Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prokurorluq orqanlarında islahatlar uğurlu nəticələr verir

Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram!

Heydər ƏLİYEV

Ümummilli lider

 

Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir... Ona görə hüquq-mühafizə orqanlarında da, digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

1918-1920-ci illərdə mövcud olmuş, bütün müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində ilk milli prokurorluq orqanının yaradılmasının 103-cü ildönümü tamam olur.

1919-cu il aprelin 14-də Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti tərəfindən “Azərbaycan Respublikasın­da Hərbi-məhkəmə hissəsinin quruluşu haqqında Müvəqqəti Əsasnamə” qəbul edilmiş və həmin əsasnaməyə uyğun olaraq, Azərbaycan Hərbi Məhkəməsinin idarəçiliyi Hərbi Nazirlik tərəfindən həyata keçirilmiş, həmçinin Azərbaycan Hərbi Məhkəməsinə prokuror nəzarəti hərbi nazirin əmri ilə təyin olunmuş Hərbi Məhkəmənin prokuroruna həvalə edil­mişdir. Bununla da, milli hərbi prokuror­luq təsisatının da əsası qoyulmuşdur.

Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməklə dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu prinsiplərinə sadiqliyini bəyan etdi. Ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respub­likamızda prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuş və həmin vaxtdan indiyədək hər il bu tarix proku­rorluq əməkdaşları tərəfindən təntənəli şəkildə qeyd edilir.

Müasir Azərbaycan dövlətçiliyinin banisi, ümummilli lider Heydər Əliyevin milli dövlətçilik konsepsiyasını müasir beynəlxalq standartlara uyğun şəkildə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar ictimai həyatın bütün sahələrində olduğu kimi, dövlət orqanla­rı, o cümlədən hüquq-mühafizə orqan­ları sistemində də irimiqyaslı, ardıcıl islahatlarla müşayiət olunmaqdadır. Məhz ümummilli lider Heydər Əliyev və ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yüksək qayğı və diqqəti sayəsində prokurorluq orqanlarının demokratik dəyərlərə əsaslanan normal fəaliyyətinin təmin edilməsi üçün istər qanunvericilik, istərsə də effektiv maddi-sosial baza yaradılmışdır.

Aparılmış mütərəqqi islahatla­rın nəticəsində, qabaqcıl beynəlxalq təcrübələrlə səsləşən, ümumbəşəri de­mokratik ideya və prinsiplərə əsaslanan modern dövlətçilik mexanizmi yaradıl­mış, məhkəmə-hüquq sistemi də belə sağlam bünövrə əsasında formalaşdı­rılmaqla inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu baxımdan, prokurorluq orqanlarında aparılan islahatlar həm beynəlxalq standartla­ra, həm də Azərbaycan xalqının milli dövlətçilik ənənələrinə əsaslanmaqla müstəqil dövlətimizin uzunmuddətli perspektivdə uğurlu tərəqqisinə nail olmağı hədəfləməkdədir.

Azərbaycan Prokurorluğu konstitu­sion vəzifələrindən irəli gələn, qanunun aliliyinin təmin olunması, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizə kimi mühüm fəaliyyət istiqamətlərində aparıcı və mərkəzi rola malik mühüm dövlət təsisatı kimi dövlətçiliyin qorunması və inkişafına böyük töhfələr vermişdir.

Müstəqil Azərbaycan Respublika­sının ilk Konstitusiyanın qəbul edildi­yi 1995-ci ildən indiyədək aparılmış qanunvericilik islahatları nəticəsində Azərbaycan Prokurorluğu cinayət işi başlamaqla ibtidai istintaqın aparılması, cinayət işi üzrə ibtidai araşdırmaya pro­sessual rəhbərliyin həyata keçirilməsi, təhqiqat və əməliyyat-axtarış orqanla­rının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət, məhkəmədə dövlət ittihamının müdafiə edilməsi və məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasın­da iştirak, habelə məhkəmədə iddia qaldırmaq, məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzi­bati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest vermək və Azərbaycan Respublikasının İnzi­bati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul etmək kimi fəaliyyət istiqamətləri ilə yanaşı, qanunvericilik təşəbbüsü hüququnun, həmçinin korrupsiya hüquqpozmaları ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin subyektinə çevrilmişdir.

Daim yeniləşən dünyada sürətlə baş verən proseslərə daha çevik reaksiya göstərə və lazımi nəticələrə nail ola biləcək mobil dövlətçilik strukturlarının formalaşdırılması günümüzün reallığı kimi hər bir prokurorluq əməkdaşının qarşısına yeni vəzifələr qoyur, onlardan daha məsuliyyətli olmağı və xidmətə vicdanlı münasibəti tələb edir. Müasir dövrdə dövlət orqanlarının hər biri, xüsusilə hüquq-mühafizə orqanları üçün ən aktual vəzifə, dövlətimizin ali məqsədi olan – insan və vətəndaş hüquq və azadlıqlarının daha effektiv müdafiəsinə nail olmaqdır. Ulu öndərin “prokuror­luq Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir” sözləri bu mənada prokurorluq orqanları əməkdaşlarının öz xidməti vəzifələrinə necə yüksək səviyyədə tələbkarlıqla yanaşmalı olma­larına dair verilmiş çox yüksək qiyməti və məsuliyyəti ehtiva edir.

Özünün inkişaf tarixində, əsasən, sosial həyatın mənfi təzahürlərindən olan cinayətkarlığa qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanlarının fəaliyyətinin daha da stimullaşdırılması, maddi-texniki baza­sının möhkəmləndirilməsi, prokurorluq əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də kompleks tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 1 may 2020-ci il tarixdə cənab Kamran Əliyevin Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin edilməsi ilə əlaqədar çıxışında prokurorluq orqanları­nın dövlət həyatında tutduğu əhəmiyyətli rolu, fəaliyyət istiqamətləri, struktur və kadr islahatlarına dair mütərəqqi fikirləri və tələbləri Azərbaycan Prokurorluğu­nun yol xəritəsi hesab olunmaqla, həmin tarixdən başlayan mütərəqqi islahatla­rın təməl prinsiplərinə çevrilmiş və bu orqanların qarşısında yeni, parlaq səhifə açmaqla, hər bir prokurorluq əməkdaşının bu çağırışlara əsaslanan fəaliyyətini şərtləndirmişdir.

Prokurorluğun dövlətçiliyə sədaqətli, vətənpərvər, savadlı, dünyagörüşlü, yüksək mənəviyyata malik peşəkar kadrlardan ibarət yeni kadr korpusunun formalaşdırılması aparılan islahatların əsas istiqamətlərindən birini təşkil edir. Dövlət başçısının 2020-ci ilin mayın 1-də baş prokuror vəzifəsinə yeni təyinatla əlaqədar səsləndirdiyi “Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, həm də prokurorluq or­qanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar. Eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsipləri də həmişə üstün olmalıdır. Çünki bu gün müstəqil dövlətimizin uğurlu yaşama­sı və möhkəmlənməsi, ilk növbədə, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlıdır. Əsas məqsədimiz – prokuror­luğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır” – fikirləri prokurorluğun kadr siyasətinin bütün parametrlərini müfəssəl müəyyən edən tezis rolunu oynayır.

Aparılan köklü islahatların tərkib hissəsi kimi, dövlət başçısının 10 iyun 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Proku­rorluğunun yeni strukturu təsdiq edilmiş, Baş Prokurorluğun idarə və şöbələrinin sayı 15-dən 18-ə çatdırılmış, bəzi idarələr ləğv edilərək onların bazasında yeni idarələr təsis olunmuş, Baş Proku­rorluq üzrə müvafiq əmrlərlə prokuror­luğun tərkib hissəsi olan Azərbaycan Respublikasının Hərbi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respubli­kasının hərbi, Bakı şəhər prokurorluqla­rının, eləcə də Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin yeni strukturu təsdiq edilmişdir.

Həmin sərəncama əsasən, Azərbaycan Respublikası baş proku­rorunun müvafiq əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun da yeni strukturu təsdiq edilmiş, yeni şöbə və idarələr yaradılmış, bəzi idarə və şöbələrin səlahiyyətləri və strukturu ilə əlaqədar uyğun dəyişikliklər edilmişdir.

İslahatların tərkib hissəsi kimi müasir çağırışlara uyğun olaraq, pro­kurorluğun bütün istiqamətləri üzrə fəaliyyətini tənzimləyən, daha çevik və operativ, çağdaş tələblərə cavab verən “İşin Təşkili Qaydaları” təsdiq edilməklə 1 avqust 2020-ci il tarixdən qüvvəyə minmişdir. “Qaydalar”ın qısa müddət ərzində hazırlanaraq icraya yönəldilməsi bu qurumlarda funksio­nal idarəetmənin vahid mexanizminin yaradılmasını, həmin sahədə keçmişdə olan çatışmazlıq və nöqsanların aradan qaldırımasını təmin etmişdir. Xüsusilə vurğulanmalıdır ki, yeni “Qaydalar”ın qüvvəyə minməsi ilə rayon, şəhər və tabe hərbi prokurorlarının bir sıra qanuni səlahiyyətlərinin məhdudlaşdırılmasına dair əvvəllər mövcud olmuş normalar ləğv edilmiş, bununla da müvafiq proku­rorların qanunvericiliklə səlahiyyətlərinə aid edilmiş bütün vəzifələrini müstəqil həyata keçirmələrinə tam şərait ya­radılmışdır. Həmin “Qaydalar”la digər sahələr üzrə də mütərəqqi, çevik, ope­rativ mexanizmlər yaradılmış, mövcud tələblərə zidd olan normativ aktlar ləğv edilmişdir.

Prokurorluq orqanlarının inkişaf istiqamətlərini və hədəflərini müəyyənləşdirən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası”nın qəbulu da bu qurumun fəaliyyətinin ya­xın perspektivləri ilə bağlı əsas proqram rolunu oynayır.

Xüsusilə, dövlətin təməl prinsiplərinə, cəmiyyət həyatının bü­tün sferalarının və dövlət orqanlarının normal fəaliyyətinə, ictimaiyyətin sosial ədalət ideallarına ciddi təhdid yaradan daha təhlükəli asosial hadisə olan kor­rupsiya cinayətlərinə qarşı davamlı və effektiv mübarizə prokurorluq orqanları­nın fəaliyyətində ən mühüm hədəflərdən biri kimi aktuallığını daim saxlayır. Bu istiqamətdə dövlət başçısı, cənab İlham Əliyev tərəfindən həyata keçirilən kompleks institusional, struktur və kadr islahatları, heç şübhəsiz, prokurorluğun hər bir konkret korrupsiya təzahürlərinə, cinayət əməllərinə qarşı barışmaz mübarizə fəaliyyəti ilə birlikdə gözlənilən nəticələri verə bilər.

Sosial münasibətlərin strukturu və dinamikasında baş verən kök­lü dəyişikliklər prokurorluq orqanları tərəfindən cinayətkarlıqla mübarizədə ən müasir üsul və vasitələrdən, yeni elmi-texniki nailiyyətlərdən daha səmərəli və geniş istifadə olunması­nı tələb edir. Prokurorluq işçilərinin, xüsusilə müstəntiqlərin qabaqcıl beynəlxalq təcrübə və vərdişlərə yiyələnmələri cinayətkarlıqla mübarizədə peşəkarlıqlarının artırılması üçün zəruri tələblərə çevrilmişdir.

Cinayət işləri üzrə ibtidai istintaqın qarşısında duran ən mühüm vəzifələr kimi tam, hərtərəfli və obyektiv istintaq hərəkətləri icra etməklə cinayətlərin isti izlərlə açılması, cinayət törətmiş şəxslərin ifşa edilərək məsuliyyətə cəlb olunması, dövlətə, hüquqi və fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi, dövlətin və cəmiyyətin qanunla qoru­nan mənafelərinin müdafiəsinin yüksək səviyyədə icrası hər bir prokurorluq əməkdaşının, o cümlədən müstəntiqlərin zəruri nəzəri biliyə və təcrübi vərdişlərə malik olması ilə sıx əlaqədardır.

Azərbaycan Prokurorluğunun strukturuna daxil olan Hərbi Prokurorluq orqanları tərəfindən də prokurorluğun qarşısına qoyulmuş və bilavasitə hərbi prokurorluq orqanlarının səlahiyyətlərinə aid edilmiş, prokurorluğun fəaliyyət istiqamətləri üzrə bütün vəzifələrin icrası istiqamətində kompleks tədbirlər uğurla davam etdirilir.

Azərbaycan Respublikası baş prokurorunun müavini – Azərbaycan Respublikasının hərbi prokuroru cənab Xanlar Vəliyevin rəhbərliyi ilə Hərbi Prokurorluğun kollektivi tərəfindən Silahlı Qüvvələrdə yüksək hərbi intizamın bərqərar edilməsi və möhkəmləndirilməsi, hər cür hüquqazidd əməllərin, o cümlədən cinayətkarlığın bütün təzahürlərinin profilaktikası və qar­şısının alınması, nöqsan və çatışmazlıq­ların aşkar edilərək aradan qaldırılması, hazırlanan və törədilmiş cinayətlərin isti izlərlə açılması, təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, dövlətə və ayrı-ayrı şəxslərə vurulmuş ziyanın ödətdirilməsi və sair sahələrdə davamlı faydalı nəticələr əldə olunmuşdur.

Hərbi qurumlarda korrupsiya hü­quqpozmaları ilə mübarizə aparılması, zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsi hərbi prokurorluq orqanları­nın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Təcavüzkar Ermənistanın işğalçı si­lahlı qüvvələri və hərbi caniləri tərəfindən son onilliklər ərzində Azərbaycan Res­publikasına qarşı törədilmiş məlum sülh və insanlıq əleyhinə və sair kateqoriya cinayətlərin ibtidai istintaqının aparıl­ması, cinayətlərin törədilmə mexanizmi­nin bütün elementlərinin, zərərçəkmiş şəxslərin, onlara vurulmuş ziyanın, cinayətkarların təşkilatçı və icraçıları­nın şəxsiyyətinin müəyyənləşdirilməsi üçün kompleks əməliyyat-istintaq hərəkətlərinin təşkili və icra edilməsi hərbi prokurorluq əməkdaşlarının xidməti vəzifələrini vicdanlı və layiqincə icra etmələri, fədəkar əməyi nəticəsində mümkün olmuşdur.

2020-ci ilin iyul ayında Tovuz rayonu istiqamətində, ardınca isə həmin ilin sentyabrın 27-də bütün cəbhə boyu “yeni ərazilər uğrunda yeni müharibə” irticaçı siyasətini yürüdən Ermənistan siyasi rəhbərliyinin göstərişi ilə işğalçılıq cinayətlərinə başlayan erməni silahlı qüvvələri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ko­mandanlığı altında müzəffər Azərbaycan Ordusunun əks-hücumları nəticəsində cəmi 44 gün ərzində darmadağın edildi, özləri barəsində uydurduqları “məğlubedilməzlik” mifi məhv edildi, Prezidentimizin yüksək siyasi məharəti sayəsində Ermənistan beynəlxalq are­nada tam siyasi iflasa və təcridə uğra­dı, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü təmin etdi və 30 illik işğala son qoyuldu.

44 günlük Zəfər müharibəsindən bir neçə gün əvvəl cəbhənin ayrı-ayrı istiqamətlərində Ermənistanın vəziyyəti qəsdən gərginləşdirməyə yönəlmiş işğalçılıq hərəkətlərinə rəvac verməsi səbəbindən cəbhəyanı bölgədə ya­ranmış mürəkkəb vəziyyət zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyəti, əhval-ruhiyyəsi ilə yerində tanış olmaq və prokurorluğun səlahiyyətlərindən irəli gələn zəruri tədbirlər görmək məqsədilə Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyevin və Azərbaycan Respublikası Baş Proku­rorunun müavini – Azərbaycan Res­publikasının hərbi prokuroru cənab Xanlar Vəliyevin təmas xəttində yerləşən bölmələrimizə birgə səfərləri bütün prokurorluq işçilərinin fəaliyyətində nümunəyə çevrilmiş, onları müharibə günlərində daha məsuliyyətli və fədakar olmağa, gecəli-gündüzlü yorulmadan çalışmağa ruhlandırmışdı.

Bilavasitə döyüş əməliyyatları başla­yan ilk gündən Respublika Hərbi Proku­rorluğunda operativ qərargah yaradılmış, hərbi prokurorluğun bütün əməkdaşları bu müqəddəs iş üçün səfərbər olunmuş, əksər əməkdaşlar cəbhə bölgələrinə ezam edilmiş, aidiyyəti dövlət qurum­ları ilə birgə xidməti vəzifələrini yüksək fədəkarlıqla yerinə yetirmişlər. Hərbi prokurorluq əməkdaşları təkcə sırf xidməti vəzifələrinin icrası, o cümlədən hər bir cinayət faktı ilə əlaqədar təxirə salınmadan cinayət işlərinin başlanılaraq ibtidai istintaq aparılması ilə deyil, həm də döyüşən bölmələrdə xidmət aparan hərbi qulluqçuların əhval-ruhiyyələrinin, vətənpərvərlik hisslərinin, döyüş ruhu­nun yüksəldilməsi, onlara zəruri hüquqi biliklərin aşılanması, şəxsi heyətin hüquqi məsuliyyət və sair məsələlərlə bağlı maarifləndirilməsi, bölmələrin hərbi hazırlığı və döyüş qabiliyyətinə pis təsir edə biləcək hər cür mənfi təzahürlərin aşkara çıxarılaraq, aradan qaldırılma­sı, hərbi intizama ciddi riayət edilməsi ilə əlaqədar üzərlərinə düşən bütün vəzifələrin layiqincə icra edilməsinə çalışmış və buna nail olmuşlar.

Döyüş əməliyyatları zamanı şəhid ol­muş hərbi qulluqçuların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və bununla bağlı müvafiq istintaq və təşkilati tədbirlərin planlaşdırılmaqla həyata keçirilməsi, xəsarət almış bütün hərbi qulluqçu­ların qeydə alınmaqla müvafiq tibb müəssisələrinə yerləşdirilərək keyfiyyətli müalicə almaları zamanı da Hərbi Proku­rorluğun rəhbərliyi və əməkdaşları digər dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri ilə birgə xidməti, in­sani və vətəndaşlıq borclarını yüksək məsuliyyətlə yerinə yetirmiş, tarixi Zəfərin əldə edilməsinə qismən də olsa öz töhfələrini verə bilmişlər.

Həmin döyüş əməliyyatları gedişində Ermənistanın işğalçılıq cinayətləri ilə əlaqədar Hərbi Prokurorluq orqanların­da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə və sair cinayətlərə görə məsuliyyət nəzərdə tutulan maddələri ilə cinayət işləri başlanılmaqla real müharibə, ağır döyüş əməliyyatları gedişində zəruri olan bütün mümkün istintaq hərəkətləri keyfiyyətlə icra olunmuş, Ermənistanın təcavüzkar cinayətləri istintaq sübutları ilə rəsmiləşdirilməklə zəruri addımların atılması hazırda da davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prokurorluq əməkdaşlarına həmişə lazımi diqqət və qayğı göstərildiyi kimi, prokurorluq işçilərinin 44 günlük müharibədəki xidmətləri də dövlət başçı­sı tərəfindən yüksək qiymənləndirilərək, 38 prokurorluq işçisi, o cümlədən Hərbi Prokurorluğun 9 işçisi 30 dekabr 2020-ci il tarixli sərəncamla müvafiq orden və medallarla təltif edilmişdir.

Hazırda da Azərbaycan Respub­likası Hərbi Prokurorluğu tərəfindən qanunla qarşısına qoyulmuş bütün vəzifələrin yüksək səviyyədə, nümunəvi yerinə yetirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir. İnsan həyatının qanunla qorunan bütün dəyərlər içərisində ən yüksək yerdə dayandığı əsas götürülərək Respub­lika Hərbi Prokurorluğu tərəfindən insan həyatına qəsd edən cinayətkar əməllərlə mübarizə daim xüsusi diqqət mərkəzində saxlanılır. Silahlı Qüvvələrdə qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma cinayətlərinin qarşı­sının alınması məqsədilə Respublika Hərbi Prokurorluğunda il ərzində iki dəfə bu kateqoriyadan olan cinayətlərin baş verməsinin səbəb və şəraiti, məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə ayrı-ayrı qoşun növləri və hərbi idarələrin vəzifəli şəxslərinin iştirakı ilə kollegiya iclaslarında müzakirə edilir, müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin edilir. Hərbi Prokurorluq əməkdaşları tərəfindən digər dövlət orqanları və ya ictimai təşkilatların nümayəndələrinin iştirakları ilə bayram və digər əlamətdar günlərdə hərbi hissələrdə şəxsi heyətlə mütəmadi görüşlər təşkil edilir, hüquqi təbliğat, mədəni-kütləvi tədbirlər icra olu­nur. Hərbi hissə və idarələrdə Hərbi Pro­kurorluq işçilərinin xidməti vəzifələrinin icrası ilə, eyni zamanda, hərbi qulluqçu­ların fərdi qəbullarının keçirilməsi yolu ilə onların qayğı və problemlərinin yerində öyrənilməsi və təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilir.

Məhz Hərbi Prokurorluq orqanları tərəfindən xidməti vəzifələrin layiqincə icra edilməsi, Silahlı Qüvvələrin ko­mandanlıqları, digər dövlət orqanları və aidiyyəti təşkilatlarla birgə profilaktiki, hü­quqi təbliğat və sair sahələrdə görülmüş işlərin, ibtidai istintaqın keyfiyyətlə aparıl­masının, cinayət işlərinin istintaqına pro­sessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində cinayətkarlığın dinamikasında və xarakterində ciddi müsbət keyfiyyət dəyişiklikləri baş vermiş, cəmiyyət üçün narahatlıq doğuran bir sıra ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən qəsdən adam öldürmə, özünü öldürmə həddinə çatdırma, habelə ənənəvi olaraq yüksək göstəricilərlə müşayiət olunan hərbi cinayətlərin sayı ilbəil, bəzi kateqoriya cinayətlərlə bağlı isə kəskin azalmışdır.

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 30 il ərzində digər dövlət orqanları kimi hərbi pro­kurorluq orqanları da işğal altındakı ərazilərdə fəaliyyət göstərə bilməmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respub­likasının işğalçı Ermənistan üzərində möhtəşəm tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü tam bərpa etməsi nəticəsində həmin ərazilərdə digər dövlət qurumları ilə yanaşı, hərbi pro­kurorluq orqanlarının da yaradılması və fəaliyyətinin təmin edilməsi zəruri idi. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 1 aprel 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında sərəncamına əsasən, 30 il ərzində Ermənistanın işğalında olmuş və müzəffər ordumuz tərəfindən azad edilmiş ərazilərdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə yeni – Qubadlı Hərbi Proku­rorluğu və Kəlbəcər Hərbi Prokurorluğu yaradılmış, həmçinin Qarabağ Hərbi Prokurorluğunun əsasında isə Ağdam Hərbi Prokurorluğu formalaşdırılmışdır. Bununla da Hərbi prokurorluq orqanları Azərbaycan Respublikasının yurisdiksi­yasına aid olan bütün ərazilərdə təşkil edilmişdir.

Azərbaycan dövlətinin başçısı, möhtərəm cənab İlham Əliyevin qay­ğısı ilə əhatə olunmuş prokurorluq, o cümlədən hərbi Prokurorluq orqanları yeniləşən cəmiyyətimizdə dövrümüzün real çağırışlarına adekvat cavab verə biləcək mobil dövlət strukturu kimi for­malaşmaqla qarşısına qoyulmuş bütün vəzifələrin layiqincə yerinə yetirilməsi üçün kifayət qədər kadr potensialına, təşkilati, maddi-texniki təminatlara ma­likdir.

2020-ci ilin may ayından başlayaraq, prokurorluqda başlayan keyfiyyətcə yeni və müasir məzmunlu islahat tədbirləri bu qurumun bütün fəaliyyət istiqamətləri üzrə işinin keyfiyyətinin yüksəldilməsi, müasir iş metodlarını tətbiq etməyə qadir olan, dövlətçiliyə sadiq, peşəkar kadr korpusunun formalaşdırılması və digər hədəflər uğrunda müvəffəqiyyətlə davam etdirilir.

Hərbi Prokurorluğun əməkdaşları da Azərbaycan Respublikası baş prokuroru­nun müavini – Azərbaycan Respublikası­nın hərbi prokuroru, ədliyyə general-ley­tenantı cənab Xanlar Vəliyevin rəhbərliyi altında respublikamızda uğurla davam etdirilən məhkəmə-hüquq islahatlarında fəal iştirak edərək, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqla­rının təmin edilməsi, Silahlı Qüvvələrdə yüksək nizam-intizamın yaradılması, hərbi qurumlarda törədilən və hazırlanan cinayətlərlə və hər cür qanun pozuntuları ilə mübarizənin kəsərliliyinin artırılması, cinayətkarlığın profilaktikası, qarşısının alınması və qanunvericiliklə hərbi pro­kurorluğun səlahiyyətlərinə aid edilmiş bütün digər istiqamətlərdə qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək əzmindədirlər.

Mehdi HÜSEYNZADƏ,

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi,

ədliyyə polkovniki

14 Sentyabr 2021 00:38 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə