Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şərəf, qeyrət zirvəsi

Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaqdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Vətənimizin müdafiəsi, ərazi bütövlüyümüzün təmin olunması yolunda şəhid olanlar hər bir kəsin qəlbində əbədi heykəlini qurub. Şəhidlik insanlığın ən ali şərəf, qeyrət, ucalıq zirvəsi hesab olunur. Bu zirvəni fəth etmək hər kəsə nəsib olmur. Yalnız Vətəni ana qədər sevənlər, torpaqlarımızın müdafiəsi yolunda canını qurban verənlər bu zirvənin fatehi olurlar. Bu gün Şəhidlər xiyabanlarında uyuyan qəhrəman oğul və qızlarımızın hər biri böyük hörmət və ehtiramla yad edilir. Onlar and yerinə çevriliblər.

1990-cı ilin 20 Yanvarı xatirələrimizə əbədi həkk olunub. Həmin gün sovet imperiyasının təpədən dırnağadək silahlanmış ordusunun qarşısına əliyalın çıxan mərd oğul və qızlarımız “Torpaqdan pay olmaz!”, – deyərək sinələrini sipər etdilər. Şəhidlərimizin arzusu, istəyi çin oldu, qanları yerdə qalma­dı. Bu gün Azərbaycan müstəqil bir dövlətdir. Haqq işi uğrunda canlarını qurban verən, şərəf, qeyrət zirvəsinə yüksələnlərin arzusu da bu idi. Bi­rinci və İkinci Qarabağ döyüşlərinin qəhrəmanları müstəqilliyimizin əbədiyyətə çevrilməsi və torpaqlarımı­zın düşməndən azad edilməsi yolunda mərdliklə vuruşaraq 30 illik işğala birdəfəlik son qoydular.

Qəhrəman oğul və qızlarımızın qanı hesabına qazandığımız dövlət müstəqilliyini qoruyub saxlamaq, ərazi bütövlüyümüzü təmin etmək Azərbaycan Ordusu ilə yanaşı, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarının müqəddəs vəzifə borcudur. Unut­mamalıyıq ki, Azərbaycan müstəqil bir ölkə olaraq, tarixin ağır sınaq­larından çıxıb. Müxtəlif dövrlərdə müstəmləkəçiliyə, işğala, soyqırımına və s. faciələrə məruz qalıb. Söz­süz ki, bütün hallarda xalqımız öz qəhrəmanlığını, Vətəninə, xalqına sədaqətini sübut edib.

Heç kim unudulmur

Bu gün Azərbaycan dünyanın inkişaf edən ölkələrindəndir . Res­publikamız bu inkişaf göstəriciləri ilə beynəlxalq aləmin diqqətini cəlb edir. Təbii ki, bütün bunlar qəhrəman oğul və qızlarımızın canlarını qurban verərək qazandığımız müstəqilliyimizin və həyata keçirilən düzgün, məqsədyönlü siyasətin nəticəsidir.

Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifahının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin prioritetini təşkil edir. İndiyə qədər Azərbaycan dövləti şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun getdikcə yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Şəhid ailələri, müharibə əlilləri və veteranları dövlət başçımızın tapşırığına əsasən hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Hazırda dünyada pandemiyanın davam etməsinə, bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin olma­sına baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb. Əksinə, ölkəmizdə sosialyönümlü layihələrin sayı daha da artırılıb və əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində ge­nişmiqyaslı işlər görülür. Belə layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir.

Bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir. Son illər ərzində bu sahədə mühüm işlər görülüb. Bu vaxta qədər 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses indi də davam etdirilir. 2020-ci ildə bu istiqamətdə ən böyük göstəriciyə nail olunub -1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu xeyirxah missiya bu ildə davam etdiriləcək. Bununla bərabər, uzun illərdir Qarabağ qaziləri mütəmadi olaraq fərdi avtomobillərlə də təmin edilirlər. Bütövlükdə, onlara 7200 avtomobil verilib.

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri evlərlə, mənzillərlə təmin edilirlər. Nəzərdə tutulub ki, bu il daha 3 minədək şəhid ailəsi, müharibə əlili ev və mənzillərlə təmin ediləcək. Artıq bu kateqoriyadan olan 1300-dən çox ailə order alıb.

Dünyada bənzəri olmayan qayğı

Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının fəal məşğulluq tədbirləri çərçivəsində son 6 ayda 47 min 400 nəfər işlə təmin olunub, 7 min nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb olunub. 2018-2020-ci illərdə bu qəbildən olan vətəndaşların orta aylıq əməkhaqqı 30 faiz, orta aylıq pensiyası isə 60 faiz artıb. Postmüharibə dövründə 24 min şəxsə 33 min xidmət göstərilib. Şəhid ailələri və xəsarət alan hərbçilərlə bağlı Prezident İlham Əliyevin bu ilin iyun ayında imzaladığı fərmanla yaradılan Vahid Əlaqələndirmə Mərkəzində 7 qurum üzrə 26 xidmət göstəriləcək. Yaxın vaxtlarda bu xidmət DOST mərkəzlərində də fəaliyyətə başlaya­caq.

Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşdə deyib ki, Azərbaycanda bu sahədə görülmüş işlər nümunəvi xarak­ter daşıyır: “Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyü­müz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımı­ram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin”.

“YAŞAT” Fondu humanist siyasətin nümunəsi kimi

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olanların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə, ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir. Buna görə də, Prezident şəhid ailələrinə, müharibə əlillərinə, vete­ranlarına dövlətin diqqət və qayğısı­nı artırmaq məqsədi ilə, mütəmadi olaraq müvafiq fərman və sərəncamlar imzalayır. Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə və sağlamlığlarını itirmiş hərbi qulluqçula­rın sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verərək, onlara diqqət və qayğını artırmaq məqsədi ilə “YAŞAT” Fondu yaradıldı. Fond yarandığı gündən şəhid ailələrinin, müharibə əlillərinin və hərbi xidmətdən tərxis olunanların, eləcə də, qayğıya ehtiyacı olanlanların hər birinə arxa- dayaqdır.

“YAŞAT” Fondunun əməkdaşları ərazi bütövlüyümüzün bərpası uğrun­da yaralananların və şəhid ailələrinin yaşadıqları ünvanlara üz tutur və qarşıya qoyulan vəzifələri icra edirlər. Bu məqsədlə müvafiq əməkdaşlardan ibarət 69 qrup formalaşdırılıb. Fondun əməkdaşları şəhid ailələrinin üzvləri və qazilərimizdən təşkil olunublar.

Fond yüksək humanist dəyərləri prioritet vəzifə kimi qarşıya qoya­raq , mühüm əhəmiyyətli layihələr həyata keçirir. Ağır yaralıların həm öz ölkəmizdə, həm də xaricdə müalicə xərclərini öz üzərinə götürən “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxla­yır. Fond şəhid övladlarına diqqət və qayğının nümunəsi kimi, yeni doğu­lan uşaqların anasına 1000 manat, körpənin adına isə 5 min manatlıq hesab açır. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və şəhid övladı 18 yaşına çatdıqdan son­ra toplanan məbləği özü hesabından çıxara biləcək.

“YAŞAT” Fondu şəhid ailələri və əlillilərin kreditləri və borc öhdəliklərini də ödəməyi öz üzərinə götürüb. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun məqsədi sosial müdafiə sahəsində dövlətin həyata keçirdi­yi tədbirlərə əlavə dəstək verilməsi olacaq. Fondun vəsaiti fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr) və qanunla qadağan olunma­yan digər mənbələr hesabına forma­laşdırılır.

Qanınız yerdə qalmadı

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyümüz uğrunda canından keçmiş 3 minə yaxın şəhidin qanı yerdə qalmadı. Ermənistan siyasi və hərbi rəhbərliyinin ötən il 27 sent­yabrdan başladıqları və 8 noyabr 2020 – ci il tarixinə kimi davam etmiş 44 günlük Vətən müharibəsi zama­nı döyüş meydanlarında düşmənin atıb qaçdığı əsas döyüş texnikaları, silah- sursatları rəşadətli Azərbaycan Ordusu tərəfindən məhv edilmiş, yarısı isə işlək vəziyyətdə qənimət kimi ələ keirilmişdir. 44 gün davam edən müharibədə müzəffər ordumuz düşməni darmadağın etdi və 30 il ərzində Vətən yolunda şəhid olanların qisasını aldı. Şəhidlərimizin qanı yerdə qalmadı.

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

5 Avqust 2021 00:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə