Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Binəqədi rayonunda “Açıq mikrofon” təşkil olunub

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən, paytaxt Bakı şəhərinin bütün rayonlarında əhali ilə səyyar görüşlər çərçivəsində “Açıq mikrofon” praktikası geniş sürətdə həyata keçirilir. Bu görüşlərin əsas məqsəd əhali ilə sıx təmasda olmaq, onların problemlərini və suallarını dinləmək, habelə qarşılaşılan çətinlikləri operativ şəkildə aradan qaldırmaqdan ibarətdir. 
Növbəti belə səyyar görüş rayon rəhbərliyinin, kommunal strukturların, idarə, müəssisə və təşkilatların məsul şəxslərinin iştirakı ilə Binəqədi rayonunun Azadlıq prospektində yerləşən 186, 188 və 194 saylı binalarının həyətində keçirilib. Görüşdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan sosial-iqtisadi islahatlar Binəqədidə də   uğurla gerçəkləşdirilir, aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına müsbət təsir göstərir. 
Sonda sakinlər Binəqədi rayonunda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkür ediblər. 
Səyyar görüş keçirilən 5 min kvadratmetrlik həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti, bütün yaş qrupları üzrə uşaqların sağlam inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə xüsusi qurğular yerləşdirilib. Bundan əlavə, burada şahmat və futbol meydançaları, idman alətlərindən ibarət kiçik meydança salınıb, Novruz çərşənbələrinin milli adət-ənənələrə uyğun qeyd edilməsi üçün tonqal sahəsi inşa olunub. Abadlaşdırılan həyətdə yoqa həvəskarları üçün də xüsusi yer ayrılıb.Eyni zamanda, quşlar üçün yuvalar düzəldilib. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə nail olmaqdır. 
Sakinlərin istək və maraqları nəzərə alınaraq, çoxmənzilli binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 300-ə yaxın ağac və kol əkilib. Sakinlərin rahatlığının təmin edilməsi məqsədilə 11 ədəd müşahidə kamerası quraşdırılaraq, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə mərkəzinə qoşulub.

 

V.BAYRAMOV, “Xalq qəzeti”

10 Noyabr 2018 22:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə