Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya şöhrətli pediatr-kardioloq, ictimai xadim

Akademik Adilə Namazova–95

Görkəmli pediatr-kardioloq, akademik, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli tibb alimi, nüfuzlu ictimai xadim Adilə Namazovanın anadan olmasının 95 illiyi tamam olur. Ölkənin tibb və elmi-mədəni ictimaiyyəti Azərbaycanda səhiyyənin, sahə elminin inkişafında və həkim kadrlarının hazırlanmasında xüsusi xidmətləri olmuş Adilə Namazovanın yubileyini böyük sayğı və qədirbilənliklə qeyd edir.

Adı milli tibb tariximizə pediatriya üzrə doktorluq dissertasiyası müdafiə etmiş ilk azərbaycanlı qadın kimi daxil olmuş Adilə Əvəz qızı Namazova 1926-cı il sentyabrın 9-da Qarabağın dilbər guşələrindən biri Ağdamın Se­yidli kəndində dünyaya göz açmışdır. Orta təhsilini Ağdam şəhərində almış Adilə xanım insanlara gərəkli olmaq arzusu və həkimlik sənətinə dərin sevgi ilə Azərbaycan Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olmuş və 1949-cu ildə bu ali tibb ocağını əla qiymətlərlə bitirmiş­dir. Gənc pediatr bir müddət Ağdam Rayon Səhiyyə Şöbəsinin uşaq məsləhətxanasının müdiri vəzifəsində çalışmışdır.

Təbabət elminə olan sonsuz ma­raq sonrakı illərdə dərin zəkalı və ça­lışqan soydaşımızı sovet səhiyyəsinin nüfuzlu mərkəzlərindən olan SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun aspiranturasına aparıb çıxarmışdır. 1954–1957-ci illərdə burada pediat­riya kafedrasının aspirantı olan Adilə Namazova “Uşaqlarda kəskin revma­tizm zamanı ürək qan-damar sistemi­nin funksional fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

Tibb elminin geniş bilik və möhkəm iradə tələb edən yollarında inamla addımlayan Adilə Namazo­va Bakıya qayıdaraq 1958-ci ildən Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasında assistent vəzifəsində elmi-peda­qoji fəaliyyətə başlamışdır. Seçdiyi ixtisasa və elmi istiqamətə dərindən bağlanan gənc alim burada öz po­tensial imkanlarının açılması üçün əlverişli mühitdən bacarıqla yararlan­mış, burada özünü nümunəvi həkim, yeniliklərə can atan elmi işçi kimi tanıtmışdır.

Bir müddət ATU-da çalışdıqdan sonra Adilə xanım 1960-cı ildə İ.Seçenov adma I Moskva Dövlət Tibb İnstitutunun pediatriya kafedrasına və SSRİ Tibb Elmləri Akademiyasının Elmi-Tədqiqat Pediatriya İnstitutuna doktorant olaraq elmi ezamiyyətə göndərilmişdir. İstedadlı alim yenidən müstəsna bilik və əzmkarlıq nümayiş etdirərək 1965-ci ildə “Uşaqlarda ürək arakəsməsinin anadangəlmə qüsur­larının kliniki əlamətləri, differensal diaqnozu, cərrahi əməliyyata göstəriş və əksgöstərişləri” mövzusunda dok­torluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır.

Vətənə pediatriya sahəsində ilk milli elmlər doktoru kimi qayıdan Adilə Namazova ATU-nun uşaq xəstəlikləri kafedrasının professoru vəzifəsində çalışmağa başlamışdır. Artıq təcrübəli və bilikli pediatr-kardio­loq kimi tanınmış Adilə xanım 1966-cı ildə Azərbaycan Tibb Universitetinin uşaq xəstəlikləri kafedrasının müdiri seçilmişdir. O, 54 il həmin vəzifəni müvəffəqiyyətlə, Azərbaycan pediatri­yasına davamlı uğurlar qazandırmaq­la yerinə yetirmişdir.

Görkəmli alimin elmi-tədqiqat işləri, əsasən uşaqlarda revmatizmin, anadangəlmə və qazanılmış ürək qüsurlarının, eləcə də digər uşaq xəstəliklərinin etio-patogenezinin öyrənilməsinə, onların differensial diaqnostikasına, kliniki təzahürlərinə, müalicəsinə və cərrahi korreksi­yasına, profilaktik tədbirlərinə və xəstələrin reabilitasiyasına həsr olunmuşdur. Uşaqlarda ürək üzərində aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrdəki nəticələrini dünya təbabətində ilk dəfə elmi cəhətdən əsaslandıran məhz Azərbaycan alimi Adilə Namazova olmuşdur.

Ümumiyyətlə, professor Adilə Namazova Azərbaycanda pediatriya elmi məktəbinin ilk yaradıcılarından­dır. Onun qələminin məhsulu olan 350-dən çox elmi əsər dünyanın bir çox elmi məcmuələrində işıq üzü görmüşdür. 30 monoqrafiya, dərslik və dərs vəsaiti, çoxsaylı elmi-kütləvi kitab və məqalə, keçmiş SSRİ Dövlət Kəşf və İxtiralar Komitəsi tərəfindən təsdiq edilən 5 ixtira həm ölkəmizdə, həm də beynəlxalq miqyasda müəllifinə layiqli nüfuz qazandır­mışdır. Məşhur pediatr-pedaqoqun təcrübə dərsləri və mühazirələri həmişə xəstələrin canlı nümunəsində aparılmış və tələbələrin, rezidentlərin, dinləyicilərin böyük marağına səbəb olmuşdur.

Akademik Adilə Namazovanın rəhbərliyi və məsləhətçiliyi ilə 60-dan artıq alimin doktorluq və namizədlik dissertasiyası müdafiə etməsi onun yaratdığı elmi məktəbin parlaq göstəricilərindəndir. Görkəmli pe­diatr alim-pedaqoqun rəhbərliyi və elmi məsləhətçiliyi ilə tibb elminə vəsiqə almış onlarla, yüzlərlə alim təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həkimlik və elmi fəaliyyətlərini uğurla davam etdirirlər. Dünya şöhrətli pediatriya alimi Adilə Namazovanın özü isə 71 illik həkimlik, 62 illik elmi-pedo­qoji fəaliyyəti ilə milli təbabətimizin zirvəsinə yüksəlmiş, humanizmi və vətənpərvərliyi ilə nüfuzlu ictimai xadim kimi tanınmış, Vətənə ləyaqət və şərəflə xidmət etmişdir.

Görkəmli Azərbaycan pediat­rı, akademik Adilə Namazovanın yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri Yaponiya, ABŞ, İngiltərə, Hindistan, Əlcəzair, Avstriya, İta­liya, Türkiyə, Fransa, Almaniya, Rusiya, İsrail, Kipr, Argentina, Belçika, İspaniya, Misir və digər xarici ölkələrdə keçirilən elmi konqres və konfranslarda dinlənilərək yüksək qiymətləndirilmişdir. Alimin beynəlxalq elmi məclislərdə etdiyi çıxışlar əsasında tərtib etdiyi məqalə və tezislər qabaqcıl xarici ölkələrin nüfuzlu elmi jurnallarında çap olun­muşdur.

Ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi rəhbərliyə gəldiyi ilk vaxtlardan o dövrün istedadlı gənc alimlərinə və elm adamla­rına göstərdiyi dövlət qayğısı və elm adamlarına yaratdığı əlverişli şəraitdən lazımınca bəhrələnən Adilə Namazova elmi axtarışlarının nəticələrinə, səhiyyə sahəsindəki xidmətlərinə, dünya elminə verdiyi töhfələrinə görə 1971-ci ildə keçmiş SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilmiş ilk azərbaycanlı qadın alim olmuşdur. Bu yüksək qiymət milli səhiyyəmizin tarixinə təkcə Adilə xanımın zəkasına və əməyinə verilən mükafat deyil, bütövlükdə, Azərbaycan tibb elminə, səhiyyəsinə ünvanlanmış şərəf göstəricisi idi. 1989-cu ildə ABŞ- da çap olunan “Dünyanın ulduz qadın­ları” ensiklopedik nəşrinə keçmiş SSRİ-dən adı düşən say-seçmə qadın alimlərdən birinin də akade­mik Adilə Namazova olması hər bir azərbaycanlının qəlbini qürur hissilə doldurmuşdur.

Adilə xanım Namazova tibb elminin inkişafındakı xidmətlərinə, beynəlxalq miqyasda yüksək ix­tisaslı kadrların yetişdirilməsində göstərdiyi fəaliyyətinə görə 1981-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 1983-cü ildə o, Azərbaycan SSR Elmlər Akademi­yasının (indiki AMEA-nın) həqiqi üzvü, SSRİ-nin süqutundan sonra isə –1992-ci ildə Rusiya Tibb Elmləri Akademiyasının, 2014-cü ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Geniş dünyagörüşünə malik alim, ictimai xadim, bacarıqlı pedaqoq Adilə xanım Namazova 1982-ci ildə “Uşaqlarda hipertoniya və hipotoni­ya xəstəliklərinin epidemiologiyası, təzahür formaları, təsnifatı, profi­laktikası, müalicə üsulları”na aid problemlərin ilk dəfə həllinə görə Azərbaycanın Dövlət mükafatına layiq görülmüşür. Akademik Adilə Namazovanın beynəlxalq aləmdə görkəmli ictimai xadim kimi tanınması onun vətənpərvər bir övlad olaraq öz xalqına və ölkəsinə də layiqli nüfuz və şöhrət qazandırmışdır.

Son dərəcə sadə, səmimi və təvazökar insan olan Adilə xanım həm də xalq tərəfindən böyük məhəbbətlə sevilən şəfalı uşaq həkimi olmuşdur. Bu şöhrət və xidmətində Adilə Namazova 1989-cu ildə SSRİ xalq deputatı seçilmiş­dir. Azərbaycanlı alim deputat kimi sovet fövqəldövlətinin parlamentində Millətlər Sovetinin üzvü, SSRİ Ali So­vetinin Azərbaycan və Orta Asiya Qa­dınları Komitəsinin sədri vəzifələrini uğurla yerinə yetirmişdir.

Adilə xanım 1972-ci ildə Azərbaycan Pediatrlar Assosiasiya­sının prezidenti, 1995-ci ildə Türkdilli Ölkələrin Pediatrlar Assosiasiyasının vitse-prezidenti, Ümumdünya Pedi­atrlar Assosiasiyası İdarə Heyətinin üzvü seçilmişdir. O, 1997-ci ildə Türkiyə, Azərbaycan, Mərkəzi Asiya və başqa Türkdilli ölkə pediatrlarının IV Beynəlxalq Konqresinin prezidenti olmuşdur. Dünya şöhrətli pediatr-kardioloq soydaşımızın hələ keçmiş SSRİ dövründə bir çox görkəmli alimlərlə, o cümlədən dünya şöhrətli alim-pediatr, Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri, Türk dünyasının böyük oğlu, Azərbaycan xalqının ya­xın dostu professor İhsan Doğramacı ilə sıx dostluq əlaqələri Azərbaycanda pediatriya elminin inkişafına əlverişli zəmin yaratmışdır.

Ölkəmizin ictimai həyatında yaxından iştirak edən akademik Adilə Namazova Azərbaycan torpaqlarının erməni vandalları tərəfindən işğalı, bunun nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü dövrdə keçmiş SSRİ-nin xalq deputatı kimi yüksək kürsülərdən öz kəsərli sözünü demişdir. Sovet ordusunun 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda və ətraf bölgələrdə amansız vəhşiliklər, qırğınlar törətdiyi zaman Adilə Namazova qaniçənlərə qarşı fəal mübarizə aparmışdır.

Adilə xanım Namazova uzun illər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin üzvü kimi də fəaliyyət göstərmişdir. O, 20 il Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının, uzun müddət Azərbaycan Res­publikası “Bilik” Cəmiyyətinin tibb bölməsinin sədri olmuşdur. Görkəmli alim-pediatr “SOS Kinderdorf” Uşaq Kəndlərinin Azərbaycan Assosia­siyası idarə heyətinin, Bakı şəhəri Nəsimi rayon Qadınlar Şurası idarə heyətinin, AMEA-nın Tibbi Bioetika Komitəsinin, ATU-nun Tibbi Bioeti­ka Komitəsinin üzvü kimi öhdəsinə düşən ictimai işləri də bacarıqla yerinə yetirmişdir. Akademik Adilə Namazova bir sıra tibb jurnallarının redaksiya heyətinin üzvü kimi uzun illər səmərəli fəaliyyət göstərmişdir.

Xalqımızın parlaq istedadlı və şöhrətli övladı Adilə Namazova­nın Vətən qarşısında xidmətləri dövlət tərəfindən lazımınca qiymətləndirilmiş, ən yüksək mükafat və titullara layiq görülmüşdür. O, milli səhiyyə sahəsində xidmətlərinə və tibb elmində parlaq nailiyyətlərinə görə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə (1996) “Şöhrət”, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə (2011) “Şərəf’ ordenlərinə layiq görülmüşdür.

Görkəmli alim və ictimai xadim Adilə xanım Namazova kimsəsiz, yetim və xəstə uşaqlara göstərdiyi qayğı və yardıma görə Beynəlxalq Uşaq Fondunun prezidenti, Bütün Ru­siyanın Patriarxı II Aleksey tərəfindən “Müqəddəs Çar Dimitriy ordeni” ilə təltif olunmuşdur. İlk dəfə tibbi etika­nın tibb universitetlərində və orta tibb məktəblərində tədris edilməsi proq­ramını tərtib etdiyinə görə görkəmli soydaşımız “SOROS Qrantı” almış, bu tədris proqramı Parlamentlərarası Konqresdə qəbul edilərək tədrisdə istifadəyə tövsiyə olunmuşdur.

Adilə xanımın zəngin və mənalı ömür yolu şairlərin, jurnalistlərin, digər qələm sahiblərinin də diqqətindən yan keçməmişdir. Onlar Adilə xa­nım haqqında bir-birindən maraqlı oçerklər, məqalələr, şeirlər, kitablar yazmışlar. Akademik Adilə Namazova ömrünün sonunadək elmi-pedaqoji və həkimlik fəaliyyətini müstəsna bir həvəs və təşəbbüskarlıqla davam etdirmiş, yorulmadan elmi axtarış­lar aparmışdır. O, saysız-hesabsız ailəyə bərpa edilmiş sağlamlıq sevinci bəxş etmiş, gənc pediatrlar nəslinin yetişməsi üçün qüvvə və bacarığını əsirgəməmişdir.

94 illik ömrünün 70 ildən ar­tıq hissəsini pediatriya elminin incə məqamlarının öyrənilməsinə və qazandığı parlaq nəticələri körpələrimizin sağlamlığına sərf et­miş, tibb aləmində yüksək nailiyyətlər qazanmış, daim dövlət qayğısı və el məhəbbəti ilə əhatə olunmuş, çox sayda anaya öz körpələri ilə birlikdə şəfa vermiş Adilə Namazova kimi həkim, alim, ana sivil Azərbaycan qa­dınının parlaq və unudulmaz timsalı idi.

Akademik Adilə xanım Namazova­nın nəsillərə örnək olmuş parlaq ömür yolu milli ziyalı nəsillərimizin ən yaxşı yetirmələrinin sırasında ona ölməzlik qazandırmışdır.

Gəray GƏRAYBƏYLİ,

 Azərbaycan Tibb Universitetinin rektoru,

tibb elmləri doktoru, professor,

Əməkdar müəllim

9 Sentyabr 2021 00:01 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə