Ən son xəbərlər
Məlum olduğu kimi, işğaldan azad edilmiş rayonlarımızda mədəniyyət müəssisələri də erməni vandalları tərəfindən darmadağın edilmişdir. O cümlədən, Şuşa Musiqili Dram Teatrının, Ağdam, Füzuli dövlət teatrlarının binaları yerlə-yeksan edilmişdir. İndi qarşıda duran əsas vəzifə bu mədəniyyət ocaqlarının yenidən bərpa edilərək tamaşaçıların ixtiyarına verilməsidir. Mədəniyyət naziri Anar Kərimov Milli Teatr Günü teatrr xadimləri ilə görüşündəki çıxışında demişdir:
Ən yeni tariximizin şanlı səhifələrini təşkil edən 44 günlük Vətən müharibəsində ordumuzun və Ali Baş Komandan İlham Əliyevin qazandığı misilsiz zəfər nəticəsində bu problem aradan qalxacaq, artıq adları çəkilən teatrlarımızın çoxu Mədəniyyət Nazirliyinin də dəstəyi ilə öz doğma yurd-yuvalarında fəaliyyətini davam etdirə biləcəkdir”.
Ağdam Dövlət Dram Teatrının direktoru Məhəmməd Hüseynovun fikrincə, ermənilər Ağdamda heç bir abidə saxlamayıblar: "Hətta 1941-45-ci illərdə faşist Almaniyası da işğal etdiyi ərazilərdə inzibati bina və mədəni abidələrə toxunmamışdır. Amma ermənilər Ağdamın Çörək muzeyini belə darmadağın ediblər. Orada orta əsrlər dövrünə aid eksponatlar var idi. Muzeyi bina qarışıq məhv ediblər. Ağdam Dövlət Dram Teatrını da dağıdıblar”.
Direktor qeyd edib ki, Ağdam Dövlət Dram Teatrı 1904-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin təşkilatçılığı və Qarabağ ziyalılarının köməyi ilə dərnək kimi yaradılıb. 1910-cu ildə kollektiv tərəfindən ilk tamaşa nümayiş olunub. 1923-cü ilə qədər kollektiv dram dərnəyi kimi ictimai əsaslarla fəaliyyət göstərib. 1923-cü ildən dərnəyə Ağdam Dövlət Dram Teatrı statusu verilib. 1948-ci ildə teatr fəaliyyətini dayandırsa da, 1968-ci ildə fəaliyyətini yenidən bərpa edib. Ağdamın işğalından sonra teatr bir müddət əlverişsiz bir binada yerləşib. Amma yenə də teatr fəaliyyətini davam etdirdi. 2011-ci ildə isə Quzanlı qəsəbəsindəki Mədəniyyət evi əsaslı təmir olundu və Ağdam Dövlət Teatrının binası kimi istifadəyə verildi”.
M.Hüseynov əlavə edib ki, artıq Ağdam işğaldan azad edilib və teatrın əvvəlki binasının yerində yeni və möhtəşəm bina inşa ediləcək: "İndi Ağdamda həlli vacib əsas məsələlərdən biri Ağdam Dövlət Dram Teatrının binasının inşasıdır. Bu məsələ diqqətdədir".
Qarabağ xanlığının mərkəzi olan, Qafqazın konservatoriyası adlanan Şuşada ilk teatr tamaşası 1874–cü ildə göstərilib. Yerli ziyalılar və məktəb şagirdləri Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyasını tamaşaya qoyublar. Teatra maraq ilbəil artıb. 1891-ci ildə Şuşada bəyzadə İ.Xandəmirov yeni teatr binası inşa etdirib. 1880-1900-cü illər arasında Şuşada yerli ziyalıların, xaricdə təhsil alan tələbələrin, müəllim və şagirdlərin iştirakı ilə Azərbaycan dramaturqlarının bir çox əsərləri tamaşaya qoyulub.
1901-1919–cu illərdə Şuşa teatrı yeni yaradıcılıq mərhələsi keçib. Şəhərdə maarifləndirmə işlərinə xidmət edən Cəmiyyət evi yaradılıb. İlboyu teatr tamaşaları göstərilib. Xüsusən yay aylarında şəhərdə hər həftə, bəzən həftədə iki-üç tamaşa oynanılıb. Şekspirin dramaturgiyasına Azərbaycanda ilk dəfə Şuşanın teatr həvəskarları müraciət ediblər, ədibin “Otello” faciəsi burada oynanılıb.
1919-cu ildə “Üzeyir bəy və Zülfüqar bəy Hacıbəyli qardaşları Müdiriyyəti”nin Şuşa filialı açılıb. Şuşanın teatr həvəskarları burada Mirzə Fətəli Axundzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Nəcəf bəy Vəzirovun, Haşım bəy Vəzirovun, Sultan Məcid Qənizadənin əsərlərini, Üzeyir bəy Hacıbəylinin və Zülfüqar bəy Hacıbəylinin opera və operettalarını oynayıblar.
1920-1937-ci illərdə Şuşada teatr prosesi bir qədər də canlanıb. 1938–ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaranıb. 1943–cü ildə kollektivin adı dəyişdirilərək Şuşa Dövlət Musiqili Dram Teatrı adlandırılıb. Ona Üzeyir bəy Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettalar da oynanılıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 may 1990–cı il tarixli qərarına əsasən, 25 may 1990–cı ildə Mədəniyyət Nazirliyi tərəfindən Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti bərpa edilib.
Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivi bir-birinin ardınca Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan”, Süleyman Ələsgərov və Şıxəli Qurbanovun “Özümüz bilərik” musiqili komediyalarını, Eldar Baxışın “Uzun Həsən” tarixi dramını tamaşaya qoyub.
Lakin çox təəssüf ki, Şuşada teatrın rəsmi açılışını keçirmək, tamaşalar oynamaq kollektivə nəsib olmadı. Şuşanın süqutu hər şeyə son qoydu.
1992-ci ildən indiyədək Şuşa Dövlət Musiqili Dram Teatrı fəaliyyətini Bakıda davam etdirir: 1992-2005-ci illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında, 2005-2014-cü illərdə “Savalan” kinoteatrının binasında. 2013-cü ildə “Savalan” kinoteatrının binası Şuşa Dövlət Musiqili Dram Teatrına verilmişdir. 2014–cü ildə isə binada əsaslı bərpa və təmir işlərinə başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq, “Savalan” kinoteatrı təmir olunaraq 2018–ci ilin dekabr ayında Şuşa Dövlət Musiqili Dram Teatrının ixtiyarına verilib. Hazırda bu teatr öz doğma ünvanına qayıtmağa hazırlaşır.
Füzuli Dövlət Dram Teatrı böyük ənənələri olan teatrdır. Əvvəllər teatr da Hüseynqulu Sarabskinin adını daşıyıb. O dövrdə Sarabski Qaryagindən (indiki Füzuli rayonu) Dumaya deputat olub. Sarabski dəfələrlə bu teatrda Məcnun rolunu oynayıb. Ondan sonra isə tələbələrindən biri olan Ağabala Abdullayev də teatrda Məcnun rolunu ifa edib. 1953-cü ildə müəyyən səbəblərdən əyalət teatrları, o cümlədən də Füzuli teatrı bağlanıb. Lakin bir neçə fədakar teatrın ocağını sönməyə qoymayıb və xalq teatrı yaradılıb. Keçən əsrin 80-ci illərinin sonlarında xalq teatrının bazasında Füzuli Dövlət Dram Teatrı yaradılıb. 1988-ci ildən sonra Qarabağ münaqişəsi başlanıb və ərazidə yerləşdiyi üçün teatr da mütəmadi olaraq erməni quldurlarının hücumuna məruz qalıb. Buna görə də 1991-ci ildə Horadiz qəsəbə klubuna yerləşdirilib.
1993-cü ilin məlum hadisələrindən sonra Mədəniyyət və Turizm Nazirliyi və Füzuli Rayon İcra Hakimiyyətinin qərarına əsasən, teatr Sumqayıt şəhərinə köçürülüb və Sumqayıt Dövlət Dram Teatrının binasında fəaliyyətini davam etdirib.
2003-cü ildə Füzuli teatrı Horadizə qaytarılıb.
Bu gün teatrın kollektivi işğaldan azad edilmiş Füzuli şəhərindəki öz döğma məkanına qayidacağı günü səbirsizliklə gözləyir.
M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə