Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağın bərpası uğurla həyata keçirilir

 Biz bir milyondan çox insan üçün yaşayış evləri tikməli və infrastruktur yaratmalıyıq. Livan boyda ərazilərdə işlər görülməlidir, bunların böyük hissəsi də dağlıq ərazilərdir ki, bu da işləri bir qədər çətinləşdirir. Biz bu işə sadiqik və bunu edəcəyik.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 

 Ötən il sentyabrın 27-də uzun bir dövr ərzində davam edən ikili standartlara, eyni zamanda, Ermənistanın mütəmadi təxribatlarına son qoymaq üçün Azərbaycan Ordusu düşmənin ölkəmizə qarşı hücumuna əks həmlə əməliyyatı ilə cavab verməyə məcbur oldu və 44 günlük müharibə ilə parlaq qələbə qazandı.

 

Xalqımız Vətən savaşında “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır”, – deyən Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi, bu inam, bu həmrəylik isə İkinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm uğurumuzu şərtləndirdi. Bu, Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanatla təsdiqləndi. Beləliklə, ölkəmiz həm döyüş meydanında, həm də danı­şıqlar masası arxasında istəyinə nail oldu. Beləliklə, Ermənistan- Azərbaycan münaqişəsinə son qoyuldu.

Hazırda erməni vəhşiliyinin, barbarlığının izləri qalan torpaqları­mızda genişmiqyaslı abadlıq-qurucu­luq tədbirləri sürətlə həyata keçirilir. Prezident İlham Əliyevin işğaldan azad olunan rayonlara səfərləri bir daha göstərir ki, Azərbaycan dövləti düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması ilə bağ­lı layihələrin reallaşdırılmasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı tərəfindən erməni barbarlığı­nın qurbanı olan yaşayış sahələrində mühüm strateji obyektlərin, müəssisələrin təməlinin qoyulması, tikinti işlərinin geniş vüsət alması, yüksək texnologiyaların tətbiqinə start verilməsi bunun bariz ifadəsidir.

Bu gün bərpa-quruculuq prosesi vahid mərkəzdən həyata keçirilir. Bütün işlər ardıcıllıqla reallaşdırılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün ərazilər minalardan təmizlənir, erməni van­dallarına qarşı beynəlxalq səviyyədə təzminat davasının açılması üçün on­ların vurduqları ziyan qiymətləndirilir, lazımi inventarlaşdırma, pasportlaş­dırma tədbirləri aparılır, infrastruktur layihələri icra edilir. Düşməndən təmizlənən ərazilərdə sosial infrastrukturun yenidən qurulması və əhalinin işlə təmin olunması üçün dövlət investisiyası ilə yanaşı, yerli və xarici investisiya da cəlb edilir. Böyük quruculuq layihələrinə dost ölkələrin qoşulması siyasəti Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir.

Qarabağın bərpasına türkdilli dövlətlər tərəfindən böyük dəstək göstərilir. Yeri gəlmişkən, qeyd edək ki, türkdilli dövlətlərlə qarşılıqlı maraq­lara əsaslanan iqtisadi münasibətlər keyfiyyətcə yeni müstəvidə getdikcə daha da genişlənir.

Son illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərlə uğurlu ticarət-investisiya əməkdaşlıq daha da inkişaf edib. Belə ki, 1995-ci ildən 2021-ci ilin ilk 3 ayınadək olan TDƏŞ üzvü olan ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 milyard ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,6 milyard ABŞ dolları sərmayə yatırıb.

Bu məqamda onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizin bərpasına TDƏŞ-ə üzv ölkələrin şirkətləri tərəfindən böyük maraq göstərilib. Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasının türkdilli dövlətlərin ümumi işi olduğunu və Qarabağın türk dün­yasının inkişaf etmiş bölgələrindən birinə çevriləcəyini vurğulayıb.

Bu gün Qarabağda bərpa işlərini daha da sürətləndirmək məqsədilə istər yerli, istərsə də xarici iş adamlarına əlverişli şəraitin yaradılması da diqqət mərkəzində saxlanılır. Bunun üçün investisiya qoyuluşunu təşviq edən əlavə xüsusi vergi imtiyazlarının yaradılması nəzərdə tutulur.

Bu, Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb. Belə ki, işğaldan azad edilən ərazilərin inkişafının təşviqi üçün xüsusi vergi rejiminin tətbiq olunması, yeni istehsal sahələrinin qurulmasına görə kapital qoyuluşlarına uyğun güzəştlərin nəzərdən keçirilməsi, turizmin inkişafı üçün vergi təşviqlərinin verilməsi, strateji məhsulların istehsalı üzrə kapital qoyuluşunda ƏDV-nin sürətli bərpası və ya idxal əməliyyatları zamanı yaranan ƏDV borcları ilə əvəzləşdirilməsi tədbirlərinin ortamüddətli dövrdə həyata keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, cari ilin ilk altı ayı ərzində dövlət büdcəsindən işğaldan azad olunan yaşayış sahələrinin yenidən qurulması və bərpası xərcləri üzrə 372,1 milyon manatın maliyyələşdirilməsi təmin edilib.

Bu, Maliyyə Nazirliyinin 2022- 2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub. Açıqla­mada, eyni zamanda, bu vəsaitin av­tomobil yollarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulması­na, həmçinin dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə, digər kommunikasiya xətlərinin yenidən qurulması və layihələndirilməsinə yönəldildiyi bildirilib. Bütün bunlarla bərabər, Zəngilan rayonunun İkinci Ağalı kənd ərazisində “Ağıllı kənd”in layihələndirilməsi və tikintisi üçün Kənd Təsərrüfatı Nazirliyinə 10,8 milyon manat vəsait ayrılıb.

Düşməndən təmizlənən torpaqlarımızda bərpa və quruculuq işləri ən yeni texnologiyalar əsasında sürətlə aparılır. Füzuli Beynəlxalq Hava Limanında artıq son tamamlama işlərinin görülməsi bunun bariz ifadəsidir. Yeri gəlmişkən, bu hava limanının uçuş-enmə zolağında artıq ilk sınaq uçuşları həyata keçirilib, yaxın aylarda isə onun tam açılışa hazır olacağı nəzərdə tutulub. Bunu Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfəri zamanı deyib: “Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”.

Aeroportun məqsədinin nədən ibarət olduğunu dövlətimizin başçısı hələ yanvar ayında bu infrastrukturun təməlqoyma mərasimində çıxış edərkən açıqlamışdı: “Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”.

Xatırladaq ki, ən müasir səviyyədə inşa olunan Füzuli Beynəlxalq Hava Limanında sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq. Hava limanında uzunluğunun 3 min metr, eninin isə 60 metr olan uçuş-enmə zolağının tikilməsi aeroporta istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək.

Onu da qeyd edək ki, Füzuli hava limanının inşası işğaldan azad edilmiş ərazilərimizdə müasir kommunikasiyaların qurulması sahəsində həyata keçirilən, iqtisadi, strateji baxımdan dəyərli olan yeganə layihə deyil. Zəngilan və Laçında tikilən hava limanları da Azərbaycanın tarixi torpaqlarına böyük qayıdışı üçün vacib sayılan çox mühüm strateji layihələrdir.

Azərbaycan Dövlət İqtisad Uni­versitetinin dosenti Emin Qəriblinin sözlərinə görə, Füzuli, Laçın və Zəngilanda aeropotların olması Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun regionun mərkəzlərindən birinə çevrilə bilməsinə imkan yaradır. Şərqi Zəngəzurda hava limanın salın­ması buranın artıq nəqliyyat habına çevrildiyini göstərir. Əgər gələcəkdə düzgün marketinq qurularsa, bura­dan digər ölkələrə uçuşlar daha ucuz qiymətə olarsa, Füzuli aeroportunun dövriyyəsi və əhəmiyyəti daha artıq olar.

E.Qəribli hesab edir ki, azad edilmiş ərazilərimizdə aeroportların tikilməsi xarici iş adamlarının bu bölgəyə investisiya yatırmaq imkanlarını da artırır: “Nəqliyyat kommunikasiyalarının qurulması regionun və Azərbaycanın iqtisadi inkişafına stimul verəcək bir amildir. Nəqliyyat kommunikasiyaları, eləcə də aeroportlar həmin bölgənin əhəmiyyətini artırır, onun dünya iqtisadiyyatına daha güclü inteqrasiyası üçün yeni imkanlar yaradır. İnkişaf etmiş dövlətlər –- Türkiyə, Almaniya və İtaliya tərəfindən azad edilmiş ərazilərimizə investisiya qoymaq istəyi güclüdür. Lakin bu da faktdır ki, kommunikasiyanın olmaması böyük investor üçün müəyyən çətinliklər yaradır. Aeroportun mövcudluğu isə xarici investorların artıq bu ərazilərə həvəslə gəlmələrini şərtləndirir.

Digər tərəfdən, azad edilmiş ərazilərin smart konsepsiya əsasında yenidən qurulması planlaşdırılır. Bunun icrası üçün isə əraziyə yeni texnologiyaların gətirilməsi lazımdır. Əgər biz azad edilmiş ərazilərimizə yeni texnologiyalar gətirmək istəyiriksə, burada nəqliyyat infrast­rukturunun qurulması vacib şərtdir. Düşməndən təmizlənən torpaqlarda kommunikasiyanın bütün növlərinin tətbiqinə ciddi ehtiyac var. Bu istiqamətdə işlərin sürətlə görülməsi qarşıya qoyulan vəzifələrin uğurla həyata keçiriləcəyindən xəbər verir.

Emin Qəriblinin fikrincə, nəqliyyat qovşağında yerləşən Azərbaycan ərazisindən Avropaya məhsullar da­şınır. Həmin məhsullar Zəngəzurdan təyyarə ilə aparılarsa, bu, bizim iqtisadiyyatın şaxələndirilməsinə, eyni zamanda, məhsulların Avropaya daha qısa zamanda çatdırılmasına imkan yaradılması deməkdir.

Azad edilən ərazilərimizdə aqrar sektorun inkişafı məsələləri də diqqətdə saxlanılır. Bu məqsədlə gələn ildən etibarən Qarabağ və Şərqi Zəngəzurda işləyən fermerlərə əkin üçün birdəfəlik subsidiyaların verilməsi nəzərdə tutulur. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi­nin məlumatında Ağdam, Füzuli, Xocavənd, Qubadlı və Zəngilanda salınan üzümlüyün hər hektarı üçün sahibkara 8 min manat məbləğində birdəfəlik subsidiya ayrılacağı bildirilir.

Prezident İlham Əliyev çıxışlarının birində Qarabağ və Şərqi Zəngəzurda elektrik təsərrüfatının qurulmasına xüsusi önəm verildiyini diqqətə çatdı­raraq deyib: “İlin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağ­da, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq, yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları tikiləcək. Ermənilər tərəfindən dağı­dılmış 12 su elektrik stansiyası bərpa ediləcək və bundan sonra yaşıl enerji layihəsi icra ediləcək”.

Onu da qeyd edək ki, işğaldan azad olunan ərazilərin böyük alter­nativ enerji potensialı var. Energetika Nazirliyinin hesablamalarına görə, Qarabağ bölgəsinin alternativ enerji potenisalı kifayət qədər yüksəkdir. Nazirliyin qiymətləndirmələrinə görə, işğaldan azad olunan ərazilərimizin günəş enerjisi potensialı 4 min MVt, külək enerjisi potensialı isə 500 MVt-dır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayon­larında daha yüksək qiymətləndirilir. Azərbaycanda yerli su ehtiyatlarının 25 faizinin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır.

Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə “yaşıl enerji” zonası, eləcə də “ağıllı kənd” layihələrinin reallaşdırılması istiqamətlərində ilk addımlar Vətən müharibəsinin parlaq qələbəmizlə başa çatma­sından dərhal sonra atılıb. Ötən il dekabrın 23-də Prezident İlham Əliyev Zəngilan, Qubadlı və La­çın rayonlarına səfəri çərçivəsində Güləbird SES-in açılışı, eləcə də, Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin hazırlanması ilə bağlı çıxışında bu barədə ətraflı məlumat verib, eyni zamanda, bu mühüm işin müasir dünya standart­ları səviyyəsində reallaşdırılacağını diqqətə çatdırıb.

Qarabağın bərpasında infrast­rukturun qurulmasının zəruriliyindən danışarkən, yol çəkilişlərinin də xüsusi diqqətdə saxlanılmasını qeyd etmək istərdik. Bununla bağlı əvvəlcə onu xatırladaq ki, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordu­muzun ölkəmizin mədəniyyət paytaxtı elan olunan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən, dövlət başçısı tərəfindən “Zəfər yolu” adlandırı­lan avtomobil yolunun inşası artıq tamamlanmaq üzrədir. Tikintisinə 10 ay bundan öncə başlanılmış bu yolun sentyabr ayı ərzində 2 hərəkət zolaqlı olmaqla asfaltlanmasının yekunlaşdı­rılması planlaşdırılır.

Dövlət başçısının tapşırığına əsasən, ötən il noyabr ayının 16-da təməli qoyulmuş və uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qara­bağın inkişaf planı nəzərə alınmaqla 2-ci texniki dərəcəyə uyğun inşa edi­lir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə yol Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Hazırda yol boyu son tamamlanma işləri icra edilir.

Hazırda Bərdə-Ağdam, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın, Fü­zuli-Hadrut, Füzuli-Cəbrayıl yolları da sürətlə tikilir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

14 Sentyabr 2021 00:39 -
22 Oktyabr 2021 | 01:06
İlk kosmik raket
22 Oktyabr 2021 | 01:06
Dünyanın ən güclü ordusu

Köhnə versiyamızdan xəbərləri izlə