Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan İlahiyyat İnstitutunun kollektivi Cocuq Mərcanlıda

Azərbaycan İlahiyyat İnstitutunun professor-müəllim heyəti və tələbələri Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər.
Səfər zamanı Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksi ziyarət edilib, abidənin önünə əklil qoyulub. İnstitut kollektivi daha sonra Cocuq Mərcanlıda yeni istifadəyə verilmiş məktəblə tanış olub. Qonaqları məktəbin şagird və müəllimləri qarşılayıblar. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə əklil qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb. İnstitut tərəfindən orta məktəbə dərs ləvazimatları, kitablar və bir sıra zəruri avadanlıq hədiyyə edilib. Məktəbin direktoru Zamin Həziyev təhsil müəssisəsi və buradakı tədris prosesi haqqında məlumat verib, institut rəhbərliyinə göstərdiyi diqqətə görə təşəkkür edib. 
Daha sonra Cocuq Mərcanlı mədəniyyət evində milli-vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib. 
Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin qısa müddətdə yenidən qurularaq abad qəsəbəyə çevrildiyini xüsusi vurğulayıb.
İnstitutun rektoru Ceyhun Məmmədov Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, bu gün xalqımızın həyatında əlamətdar bir gündür. C.Məmmədov ulu öndər Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində Dövlət bayrağımızın dünyanın müxtəlif mötəbər və nüfuzlu təşkilatlarında, elm, mədəniyyət mərkəzlərində dalğalandığını xüsusi vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizin beynəlxalq siyasi nüfuzunun yüksəlməsini, dünya birliyində öz layiqli yerini tutmasını təmin edib. Rektor qeyd edib ki, düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı kəndi qısa vaxtda yenidən qurulub. 
Gənclərə xitabən “Bayraq tariximiz, keçmişimiz, bugünümüz, müqəddəs dövlət rəmzimizdir” – deyən rektor Azərbaycan xalqının zaman-zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu , üçrəngli bayrağını ucaltdığını söyləyib. Rektor vurğulayıb ki, bu gün biz bu bayrağın ətrafında birləşmişik və millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, sarsılmaz və yenilməzliyinin rəmzi olan bayrağımız gənclərimizə əmanətdir. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, məktəb direktoru Zamin Həziyev və institutun tələbələri  Cocuq Mərcanlı kəndi və Dövlət Bayrağı Günü haqqında söhbət açıblar. 
Səfər zamanı qonaqlar, həmçinin Cocuq Mərcanlıda inşa edilmiş Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidi ilə də tanış olub, məscidin axundu Elman Piriyev ilə söhbət ediblər. 

 

Ü.VAHİDQIZI,
“Xalq qəzeti”

10 Noyabr 2018 22:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə