Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu”

 

 

Ümumdünya tarixinin ən dərin qatlarının belə araşdırı­laraq öyrənilməsində arxeologiya elminin çox mühüm rolu və əhəmiyyəti olduğu şəksizdir. Bəşəriyyətin hələ yazmaq düşüncəsi olmadığı milyon illərə bərabər tarixi məhz arxeoloq alimlər tərəfindən öyrənilməkdədir. Bəli, məhz onlar obrazlı desək “iynə ilə gor qaza-qaza” torpağın altında yatan və istis­nasız olaraq bütün xalqların qürur mənbəyi olan qədim tarixin sirlərini aşkara çıxararaq, cəmiyyətə təqdim edirlər.

Bu mənada Azərbaycan arxeologi­ya elminin inkişafı, çox ciddi araşdır­maları və sensasiya effekti yaradan tapıntıları ilə dünya miqyasında şöhrət qazanmış görkəmli arxeoloq alimlərimizin də zəhməti və xidmətləri danılmazdır. Ona görə də çox ciddi elmi axtarışları və nadir tapıntıları ilə tariximizin dərin qatlarını üzə çıxar­maqla yanaşı, həm də hər birinin özünəməxsus arxeoloji məktəb yarat­mış olduğu İshaq Cəfərzadə, Saleh Qazıyev, Məmmədəli Hüseynov və neçə-neçə başqalarının adı hər zaman ehtiramla yad edilməkdədir. Sevindirici haldır ki, Azərbaycanda arxeologiya elminin “pionerləri” olan o görkəmli alimlərin başladığı işlər bu gün onların layiqli varisləri tərəfindən uğurla, həm də daha geniş spektrdə davam və inkişaf etdirilməkdədir. Bu çətin, lakin çətin olduğu qədər də şərəfli yolun layiqli davamçılarından biri də çoxdan tanıdığım, elminə və şəxsiyyətinə dərin hörmət bəslədiyim dəyərli arxeoloq alimimiz professor Qafar Cəbiyevdir.

Azərbaycanda tarix və arxeolo­giya elminin inkişafı istiqamətindəki bir sıra ilklər məhz professor Qa­far Cəbiyevə məxsusdur. Qədim Azərbaycan dövləti olan Albaniyanın hərbi-siyasi və dini-mədəni həyatında olduqca mühüm rol oynamış olan Girdiman vilayətinin lokalizəsi, yazılı mənbələrdə adı çəkilən, lakin yeri elm aləminə bəlli olmayan Mehrəvan şəhərinin aşkar edilərək tədqiqi, Azərbaycanda arxeoloji tədqiqatlar yolu ilə ilk dəfə qızıl pullardan ibarət dəfinənin tapılması, XIV əsrin ortalarında Azərbaycanda təşəkkül tapan və Avroasiya məkanında geniş yayılmış olan Xəlivətilik sufi təliminin banisi Pir Ömər Avaxıli Şirvaninin türbəsinin aşkar olunaraq tədqiqi... məhz, istedadlı arxeoloq Qafar Cəbiyevin adı ilə bağlıdır. .

Bir il öncə, dünyada, o cümlədən Azərbaycanda pandemiyanın tüğ­yan etdiyi, özünün də COVID–19-a yoluxduğu və xəstəxana şəraitində müalicə aldığı o ağır günlərdə dostları, həmkarları və yetirmələri bir araya gələrək 70 illiyinə həsr olunmuş “Azərbaycan arxeologiyasının inkişa­fında professor Qafar Cəbiyevin rolu” mövzusunda beynəlxalq konfrans keçirdilər. Onlayn formatında keçirilən konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, İtalya, Şimali Maki­doniya, Rusiya və Gürcüstandan olan 50-yə yaxın elm adamının məruzə və çıxışları dinlənildi.

Orta əsr Ağsu şəhəri Dövlət Tarix–Mədəniyyət Qoruğunun, “Miras”İctimai Birliyinin, mənzil qərərgahı Romada olan YOCOCU Beynəlxalq Assososiyasının və Gür­cüstandakı Qafqaz Mədəni İrsi Araş­dırma İnstitutunun təşkilatçılığı ilə keçirilmiş konfransın materialları bu günlərdə kitab halında nəfis şəkildə nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunmuşdur. Məmnunluq hissi ilə bildirim ki, mənim professor Qafar Cəbiyevin 70 illiyi münasibəti ilə yazmış olduğum “Arxeologiya və jurnalistika: onu uğura aparan qoşa qanad “ adlı yazım da həmin kitabda yer alıb. Kitabda mənimlə yanaşı, həmçinin Azərbaycanda tarix və ar­xeologiya elmlərinin tanınmış simaları olan akademik Nailə Vəlixanlının, tarix elmləri doktorları professor Şikar Qasımovun, Tarix Dostiye­vin, Abbas Seyidovun, Əsədulla Cəfərovun, Habil Məmmədovun, Vəfa Quliyevanın, sənətşünaslıq dokto­ru Kübra Əliyevanın, siyasi elmlər doktoru Xalid Niyazovun və digər müəlliflərin yazıları da var. Hansı ki, həmin yazılarda professor Qafar Cəbiyevin çoxşaxəli və səmərəli elmi fəaliyyətinin müxtəlif aspektlərinin dərindən və hərtərəfli təhlili verilib. Bu yerdə onlardan bəzi seçmələri oxu­culara təqdim etmək, məncə, yerinə düşər:

Akademik Nailə Vəlixanlı: “Pro­fessor Qafar Cəbiyevin, demək olar, hər bir elmi axtarışı Vətən tarixini yeni, bu vaxtadək naməlum olan səhifələrlə zənginləşdirir. O, Azərbaycan tarixşünaslığına yeni bir fikri – Girdiman vilayətinin Albaniya­nın qərbində və ya şimal-qərbində deyil, Şirvan ərazisində olduğu fikrini gətirdi ... Onun tarix elminə gətirdiyi yeniliklərdən biri də tarixi mənbələrdə adı çəkilsə də yeri elm aləminə bəlli olmayan Mehrəvan şəhərinin qalıq­larını aşkar etməsi oldu. Bu isə, doğ­rudan da istedadlı tədqiqatçının tarix elmimizə gətirdiyi böyük uğur idi...”

Yeri gəlmişkən, onu da qeyd edim ki, onun Girdiman tarixinə dair doktorluq dissertasiyasında qoyulan prinsipial əhəmiyyətli məsələlər digər tarixçi alimlər tərəfindən də elmi yeni­lik kimi dəyərləndirilib.

Akademik Yaqub Mahmudov: “Qa­far Cəbiyev tərəfindən təqdim olunan Girdiman tarixi real tarixdir, olmuş tarixdir, bizim tariximizdir. Bu, təkcə müəllifin deyil, ümumiyyətlə tarix elmi­mizin də böyük uğurudur”.

Professor Şikar Qasımov: “Qafar Cəbiyevin zəngin və səmərəli elmi fəaliyyəti, onun arxeologiya elmimi­zin inkişafı sahəsindəki xidmətləri Azərbaycan ictimaiyyətinə kifayət qədər tanışdır.... O öz tədqiqatları və əsərləri ilə qədim tariximizi göz önündə canlandırmağı bacaran tədqiqatçılardandır. Onun gəldiyi elmi nəticələr erməni tarixçilərinin və onla­rın havadarlarının Qafqaz Albaniyası tarixini saxtalaşdırmaq cəhdlərinə tutarlı cavabdır”.

Geniş oxucu kütləsinə çox yaxşı bəllidir ki, professor Q. Cəbiyev elm sahəsindəki səmərəli fəaliyyəti ilə paralel olaraq, jurnalistika sahəsində də imzası yaxşı tanınan simalardan­dır. O, Azərbaycan Respublikasının Əməkdar jurnalistidir. Zaman-zaman respublika mətbuatında gedən və geniş ictimai rəy doğuran çoxsay­lı elmi-publisistik yazıları onun, həqiqətən də, peşəkar jurnalist oldu­ğundan xəbər verir. Mənə belə gəlir ki, bu, Qafar müəllimin böyük uğuru və yaradıcılıq xoşbəxtliyidir. Onun “Azərbaycan keramikası”, “Girdiman tarixi”, “Girdimanın tarixi və tarixi coğrafiyası” və “Azərbaycan arxeo­logiyasının əsasları” adlı irihəcmli, fundamental monoqrafiyaları ar­xeologiya və tarix elmimizə, “Bura Vətəndir”, “Can Azərbaycan”, “Yazılan qalacaq” və “Düşüncələr” adlı əsərləri isə peşəkar jurnalistikamıza əvəzsiz töhfələrdir.

Siyasi elmlər doktoru, əməkdar jurnalist Xalid Niyazov: “ Əməkdar jurnalist Qafar Cəbiyevin mövzusun­dan asılı olmayaraq, qələmə aldığı hər bir yazısında təfəkkür dərinliyi ilə yanaşı, təhlil genişliyi, professional səriştə, üslub orijinallığı hakimdir. Bu isə yalnız illər boyu səbirlə toplanıb cilalanmış təcrübə sayəsində ərsəyə gələn keyfiyyətdir... Qafar müəllim söz sənətində ucaldığı yüksəkliyi elmdə də fəth etmiş bəxtəvər insan­lardandır”.

Konfrans materiallarında oxucu­lara təqdim olunan yazılar içərisində professor Tarix Dostiyevin “Qəbələ şəhəri professor Qafar Cəbiyevin tədqiqatlarında”, professor Abbas Seyidovun “Tədqiqatçı-alim Qafar Cəbiyevin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya­sı Komissiyasındakı fəaliyyətinə dair”, professor Əsədulla Cəfərovun “Azərbaycanın Orta əsr arxeolo­giyasının inkişafında professor Qafar Cəbiyevin fəaliyyəti”, Həbibə Əliyevanın “Şirvan abidələrinin aşkar­lanmasında arxeoloq Qafar Cəbiyevin rolu”, “ Taleh Əliyevin “Azərbaycan arxeologiyasında Qafar Cəbiyev məktəbi”, Samir Əliyevin “Professor Qafar Cəbiyevin Atropatenanın maddi mədəniyyətinin öyrənilməsinə dair tövsiyələri” adlı məqalələri ilə tanış olduqca həm də bir Azərbaycan ziyalısının, elm adamının Vətən üçün, elmimiz üçün, milli jurnalistikamızın inkişafı üçün edə biləcəklərinin hü­dudlarının genişliyinin şahidi oluruq.

Son olaraq əminliklə onu da bildirim ki, bir il öncə “Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” mövzusunda keçirilmiş beynəlxalq konfransın materiallarının kitab halında nəşr olu­naraq oxuculara təqdimi yetişməkdə olan gənc arxeoloq kadrlar üçün, gələcəkdə tarixçi və ya arxeoloq olmaq arzusunda olan gənclər üçün, bütövlükdə tarixi keçmişimizə, zəngin mədəni irsimizə maraq göstərən bütün insanlar üçün, sözün əsl mənasında, stolüstü kitab olacaqdır.

Teymur BÜNYADOV,

akademik

10 Sentyabr 2021 00:15 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə