Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ Dirçəliş Fondu ilə AFFA arasında Memorandum imzalanıb

 

 

Sentyabrın 13-də Bakı Olimpiya Stadionunda Qarabağ Dirçəliş Fondu (QDF) ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Memorandumu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.

Anlaşma Memorandu­muna əsasən, AFFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komanda­sının bütün ev oyunlarında bilet satışı zamanı əldə olunan gəlirin 10 (on) faizini QDF-ə ianə edəcək. Bun­dan başqa, AFFA tərəfindən Azərbaycan milli koman­dasının oyunları zamanı ictimaiyyət arasında ianəçilik mədəniyyətinin təbliğinə geniş yer veriləcək. Memo­randumun şərtlərinə uyğun olaraq, AFFA-nın dəstəyi ilə keçirilən digər peşəkar və həvəskar futbol turnirləri çərçivəsində də QDF-in təşəbbüsləri dəstəklənəcək. Qarabağ Dirçəliş Fondu isə öz növbəsində keçirəcəyi tədbirlər zamanı AFFA-nı tərəfdaş kimi qeyd edəcək.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Memorandumun imzalan­masının Azərbaycan Futbol Federasiyaları Assosiasiyası üçün çox vacib və bir o qədər də qürurverici hadisə olduğu­nu bildirib, bu əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına əminliyini ifadə edib. O, işğaldan azad edilən ərazilərin bərpa və qurucu­luğu istiqamətində görülən işlərə hamılıqla dəstək olma­ğın əhəmiyyətini vurğulayıb.

Qarabağ Dirçəliş Fon­dunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bu təşəbbüsü yüksək qiymətləndirib, bu mühüm missiyanın iştirakçısına çevrildiyinə görə AFFA-ya minnətdarlığını bildirib.

“Qarabağı birlikdə daha tez və daha gözəl bərpa edəcəyik”, - deyən Fondun İdarə Heyətinin sədri bütün soydaşlarımızı bu məqsəd uğrunda həmrəy olmağa dəvət edib. O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumu­zun qəhrəmanlığı nəticəsində azad etdiyimiz torpaqlarımızı indi cəmiyyətimizin iştirakı ilə bərpa etmək vaxtıdır.

14 Sentyabr 2021 00:34 - İDMAN
İDMAN

Köhnə versiyamızdan xəbərləri izlə