu vurğulayıb. Şeyxülislam Allahşükür Paşazadə azad olunmuş torpaqlar­dakı erməni vandalizminin izlərinin və Azərbaycan tərəfindən aparılan bərpa işlərinin şəxsən şahidi olmaq üçün R.Raşbandı ölkəmizə səfərə dəvət edib.

Birləşmiş Ştatların nümayəndə heyətinin üzvləri öz növbələrində Azərbaycan həqiqətləri barədə məlumatlı olduqlarını, ölkəmizin dün­yadakı mövqeyini dəstəklədiklərini bildiriblər.

Görüşdə qarşılıqlı tərəfdaşlığın daha da genişləndirilməsi üçün bu cür dialoq platformalarının əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə Bakı Beynəlxalq Multikultu­ralizm Mərkəzinin (BBMM) icraçı direk­toru Rəvan Həsənov və Dağ yəhudiləri dini icmasının sədri Melix Yevdayev iştirak ediblər.

Nihad BUDAQOV,

AZƏRTAC-ın xüsusi müxbiri

Bolonya

14 Sentyabr 2021 23:50 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə