Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Rafael Hüseynov Siyasi Psixologiya Mərkəzində tələbələrə mühazirə oxuyub

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Siyasi Psixologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Siyasi Psixologiya Məktəbində tələbələrə “Milli dil, milli düşüncə və milli ideal” mövzusunda mühazirə oxuyub. Alim öz çıxışında milli düşüncə konsepsiyası və Azərbaycançılıq ideologiyasından, eləcə də Azərbaycançılıq məfkurəsinin milli ideologiya kimi müəyyənləşməsində ümummilli lider Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.

Sonra alim ölkənin ayrı-ayrı ali məktəblərində təhsil alan tələbələrin, müxtəlif sahələrdə fəaliyyət göstərən gənclərin çoxsaylı suallarını cavablandırıb.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətinin rəhbəri Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, R.Hüseynov müzakirələrdə iştirak edən, geniş dünyagörüşü və maraq dairəsinə malik gənc mütəxəssislərin ağıl, bilik və zövq səviyyəsini yüksək qiymətləndirib. Alim belə bir işıqlı, savadlı gəncliyin yetişməsində Siyasi Psixologiya Mərkəzinin təsisçisi və direktoru, professor Səməd Seyidovun təqdirəlayiq töhfəsi və payı olduğunu bildirib.

Qeyd edək ki, Siyasi Psixologiya Mərkəzi ölkədə siyasət və psixologiya arasındakı əlaqəni araşdıran ilk təşkilatdır. Bu qurum insanların öz bilik və bacarıqlarından istifadə etməklə şəxsiyyətin hərtərəfli inkişafına kömək etmək məqsədi daşıyır.

Gənc mütəxəssislər mütəmadi olaraq mərkəzə dəvət olunan görkəmli alimlər, ictimai xadimlər, siyasətçilərlə görüşür, maraqlı mühazirələri dinləmək imkanı əldə edirlər. Həmçinin tələbələrə beynəlxalq təcrübə və vərdişlərin aşılanması məqsədilə vaxtaşırı Avropa Şurası Parlament Assambleyasının sessiyalarını bilavasitə izləmək, Strasburqa, Avropa Evinə ezamiyyətlərə yollanmaq imkanı yaradılır.

 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

12 Noyabr 2018 17:18 - ELM
ELM
11 Aprel 2021 | 01:58
Alim-pedaqoqun uğur düsturu

Köhnə versiyamızdan xəbərləri izlə