Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan dilinin qorunmasında dövlət siyasəti”

Bilik Fondu bölgələrdə bu mövzuda silsilə tədbirlər keçirib

Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında 1 noyabr 2018-ci il tarixli fərman imzalayıb. 
Fərman Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dilimiz - sərvətimizdir” layihəsinin daha geniş şəkildə həyata keçirilməsinə, dilçi alimlərin onu tədris edənlərlə mütəmadi görüşlərinin təşkilinə yeni təkan verib. 
Fərmanın bölgələrdə şərhi ilə əlaqədar Bilik Fondunun təşkilatçılığı ilə Yevlax, Bərdə, Tərtər və Kürdəmir rayonlarında Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyevanın, fondun ölkədaxili layihələr sektorunun baş məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Hüseynovanın və yerli orta məktəb müəllimlərinin iştirakı ilə “Azərbaycan dilinin qorunmasında dövlət siyasəti” mövzusunda “dəyirmi masa”lar keçirilib. 
Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbiri Bilik Fondunun yerli nümayəndəsi, 5 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Zərxanım Əhmədova açaraq, dil məhfumunun xalqın və dövlətin həyatında müstəsna əhəmiyyətə malik olduğunu deyib. 
N.Hüseynova Bilik Fondunun Azərbaycan dilinin saflığının qorunması və təbliği istiqamətində həyata keçirdiyi “Dilimiz - sərvətimizdir” layihəsindən söz açıb. Bildirib ki, layihə çərçivəsində Dilçilik İnstitutu alimlərinin bir neçə televiziyada jurnalistlər üçün silsilə təlimləri təşkil olunub. Təlimlərin nəticəsi kimi, fondun dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” kitabı nəşr edilib. Dilçi alimlərin məqalələrinin toplandığı nəşr jurnalistlərə paylanıb. 
S.Əliyeva təmsil etdiyi institutun bu istiqamətdə gördüyü işləri diqqətə çatdıraraq, texniki inkişafın nəticəsində dilimizə daxil olan sözlərdən düzgün istifadə edilməsinin vacibliyini vurğulayıb, əksər alınma sözlərin Azərbaycan dilində qarşılığı olduğunu, digərlərinin isə zaman-zaman müəyyənləşdiyini söyləyib. Bildirib ki, doğma dilin saflığının qorunması xüsusən KİV orqanlarının üzərinə düşən mühüm missiyadır və dövlət dilinə peşəkar münasibət jurnalistlərin vəzifə borcudur.
Yevlax rayon “Kür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Əminə Yusifqızı da mətbuatın dilimizin təbliğindəki rolu ilə bağlı fikirlərini söyləyib. “Dəyirmi masa” müəllimlərin qatıldığı müzakirələrlə davam edib.
Bərdə rayon S.Vurğun adına Mərkəzi Kitabxanada təşkil edilən tədbirdə RİH  ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov bölgədə Azərbaycan dilinin təbliği sahəsində mövcud vəziyyət barədə məlumat verib. 
S.Əliyeva KİV-in yaydığı sözlər və ifadələrdə daha çox hansı pozuntulara yol verildiyini, yanlışlıqların səbəblərini və aradan qaldırıma yollarını diqqətə çatdırıb. “Dəyirmi masa”da müəllimlərin sualları cavablandırılıb, onları maraqlandıran mövzuların müzakirəsi aparılıb.
Tərtər rayonunda yerləşən Qarabağ Regional Bilik evində gerçəkləşən tədbiri İ.Məmmədov adına 2 nömrəli məktəb-liseyin direktoru Gülarə Əkbərova açıb. N.Hüseynova və S.Əliyevanın çıxışlarından sonra müəllimlər Azərbaycan dilinin təbliği istiqmətində üzləşdikləri neqativ hallardan, xüsusilə, KİV-də dilin saflığına xələl gətirən məqamlar ətrafında fikir mübadiləsi aparıblar.
Eyni mövzuda “dəyirmi masa” Kürdəmir rayon Heydər Əliyev Mərkəzində də təşkil olunub. Bilik Fondunun yerli nümayəndəsi, Kürdəmir rayon 1 nömrəli tam orta məktəbin direktoru Vüqar Nəsirov tədbiri açaraq, mövzunun aktuallığından bəhs edib. S.Əliyeva və N.Hüseynovanın “Azərbaycan dilinin qorunmasında dövlət siyasəti” mövzusunda çıxışlarından sonra mərkəzin direktoru Dürriyə Seyidova yerli müəllimlərin, ziyalıların bu istiqamətdə fəaliyyətindən danışıb. Tədbirdə iştirakçıların çoxsaylı sualları ətraflı cavablandırılıb.
Bilik Fondunun mətbuat xidməti bildirir ki, fond ölkə başçısının fərmanından irəli gələn tələblər əsasında Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı silsilə tədbirlərini davam etdirir.

 

“Xalq qəzeti”

10 Noyabr 2018 22:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə