Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan yanğınsöndürənləri nümunə göstərirlər

Azərbaycanda yanğından mühafizə xidmətinin formalaşmasının 136 illik tarixi var. XIX əsrin ikinci yaraısında Azərbaycanda neft sənayesinin inkişaf etdiyi, həmçinin əsas sənaye və ticarət mərkəzi olan Bakıda şəhər əhalisinin xeyli artması, müvafiq yardımçı fəaliyyət və xidmət sahələrinin genişləndirilməsi yeni xidmət sahələrinin yaradılmasına rəvac verirdi. Belə həyati əhəmiyyət daşıyan sahələrdən biri də yanğından mühafizə xidməti idi. XIX yüzilliyin 80- ci illərinədək Azərbaycanda yanğından mühafizə xidməti, heç bir yanğın komandası təşkil olunmamışdı. Həmin dövrdə Bakıda fabrik və zavodların sayının artması yanğın hadisələrinin sayının da çoxalmasına səbəb oldu. Ancaq çarizmin hakim dairələrinin əyalətlərə laqeyd münasibəti Azərbaycanda yanğından mühafizə xidmətinin təşkilini ləngidirdi. FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılovla söhbətimiz Azərbaycanda yanğından mühafizə xidmətinin formalaşması, bu günə qədər yanğınsöndürənlərimizin fədakarlığı, göstərdiyi xidmətlər barədə oldu. O dedi:

– Hər bir dövlətin qarşısında duran prioritet vəzifələrdən biri də zavod və fabrikləri, digər müəssisə və obyektləri, xüsusilə insanların həyatını yanğından və digər təbii fəlakətlərdən qorumaq­dır. Cəmiyytin inkişafına, insan­ların həyatına ciddi ziyan vuran yanğın hadisələri öz xarakterinə görə digər təbii fəlakətlərdən fərqlənir. Bu baxımdan, yanğına qarşı mühafizənin və mübarizənin daha yüksək səviyyədə təşkili, qabaqlayıcı tədbirlərin görülməsi, yanğınların mütəşəkkil şəkildə qarşısının alınması həmişə priori­tet vəzifələrdən olub.

Azərbaycanda yanğın ko­mandasının yaradılmasının ilk təşəbbüskarlarından biri böyük sahibkar və mesenat H.Z.Tağıyev olub. O, bu məsələ ilə bağ­lı dəfələrlə Duma iclaslarında təkliflər irəli sürmüş və Bakıda yanğından mühafizə komandası­nın yaradılması ilə bağlı məsələ müzakirə edilərkən özünə məxsus evlərdən birini yeni yaradılacaq yanğın komandasının istifadəsinə verməyə hazır olduğunu bildirmiş­di. 1885-ci il mayın 16-da Duma yaradılacaq yanğından mühafizə komandasının təchizat məsələsi ilə bağlı müvafiq qərar qəbul etdi. Ancaq bu avadanlıqların yerləşdirilməsi üçün bu komanda­nın binasının, habelə anbarının olmaması ciddi problem yaratdı. Lakin H.Tağıyev bu problemi həll etdi və yanğınsöndürmə koman­dası üçün yeni binanın tikintisinə öz evlərinin birinin həyətində yer ayırdı.

Göründüyü kimi, Azərbaycanda yanğından mühafizə sisteminin formalaşması bir əsrdən artıq döv­rü əhatə edir. Qürurverici haldır ki, bu tarixin daşıyıcıları həmişə Azərbaycan xalqı, onun mərd oğul və qızları olublar. Bu müddət ərzində yanğınsöndürənlərimiz mürəkkəb, yaddaqalan çətinliklərdən şərəflə çıxıblar. Onlar həm respublikada, həm də bir sıra xarici ölkələrdə odla-alovla və təbii fəlaktlərlə mübarizədə böyük şücaət göstəriblər. Ona görə də Azərbaycanın yanğından mühafizə qurumlarının yarandığı gündən bu vaxta qədər oddan- alovdan yoğrulduğunu söyləsək, yanılmarıq. Necə deyərlər, çörəyi oddan-alovdan çıxanlar bir əsrdən artıqdır ki, öz peşələrini şərəflə yerinə yetirirlər. Yangından mühafizə komandasının üzvlərinin yarandığı vaxtdan bu günə kimi yanğınsöndürənlərimizin hər bir fədakarlığı xalqımızın qəhrəmanlıq salnaməsinin tərkib hissədir. Çünki alovu və təbii fəlakətləri ram edənlər çox yaxşı bilirlər ki, onların həyatı daim risk qarşısında olar.

– Zənnimizcə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yanğından mühafizə xidmətinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.

– Şübhəsiz, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtdıqdan sonra digər sahələrdə olduğu kimi, yanğınsöndürənlərin də həyatında ciddi dönüş yarandı. Yanğından mühafizə xidməti müstəqillik dövründə yüzlərlə yan­ğın hadisələrində dövlətin mühüm əhəmiyyətli obyektlərinin, şəxsi əmlakın, o cümlədən, insanların həyatını yanğın kimi dəhşətli fəlakətlərdən qoruyur, bir çox hallarda bu şərəfli yolda canlarını belə əsirgəmirlər.

Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin ya­radılması ilə əlaqədar 16 dekabr 2005- ci il tarixli sərəncamından sonra yanğından mühafizə qu­rumları yeni nazirliyin tərkibinə verildi. Bundan sonra yanğından mühafizə sistemi yeni inkişaf mərhələsinə qədəm qoydu. Belə ki, yanğından mühafizə xidməti ən müasir yanğın avtomobilləri, yanğın avadanlıqları, xüsusi geyimlərlə təchiz olundu. Ha­zırda respublikamızın bütün bölgələrində yanğından mühafizə xidmətləri fəaliyət göstərir və onlar hər cür şəraiti olan binalarla təmin olunublar.

Qürurverici haldır ki, işğal altında olan ərazilərimizin azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərənər, bu yolda canlarını qur­ban verənlər arasında yanğından mühafizə xidmətinin üzvləri də var.

Fövqəladə Hallar Nazirliyi­nin tərkibində fəaliyyət göstərən yanğından mühafizə qurumları yarandığı gündən qəhrəmanlıq, fədakarlıqlarla zəngin ənənələrini bu gün də uğurla davam etdirirlər. Respublikamızda, həmçinin dost ölkələrin ərazilərində baş vermiş yanğınların söndürülməsini və bununla bağlı təxirəsalınmaz xilasetmə işlərinin müasir dövrün tələblərinə uyğun şəkildə həyata keçirilməsi üçün məqsədyönlü işlər görülür.

Ümumilikdə, 2006-2020-ci illər ərzində respublikada 141 min 432 yanğın hadisəsi qeydə alınmışdır. Onlardan 212 yanğın yüksək saylı çağırışla söndürülmüşdür. Yanğın­ların söndürülməsi zamanı 1083 dövlət obyekti, 2881 özəl obyekt, 3133 çoxmənzilli bina, 6285 fərdi ev, 3954 yardımçı tikili, 3459 ədəd müxtəlif təyinatlı texnika, 2322 müxtəlif təyinatlı obyekt 22497 hektara yaxın meşə sahəsi, 6272 hektara yaxın biçilməmiş taxıl zəmisi və 68 iri pambıq tayası və texniki qurğu mühafizə olun­muş, 2452 nəfər insanın həyatı real təhlükədən xilas edilmişdir. Baş vermiş yanğın hadisələrinin söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq, 8379 nəfər təhlükəsiz əraziyə təxliyə olunmuşdur.

– Bu yaxınlarda qar­daş Türkiyədə baş vermiş dəhşətli meşə yanğınlarının söndürülməsində ölkəmizin yanğından mühafizə xidməti üzvlərinin fədakarlğı xüsusi qeyd edilir.

– Bəli, bu barədə həm Türkiyənin dövlət rəsmilərinin söylədikləri, həm də yerli mətbuat oqranlarının yazdıqları xoş sözlər hər birimizdə qürur hissi yaradır. Hər iki ölkə daim bir-birinə çətin günlərində arxa, dayaq olublar. Azərbaycan–Türkiyə qardaşlığı dəfələrlə ən çətin sınaqlardan çıxıb. Uzağa getməyək. Elə ötən il sentyabrın 27-də Ermənistanın başladığı müharibədə Türkiyə sonadək – noyabrın 10-da işğalçı ölkə məğlubiyyətin qa­çılmaz olduğunu görüb kapitul­yasiya aktını imzalayana qədər Azərbaycanın yanında olduğunu diqqətə çatdırmaq istərdim. Türkiyədə meşə yanğınları başlayan gündən Azərbaycanın yanğından mühafizə xidmətinin komandası yanğınlar söndürülənə qədər qardaş ölkənin yanında oldu, dost köməyini əsirgəmədi. Sübut etdilər ki, dar gündə qardaş qardaşa dayaqdır. Xatırladım ki, 22 il öncə də belə bir hadisə baş vermişdi. O zaman da bizim yanğınsöndürənlərimiz hadisə yerində oldular və sona qədər odla mübarizə apardılar.

1999-cu il avqustun 17-də Türkiyədə baş vermiş dəhşətli zəlzələ haqqında məlumat Azərbaycana çatan kimi Prezident Heydər Əliyevin göstərişi ilə təbii fəlakət nəticəsində qardaş ölkədə baş vermiş yanğınla­rın söndürülməsi üçün Bakı yanğınsöndürmə qarnizonunun böyük və mürəkkəb yanğınlarda kifayət qədər təcrübə əldə etmiş əməkdaşları bu ölkəyə ezam olunmuşdu. Bu dəfə də belə oldu. Prezident İlham Əliyevin tapşırı­ğına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət komanda Türkiyədə tüğ­yan edən meşə yanğınlarının söndürülməsi və daha geniş miq­yas almasına imkan verilməməsi məqsədilə qardaş ölkəyə yollandı. Azərbaycan yanğınsöndürənləri Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsində fədakarlıq göstərdilər.

İyulun 31-də FHN-in 1 heli­kopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnika­sı, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrupu qardaş ölkəyə yola salındı. Avqustun 5-də FHN-in “BE-200ÇS” tipli “Am­fibiya” təyyarəsi qardaş ölkəyə yola düşdü. Həmin gün FHN-in 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürəndən ibarət üçüncü yanğın-xilasetmə qrupu da Türkiyəyə yola düş­dü. Ertəsi gün FHN-in yanğın-xilasetmə qüvvələrinin 200 nəfərdən ibarət dördüncü qrupu təyyarə ilə Türkiyəyə yola salın­dı. Həmçinin FHN-in Türkiyədəki qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə Fövqəladə Hallar nazirinin müavini, gene­ral-leytenant Etibar Mirzəyevin başçılığı ilə qurumun məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti yanğn söndürülən günə qədər qardaş ölkədə oldular.

Ümumilikdə, qardaş ölkədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərdi. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avto­mobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli “Amfibiya” təyyarəsi və 1 helikopter meşə yanğınlarının söndürülməsinə cəlb olundu.

FHN-in Türkiyədəki qüvvələrinə rəhbərlik edən ge­neral-leytenant Etibar Mirzəyev keçirdiyi mətbuat konfransında öncə Azərbaycanın Birinci vit­se-prezidenti Mehriban xanım Əliyevanın qardaş Türkiyədə baş verən yanğınlar nəticəsində həlak olanların doğmalarına və yaxınla­rına başsağlığı verdiyini xatırlatdı, yaralıların tezliklə şəfa tapma­sını arzuladığını bildirdi. Sonra nazir müavini ölkə başçısının tapşırığına uyğun olaraq, qardaş ölkəyə gələn Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin fəaliyyəti və əldə edilən nəticələr barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, əsasən, mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilən yanğından mühafizə və yanğınsöndürmə əməliyyatları zamanı yerli qüvvələrlə birgə fəaliyyət göstərilib. FHN-in yanğınsöndürmə və xilasetmə bölmələri əməliyyat şəraitini tam nəzarətə götürmək məqsədilə gecə saatlarında da fəaliyyətlərini davam etdiriblər.

Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələri, ümumilikdə, Türkiyənin 14 yaşayış məntəqəsində uğurla fəaliyyət göstəriblər. Yanğınsöndürmə əməliyyatlarına cəlb edilən FHN-ə məxsus “BE-200ÇS” tipli amfibiya təyyarəsi 76 dəfə uçuş həyata keçirməklə yanğın sahələrinə 615 ton, helikopter isə 134 dəfə uçuş həyata keçirməklə 332 ton su töküb.

Türkiyənin aparıcı kütləvi informasiya vasitələri azərbaycanlı yanğınsöndürənlərin fədakarlığından bəhs edən silsilə məqalələr dərc edib. “Bizim.Media”, “ CNN Türk” telekanalı, “Türkiyə” , “Sabah” və “Takvim” qəzetlərində, o cümlədən, digər portallarda azərbaycanlı yanğınsöndürənlərin qəhrəmanlığından bəhs edən məqalələr dərc olunub, reportajlar yayımlanıb.

Azərbaycanın dövlət başçısı tərəfindən qarşıya qoyulan əsas məqsəd türkiyəli həmkarlarla birləşərək, yanğınların qısa za­manda söndürülməsinə nail olmaq idi. FHN-nin yanğından mühafizə xidməti dövlət başçısının tapşırı­ğını həmişə olduğu kimi, bu dəfə də layiqincə yerinə yetirdi. Qısa zamanda iri şəhərlərin, kəndlərin, qəsəbələrin, fərdi yaşayış evlərinin yanğından mühafizə olunmasında böyük şücaət göstərdi.

Dövlətimizin başçısı yanğınsöndürənlərin bu fədakarlığını yüksək dəyərləndirdi. Ölkə rəhbəri dünən imzaladığı müvafiq sərəncamla onların mükafatlan­dırılması üçün Prezidentin ehtiyat fondundan 1 milyon manat vəsait ayırdı.

Bu gün hər bir yanğınsöndürənimiz Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək verilən tapşı­rıqları layiqincə yerinə yetirməyə hazırdır.

Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

24 Avqust 2021 00:30 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə