Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bu qələbə xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir”

Həyat yolu Qarabağla – Ağdam, Şuşa, Hadrut və Xankəndi ilə bilavasitə bağlı olan Sadir Surxay oğlu Məmmədov ehtiyatda olan polis polkovnikidir. Hazırda Bakı Slavyan Universitetində Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiridir. Onunla söhbəti oxucularımıza təqdim edirik.

Sadir müəllim əslən Qarabağlıdır, Ağdamda dünyaya göz açmışdır. Bu torpağın hər qarışı ona əziz və doğmadır. Uşaqlığı, gəncliyi bu yerlərdə keçib. Hissləri duyğuları Qarabağla bağlı­dır. Qarabağın dağları, meşələri, çayları, ormanları onun üçün əvəzolunmaz gözəlliklər məskəni idi. Erməni vandallarının bu yerləri işğal etdiyi dövrdə Ağdam, Şuşa yuxularından çıxmazdı.

30 il ərzində heç vaxt rahatlıq tapa bilməmişdir.

Ağdamın Göytəpə kənd orta məktəbini, sonra isə Kirovabad (indiki Gəncə) Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. Söyüdlüqol orta məktəbində tarix, ictimaiyyət müəllimi işləyib. Sonradan fəaliyyətini milis işçisi kimi davam etdirib. Ermənistan – Azərbaycan, Dağlıq Qrabağ münaqişəsinin ilk illərində bu regionun milis sistemində müxtəlif vəzifələrdə çalışıb. Özbəkistanda daxili işlər orqanlarında işləyib. Moskvada SSRİ Daxili İşlər Nazirliyinin Akademiya­sını bitirdikdən sonra fəaliyyətini Azərbaycanda, Qarabağda davam etdirib.

1988-ci ilin fevralın 11-də Dağlıq Qarabağ Muxtar Vilayətində yaranmış vəziyyətlə əlaqədar daxili işlər naziri­nin əmrinə əsasən, Xankəndinə ezam olunub. 1989-cu ildə Azərbaycan Respublikası DQMV Şuşa rayon daxili işlər şöbəsinin rəisi, 1990-cı ildə DQMV Daxili İşlər İdarəsinin rəis müavini vəzifələrində çalışıb. 1992-ci il iyunun 17-də Ağdərə rayon polis şöbəsinə rəis vəzifəsinə təyin olunub. Bu dövrdə baş verən qanlı hadisələrin şahidi olub. O dövrdə ermənilərin hər cür təxribatları ilə üzləşib.

S.Məmmədov dedi ki, II Qarabağ müharibəsini qələbə ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun təntənəsi kimi həkk olundu. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu ordumuzun qüdrətini və xalqımızın milli birliyini dünyaya nümayiş etdirdi.

Neçə illərdi ki, ATƏT-in Minsk qrupu münaqişənin həlli yolunda heç bir irəliləyiş edə bilmədi. Amma cəmi 44 gün ərzində müzəffər or­dumuz BMT Təhlükəsizlik Şura­sının dörd qətnaməsini təkbaşına yerinə yetirdi. Biz qələbə çaldıq. İndi ermənilərin bərbad günə qoyduğu bu yerlərdə quruculuq işləri davam edir. Prezidentimizin dediyi kimi, biz Qara­bağ bölgəsində cənnət yaradacağıq .

Bu qələbə təkcə ərazi bütövlüyü­müzün bərpası deyildi. Eyni zamanda, xalq – iqtidar – ordu birliyi, milli ruhu­muzun yüksəlişi, şərəfli sərkərdəmizin siyasi iradəsinin təntənəsi idi.

Düşmən Ağdamı yerlə-yeksan edib. Haqlı olaraq bu şəhəri Azərbaycanın Xorasiması adlandırırlar. Burada salamat qalan bir bina da yoxdur. Bu şəhərin sakinləri öz doğmalarının qəbirlərini belə tapa bilmirlər. Hər tərəf minalanıb. Cənab Prezident deyir ki, biz Ağdamı bərpa edəcəyik. Əslində, bu şəhər yenidən salınacaq. Tarixi, mədəniyyət və dini abidələrimizdən əsər- əlamət qalmayıb.

2020-ci il noyabrın 20-də müzəffər Azərbaycan Ordusu Ağdama daxil oldu. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət bayrağı ucaldıldı və himni səsləndirildi. Ağdam rayonu və digər rayonlarımızın işğaldan azad olunmasında Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyevin həm diplomatik bacarığı, həm də Ali Baş Komandan kimi hərbi rəhbərliyi təqdirə layiqdir.

Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdam rayonuna səfəri zamanı kadrlardan göründüyü kimi ermənilər şəhərdə və kəndlərdə daşı-daş üstə qoymamışlar. Elə ilk gündən Preziden­tin göstərişi ilə Ağdam rayonuna yolun çəkilməsinə başlanıldı.

Mən dövlət başçımızın və birinci xanımın Şuşaya səfərlərini televiziya vasitəsilə izləmişəm. Bu səfərlər hər birimizdə qürur hissi yaradıb.

Torpaqlarımızın, xüsusilə Şuşa­nın işğaldan azad edilməsi dünyada analoqu olmayan bir hərbi əməliyyat idi. Bu qələbə ordumuzun Ali Baş Ko­mandana böyük inamının nəticəsində mümkün olmuşdu.

Bu günlərdə Ağdamda Sənaye Parkının tikintisi ilə bağlı bir televiziya verilişinə baxdım. Artıq bu şəhərin sakinləri bilirlər ki, onlar üçün yeni iş yerləri yaradılacaq, Ağdam əsl cənnət-məkana çevriləcək.

Sadir müəllim son olaraq onu da dedi ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu iki əsrdə zaman-zaman xal­qımıza qarşı törədilmiş qətliamların, terrorların, soyqırımlarının qisasını ala bildi. Bu, əbədi qələbədir.

Qələmə aldı: M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

14 Sentyabr 2021 00:32 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə