Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şeyxülislam Allahşükür Paşazadə Bolonyada İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi ilə görüşüb

 

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bolonya şəhərində keçirilən “G20 VIII Dinlərarası Forum” çərçivəsində İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi, Əl-Əzhər məscidinin Şeyxi Əhməd Əl-Tayyibin şəxsi nümayəndəsi Məhəmməd Əbdül Salam ilə görüşüb.

Görüşdə QMİ sədri Azərbaycanın 30 il ərzində Ermənistan əsarətində olan torpaqlarını işğaldan azad etdiyini deyib, ermənilərin həmin ərazilərdəki vandalizm aktlarından danışıb, düşmən tərəfindən 67 məsciddən 64-nün tamamilə məhv edildiyini, məzarların dağıdıldığını vurğulayıb.

Şeyxülislam Azərbaycanın azad etdiyi ərazilərdə hazırda dini-mədəni abidələrin bərpasını həyata keçirdiyini, bütövlükdə bu ərazilərdə geniş qurucu­luq və yenidənqurma işlərinin aparıldığı­nı bildirib.

QMİ sədri 44 günlük Vətən müharibəsi dövründə Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibin ölkəmizə dəstəyini xüsusilə vurğulayıb.

Şeyxülislam Əl-Əzhərin Şey­xi Əhməd Əl-Tayyibi Azərbaycana dəvət etdiyini və bu dəvətini bir daha yenilədiyini deyib.

İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi QMİ sədrindən Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibin salamlarını Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevə çatdırmağı xahiş edib. O, Qafqaz Müsəlmanları İdarəsi ilə səmərəli əməkdaşlıqlarından məmnunluğunu bildirib. Məhəmməd Əbdül Salam şeyxülislamı Misirə səfərə dəvət edib.

Baş katib Azərbaycana səfərini və şeyxülislamla bir daha görüşünü səbirsizliklə gözlədiyini deyib.

Görüşdə Qafqaz Müsəlmanları İdarəsi ilə İnsan Qardaşlığı Ali Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Nihad BUDAQOV,

AZƏRTAC-ın xüsusi müxbiri

Bolonya

14 Sentyabr 2021 23:24 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə