Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi ilə görüşüb

 

 

İtaliyanın G20-yə sədrliyi çərçivəsində Bolonya şəhərində işə başlayan “G20 VIII Dinlərarası Forum”da iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinosla görüşüb.

QMİ sədri Migel Anhel Moratinosa Azərbaycan Respublikasının Preziden­ti İlham Əliyevin salamlarını çatdırıb. Şeyxülislam qeyd edib ki, Migel Anhel Moratinos Azərbaycanda həm dövlət, həm də xalq tərəfindən böyük hörmətə sahibdir.

Azərbaycanın işğaldan azad et­diyi ərazilərdə müsəlman və xristian məbədlərinin təmir və bərpasını həyata keçirdiyini deyən QMİ sədri həmin ərazilərdə infrastrukturun bərpası və yenidən qurulması işlərinin isə uğurla davam etdiyini bildirib.

Migel Anhel Moratinos öz növbəsində şeyxülislam Allahşükür Paşazadədən Azərbaycan Respublika­sının Prezidenti İlham Əliyevə salamla­rını və dərin ehtiramını çatdırmağı xahiş edib.

Cari ilin iyun ayında Azərbaycana səfərini xatırladan BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi işğaldan azad olunmuş ərazilərə ziyarətini və orada gördüklərindən çox təsirləndiyini vurğulayıb.

O, Azərbaycanın həmin ərazilərdə həyata keçirdiyi təmir-bərpa işlərini tez bir zamanda uğurla başa çatdıracağına ümidvar olduğunu deyib.

Şeyxülislam Migel Anhel Moratinosla həm 44 günlük Vətən müharibəsindən əvvəl, həm müharibə zamanı, həm də Azərbaycanın qələbəsi ilə yekunlaşan müharibədən sonra dəfələrlə onlayn görüşlər keçirdiyini xatırladıb. Bildirib ki, bu görüşlərdə BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi vəziyyətdən narahatlığını və sülhə nail olmaq üçün əlindən gələni etməyə hazır olduğu­nu qeyd edib. QMİ sədri bunun üçün Migel Anhel Moratinosa öz təşəkkürünü bildirib.

BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi isə bölgədə sülhün bərqərar olmasına, tərəflər arasında anlaşma ab-havasının yaradılmasına öz töhfəsini verməyə hazır olduğunu deyib. Migel Anhel Moratinos qeyd edib ki, Azərbaycanın və Ermənistanın dini liderlərinin görüşü sülhün bərqərar olunmasına öz töhfəsini verə bilər. BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi bununla bağlı öz dəstəyini göstərməyə hazır olduğunu və səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov və Dağ yəhudiləri dini icmasının sədri Melix Yevdayev iştirak ediblər.

Nihad BUDAQOV,

AZƏRTAC-ın xüsusi müxbiri

Bolonya

14 Sentyabr 2021 23:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə