Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 259 Bakı şəhəri, 10 sentyabr 2021-ci il

Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında

“Sanitariya-epidemioloji salamatlıq haq­qında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, pro­filaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesini sanitar-epi­demioloji vəziyyətə uyğun olaraq təşkil etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində təhsilin pillələri və səviyyələri üzrə 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesi aşağıdakı tarixlərdən başlansın və əyani formada təşkil edilsin:

1.1. ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində - 2021-ci il oktyabrın 1-dən;

1.2. ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə - 2021-ci il sentyabrın 22-dən;

1.3. ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri, həmçinin təhsilin digər pillələri və digər təhsil müəssisələri üzrə - 2021-ci il sentyabrın 29-dan.

2. Bu Qərarın 1.2-ci və 1.3-cü bəndlərində qeyd olunan tədris ilinin başlanması müddətlərini nəzərə alaraq, təhsil proq­ramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə:

2.1. ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab edilsin;

2.2. ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab edilsin.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya payla­rının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri:

3.1. təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə pro­sesinin təşkilinin müvəqqəti Qaydaları”nın və bu Qərarın tələblərinə müvafiq olaraq təşkilini təmin etsinlər;

3.2. bu Qərarın icrası ilə bağlı digər zəruri tədbirlərin görülməsini təmin etsinlər.

Əli ƏSƏDOV

 Azərbaycan Respublikasının Baş naziri

11 Sentyabr 2021 20:59 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə