Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdamın teatr binasının yalnız sütunları qalıb

Erməni vandalları tərəfindən viran qoyulmuş Ağdam Dövlət Dram Teatrı­nın binası da yerlə-yeksan edilmişdir. Bu yaxınlarda jurnalistlərin Ağdama səfəri zamanı onlar dağıdılıb, bərbad günə salınmış teatr binasının qarşısında olarkən bunun bir daha şahidi olduq.

Məlumat üçün bildirək ki, Ağdamda teatrın əsası 1902-ci ildə qoyulmuşdu. Qarabağ ziyalılarının köməyi ilə 1910-cu ildə teatr ilk tamaşalarını – Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" və Ə.Haqverdiyevin "Dağılan tifaq" pyeslərini səhnəyə qoyub. 1923-cü ilə qədər icti­mai əsaslarla dram dərnəyi kimi fəaliyyət göstərsə də, həmin ildən etibarən teatr olaraq işinə davam edib.1948-ci ilədək Ağdam Dövlət Dram Teatrı çox aktiv fəaliyyət göstərib. Ancaq həmin il bir çox bölgə teatrları kimi, onun da fəaliyyəti dayandırılıb və işini xalq teatrı kimi davam etdirib.

1968-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Mingəçevir və Sumqayıt şəhərlərində dövlət dram teatrlarının yaradılması ilə yanaşı, Ağdam Dövlət Dram Teatrının fəaliyyəti də bərpa edilib.

1993-cü ildə torpaqlarımız işğal edildikdən sonra teatrın kollektivi da­ğılmış, sənətçilər müxtəlif rayonlarda, kəndlərdə yaşamağa məcbur olmuşlar. Bir neçəsi ümumiyyətlə bu sənəti tərk etmişdir. Qalanlar isə teatrın fəaliyyətini Bərdə şəhərində çox çətin şəraitli bina­da davam etdiriblər. Teatr 2011-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsinə köçürülüb. Əsaslı təmir edilmiş Quzanlı mədəniyyət sarayı teatrın balansına verilmişdir.

İndi kollektiv Ağdamdakı binanın yenidən tikiləcəyini gözləyir və tezliklə öz doğma ünvanlarına dönəcəklərinə inanırlar. Ağdamın bərpa planı hazır­dır. Həmin planda teatrın binasının da bərpası nəzərdə tutulur. Teatr binasının işğaldan sonra qalan yalnız sütunlarıdır.

Teatrın direktoru Məmməd Hüsey­nov deyib: “Qismətimizə böyük tarixi hadisələrin yaşandığı dövrə şahidlik etmək yazılıb. Bu baxımdan yazıçıla­rımız üçün zəngin mövzu var. Hazırda aktiv fəaliyyətə başlanılacaq deyə, dəqiq bir addım atmamışıq. Mövzu seçilib, bədii şuranın müzakirəsinə verilməlidir”.

Bəli, Ağdam Dövlət Dram Teatrı bütün çətinliklərə baxmayaraq, yaşayır, fəaliyyət göstərir, tamaşalar hazırlayır. Amma kollektivin ən böyük arzusu, doğ­ma Ağdam şəhərində bərpa olunacaq teatr binasında tamaşalar göstərməkdir. Ona da az qalır.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

11 Sentyabr 2021 00:23 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
24 Oktyabr 2021 | 00:04
Canəli Xanəli oğlu Əkbərov

Köhnə versiyamızdan xəbərləri izlə