Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rənglərin öz dili var

 

Xalq rəssamı Mayis Ağabəyovu yaxşı tanı­yırdım. Sakit, təmkinli, təvazökar insan idi. Elə əsərlərindən də bunu aydın hiss etmək olur. Çəkdiyi tablolarda, rəssam kimi quruluş verdiyi filmlərdə həmişə milli kolorit aydın seçilirdi. Rənglərin dilini yaxşı bilirdi. Onun əsərlərində rənglər sanki, danışır, təbiətin gözəlliyindən, Xəzərin mavi dalğalarından bəhs edən əsərlərinə tamaşa etdikcə sanki bu mənzərələrlə söhbətləşirsən. O, Abşeron rəssamlıq məktəbinin nümayəndəsi kimi tanınır.

1961-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1969-cu ildə isə Moskvada Ümumittifaq Dövlət Ki­nematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirərək "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdı. 1965-ci ildən bir sıra beynəlxalq və respub­lika sərgilərində kino və rəngkarlıq əsərləri ilə iştirak etmişdi. 1996-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərmişdi. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında "Akademik rəngkarlıq" kafedrasının professoru olmuşdur. Bunlar onun tərcümeyi-halının qısa xülasəsidir.

Mais Ağabəyov yaradıcılığını bütünlüklə Azərbaycan təsviri və kino sənətinin inkişafına həsr edən görkəmli rəssam, nadir şəxsiyyətlərdən idi. Onun əsərlərinə baxan diqqətli tamaşaçı özünü dərk edir, həyat fəlsəfəsini müəyyənləşdirir düşünməyə və əsl sənətlə yaşamağa başlayır.

Azərbaycan təsviri sənət tarixinə öz möhürünü vuran M. Ağabəyovun əsərlərini başqa heç bir rəssamın əsərləri ilə dəyişik salmaq mümkün deyil. Özünəməxsus rəng, kompozisi­ya həlli, seçilmiş mövzuların unikallığı onun əsərlərinin fərqli cəhətlərindəndir.

Ötən əsrin 70-ci illərində sərbəst yaradıcılıq fəaliyyətinə başlayan rəssam kimi, o, bir çox hallarda sosia­list realizm çərçivələrini sındıraraq yeni təfəkkür, yeni yanaşma tərzi nümayiş etdirib. "Analıq", "Ana və körpə", "Qa­dın gözəlliyinin təcəssümü", "Ailə" və bu kimi mövzular M. Ağabəyovun ən çox müraciət etdiyi mövzulardandır.

M. Ağabəyovun rəssam kimi quruluş verdiyi “Yeddi oğul istərəm”, “Babək”, “Xoşbəxtlik qayğıları”, “Nə gözəldir bu dünya”, “Nəsimi” , “Nizami”, “Ötən ilin son gecəsi”, “Özgə vaxt”, “Təkcə adanı özünlə apara bilməzsən” və digər filmlər kino sənətimizdə xüsusi yer tutur.

Əsərləri Bakı, Moskva, Berlin, Alma-Ata, İstanbul, Avinon (Fransa) və Vyanada beynəlxalq sərgiləri də nüma­yiş etdirilmiş, Şərq Xalqları Muzeyində (Moskva), Rusiyanın Bədii Fondunda, Azərbaycanın müxtəlif muzeylərində və İspaniya, Yaponiya, Fransa, Türkiyə və Almaniyanın şəxsi kolleksiyalarında saxlanılır. Mayis Ağabəyov Azərbaycan Rəssamlıq Akademiyasının professo­ru, Rəssamlar İttifaqının, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifa­qının üzvü, Kinorejissorlar Gildiyasının kinorəssamlıq bölməsinin rəhbəri və büro üzvü idi.

Onun yaradıcılıq fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib və 2000-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə “Xalq rəssamı” fəxri adına layiq görülüb, 2004-cü ildən Prezident təqaüdçüsü olub.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

5 Avqust 2021 00:58 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə