Ən son xəbərlər
Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid və qazi övladları Bakı şəhərinə səfər ediblər.
Yola düşməzdən əvvəl Naftalanda ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.
Bakıya səfər zamanı ziyarətçilər Heydər Əliyev Mərkəzində olublar. Onlara mərkəzin ekspozisiya zalında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verilib, foto, video materiallar və digər ünikal eksponatlar təqdim olunub.
Sonra Şəhidlər Xiyabanında ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilib.
Ordumuzun tarixi Qələbəsinin simvollarından birinə çevrilən Hərbi Qənimətlər Parkı da uşaqlarda böyük qürur hissi yaradıb. Onlar 44 günlük Vətən müharibəsi dövründə müzəffər ordumuzun düşməndən ələ keçirdiyi hərbi qənimətlərlə tanış olublar. Ordumuzun güc və əzmini əyani göstərən Hərbi Qənimətlər Parkında qonaqlara bildirilib ki, parkın yaradılmasında məqsəd Vətən müharibəsində “Dəmir yumruq” hesabına qazanılmış şanlı Zəfərin gələcək nəsillərə ötürülməsidir.
Uşaqların Bakı səfərini daha yaxşı, maraqlı keçirmək üçün müxtəlif proqramlar hazırlanmış, eyni zamanda, McDonald’s restoranında nahar təşkil edilmiş, restoran tərəfindən uşaqlara hədiyyələr təqdim olunmuşdur.
Şəhid və qazi övladlarını müşaiyət edən valideynlər təşkil olunan tədbirə, diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq etmiş, daim yad olunduqları üçün razılıqlarını bildirmişlər.
Qeyd edək ki, şəhər icra hakimiyyəti onların irəli sürdüyü bu təşəbbüsün həyata keçirilməsində göstərdikləri yüksək təşkilati dəstəyə görə Heydər Əliyev Mərkəzinə, McDonald’s Azərbaycan şirkətinə və “Möcüzəli Naftalan“ müalicə mərkəzinə dərin təşəkkürlərini bildirmişlər.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Köhnə versiyamızdan xəbərləri izlə