Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda müasir texnologiyaların tətbiqinə xüsusi önəm verilir

 

Son 10 il ərzində respublikamızın müasir innovasiyalar məkanına çevrilməsi istiqamətində bir sıra önəmli layihələr gerçəkləşdirilib, bununla əlaqədar inkişaf etmiş ölkələrlə ener­ji, səhiyyə, rəqəmsallaşma, investisiya, innovasiya, İKT, kənd təsərrüfatı, su sektorunun idarə edilməsi, turizm və s. sahələrdə tərəfdaşlıq münasibətləri qurulub. Məhz həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda ötən müddətdə informa­siya və rabitə sektorunda 3,3 dəfəyə yaxın artıma nail olunub, bütün sahələrdə müasir texnologiyaların tətbiqi sürətləndirilib.

Respublikada telekommunika­siya infrastrukturunun yenilənməsi layihəsi uğurla reallaşdırılıb, ayrı-ayrı istiqamətlərdə müasir texnologiyala­rın tətbiqinə nail olunub, 40-dan artıq dövlət qurumunun xidmətləri “Elekt­ron hökumət” portalında vətəndaşlara təqdim edilib. Elektron xidmətlərə artan tələbat fonunda e-imzanın istifadəsi təkmilləşdirilərək “elektron imza” tokenləri gerçəkləşdirilib.

Bütün bunlarla bərabər, nağdsız ödənişlərin genişləndirilməsi üçün elektron hökumət ödəniş sistemi - “E-gov Pay” qurularaq, istifadəyə veri­lib. Eyni zamanda, mərkəzləşdirilmiş İT resurs funksiyasını yerinə yetirən Regional Data Mərkəzinin açılış mərasimi keçirilib.

Bu gün ölkə əhalisinin yaşadığı ərazilərin 99,7 faizi açıq paketlə (8-12 TV proqram) sosial rəqəmli televiziya yayımı ilə əhatə olunub. Əhalinin 81 faizi internet istifadəçisi, 77 faizi isə yüksəksürətli internet istifadəçisinə çevrilib.

Startap ekosistemi də inkişaf etdi­rilib, innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçı­lara böyük dəstək göstərilib.

İKT sektoruna xarici investorların cəlb edilməsi və potensial xarici in­vestorlarla yerli İT şirkətləri arasında əlaqələrin qurulması məqsədilə “İT investorlar klubu”, habelə yerli vençur fondu yaradılıb.

Azərbaycanda müasir texnologiya­ların tətbiqindən danışarkən, “ASAN xidmət” mərkəzlərinin yaradılmasına da toxunmaq istərdik. Yeri gəlmişkən, bu qurumların fəaliyyətində əsas məqsəd dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsidir.

Yeri gəlmişkən, “ASAN xidmət” Azərbaycan brendi ola­raq dünyada ilk dəfə ölkəmizdə tətbiq olunub. Əhalinin “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi hazırda 99,5 faizə çatıb. Bu, o deməkdir ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti insanlar üçün maksimum rahatlıq yaradıb. Res­publikamızda bu mərkəzlərin sayı indi 21-ə çatıb. Fəaliyyətə başlayan mərkəzlərdə göstərilən dövlət və özəl xidmətlərin əhatə dairəsi də genişlənib. Məsələn, 6 saylı “ASAN xidmət” mərkəzində 320-dən çox xidmətin göstərilməsi nəzərdə tutulub.

Onu da bildirək ki, 2007-ci ildə elektron hökumətin əsasının qoyul­masından sonra bu sahədə əldə edilən uğurlar “ASAN xidmət” və DOST mərkəzlərinin yaradılmasını sürətləndirib. Ölkədə iqtisadiyyatın innovasiyalarla idarə olunmasında qazanılan nailiyyətlər və informasiya texnologiyalarının tətbiqi sahələrinin genişlənməsi bu gün fəaliyyətə başlayan “ASAN xidmət”lərin əhatə dairəsinin də gündən-günə genişləndirilməsinə, həmçinin bir mərkəzdən daha çox sayda dövlət xidmətlərinin təqdim olunmasına şərait yaradıb.

“ASAN xidmət” və DOST mərkəzləri Azərbaycan intellektinin məhsulu olmaqla uğurlu model kimi təqdim edilir. Bu mərkəzlər dövlət xidmətlərinin göstərilməsində bürok­ratik əngəlləri və vaxt itkisini aradan qaldırmaqla şəffaflığı artırır. Bundan əlavə, respublikamızın bu sahədə modelləri bir çox ölkələr tərəfindən diqqətlə öyrənilir.

Azərbaycan dövləti gələcəkdə də ən müasir innovasiyaların və texnologiyaların tətbiqi ilə əhalinin rahatlığını təmin edəcək, onların rahat yaşayışının yüksək səviyyədə gerçəkləşməsinə mühüm töhfə verəcək.

Azərbaycanda telekommunikasiya peyklərinin fəaliyyətində də müasir texnologiyaların tətbiqi xüsusi yer tutur. Bununla bağlı əvvəlcə onu qeyd edək ki, bizim ilk peykimiz- “Azers­pace-1” 2013-cü il fevralın 8-də orbitə buraxılıb. Bu ilk telekommu­nikasiya peyki rəqəmsal televiziya xidmətlərinin göstərilməsi, “VSAT” multixidmət şəbəkələrinin yaradıl­ması və hökumət rabitəsinin təmini üçün nəzərdə tutulub. Peykin xidmət dairəsinə Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.

Respublikamızın ikinci peyki aşağı orbitli (640 kilometr hündür­lüyü olan orbit) “Azersky” (“Spot 7”) peykidir. Bu peyk kosmik sənaye sahəsində Azərbaycan və Fransa strateji əməkdaşlığı çərçivəsində buraxılıb və 2014-cü il dekabrın 2-də “Bakutel-2014” sərgisi çərçivəsində “Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti arasında imzalanmış saziş əsasında Azərbaycanın idarəetməsinə verilib.

“Azersky” peykinin buraxılma­sı Hindistanın kosmik mərkəzində həyata keçirilib. Bu peyk Yerin səthinin məsafədən müşahidəsi üçün nəzərdə tutulub. “Azərkosmos” ASC bu peykin 1,5 metr ağ-qara və 6 metr optik diapazonda yüksək keyfiyyətli təsvirlərinin idarə edilməsi və kom­mersiya hüquqlarını qəbul edib.

Xatırladaq ki, “Azərkosmos”un bu gün əsas missiyası dünyada sülh və firavanlıq naminə qabaqcıl texnologiyalara əsaslanan peyk həllərini təqdim edir, yerli və qlo­bal təşəbbüslərə dəstək məqsədilə yeni xidmətlər reallaşdırır. Hazırda isə Avropa Geostasionar Naviqa­siya Xidmətinə məxsus antenlərin “Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşdirilməsi istiqamətində işlər davam etdirilir.

“Azərkosmos”un fəaliyyətində səmərəlilik ildən-ilə artıb. Bu, qu­rumun iqtisadi göstəricilərində də aydın nəzərə çarpıb. Belə ki, “Azərkosmos”un maliyyə nəticələrini əks etdirən hesabata əsasən, 2020-ci il ərzində koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, qurumun əsas fəaliyyətdən gəlirləri 2019-cu il ilə müqayisədə 5 faiz artıb. Məzənnə fərqi effekti nəzərə alınma­dan “Azərkosmos” 2020-ci ili 10,3 milyon manat mənfəətlə başa vurub.

Gəlirlərin artım məsələsinə qlobal prizmadan baxdıqda son illərdə dünya peyk sənayesinin “durğunluğu” dövründə “Azərkosmos”un vəziyyəti kifayət qədər ümidverici görünür. Son illər dünya peyk sənayesinin gəlirlərinin azalan trendinə və 2020-ci ildə koronavirus pande­miyasının təsirlərinə baxmayaraq “Azərkosmos”un gəlirləri stabillik nümayiş etdirir və proqnozlara nəzər saldıqda gəlirlərin növbəti illərdə daha da artacağı gözlənilir.

Ümumilikdə “Azərkosmos”un gəlirlərinin 90 faizi peyk xidmətlərinin ixracından formalaşır. “Azərkosmos” dövlət və qeyri-dövlət ixracatçı subyektləri arasında xidmət sekto­runda ixrac həcminə görə ən yüksək nəticə ilə ilk yerdədir. Şirkətin “Azers­pace-1”, “Azerspace-2” və “Azersky” peykləri üzrə ixrac portfelini əsasən ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri təşkil edir. Bu isə öz növbəsində bir tərəfdən “Azərkosmos”un likvidliyi­nin güclənməsinə təsir edir, digər tərəfdən isə ölkəyə stabil xarici valyu­ta axınını təmin edir.

Bu gün işğaldan azad olunmuş ərazilərimizin təbii ehtiyatları, avtomo­bil və dəmir yolları şəbəkəsinin, hava limanlarının tikintisi, yeni nəqliyyat dəhlizlərinin açılması investorlar üçün geniş imkanlar yaradır. Bununla yana­şı, “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Yaşıl enerji” layihələrinə xarici investorların cəlb edilməsi üçün müvafiq addımlar atılır.

“Xalq qəzeti”

17 Avqust 2021 08:38 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə