Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türk xalqlarının rifah və güvənc şəraitində yaşamağa haqqı var

 

 

Məlum olduğu kimi, bu il sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisa­diyyat nazirlərinin 10-cu görüşü keçirilib. Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sulta­nov, Qırğızıstanın Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Türkiyənin ticarət naziri Mehmet Muş, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin birinci müavini Aziz Voitov və Macarıstanın təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Staroi iştirak ediblər.

Şuranın növbəti tədbirində qaldırılan məsələlər, xüsusilə işğaldan azad edil­miş Qarabağda icrası nəzərdə tutulan çox sayda layihələr barədə xəbərlər Azərbaycan ictimaiyyətində dərin razılıq hissilə qar­şılanıb. Tanınmış tarixçi-publisist, yazıçı Vaqif Rüstəmov bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

– Mən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) tədbiri haqqında xəbər, rəy və şərhləri mətbuatdan diqqətlə izlədim. Öyrəndim ki, Şuranın iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov türkdilli dövlətlərin bütün sahələrdə uğurla əməkdaşlıq etdi­yini bildirib, milli və regional iqtisadiyya­tın dəstəklənməsi istiqamətində iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycanda Türk Şurasına üzv ölkələrlə ticarət və investisiya əməkdaşlığına, iş adam­ları arasında əlaqələrə xüsusi önəm verilir.

TDƏŞ-in Baş katibi Bağdad Amre­yev haqlı olaraq bildirib ki, Türk Şurası ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsində, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsində maraqlıdır. Tədbir çərçivəsində Türkdil­li Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb.

Bütün bu tədbirlər ona dəlalət edir ki, hazırda türkdilli xalqlar arasında bütün sahələrdə əlaqələr durmadan inkişaf edir. Bu, çox sevindirici haldır. Çünki biz birlikdə güclüyük. Nə qədər bir-birimizə arxa və da­yaq olsaq, bir o qədər də güclü və yenilməz olacağıq.

Fəxrlə qeyd etmək lazımdır ki, Azərbaycan – Türkiyə əlaqələri xüsusilə yüksək səviyyədədir. Bu iki xalqın qardaş­lığı dəfələrlə tarixin ən çətin sınaqlarından çıxıb. Ötən il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təxribatından sonra başlayan Vətən müharibəsi zamanı da Türkiyə sona qədər Azərbaycanın yanında oldu və siyasi-mənəvi dəstəyini bir an da olsun əsirgəmədi.

Hətta, Vətən müharibəsindən qalib çıxan ölkəmizin keçirdiyi Zəfər paradında hər iki qardaş ölkənin rəhbərləri – Azərbaycan və Türkiyə prezidentləri yanaşı dayandılar. Bu, iki ölkə arasında dostluq və qardaşlığın danılmaz nümunəsi idi. Həmin anlarda bütün xalqımız böyük sevinc içində idi. Şəxsən mən özümü dünyanın ən xoşbəxt insanlarından biri hesab edirdim.

Bir vətənpərvər insan, ziyalı kimi, mən tamamilə əminəm və inanıram ki, Azərbaycanın digər türk xalqları ilə münasibətləri bundan sonra daha da güclənəcək. Biz əl-ələ verərək böyük bir coğrafi ərazidə xalqlarımızın rifah və güvənc içində yaşamaları üçün şərait yaradacağıq. Türk xalqlarının buna mənəvi və hüquqi haqqı çatır.

Söhbəti qələmə aldı:M.HACIXANLI,

“Xalq qəzeti

14 Sentyabr 2021 00:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə