Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın investisiya imkanları artır

 

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, hazırda Azərbaycanda bu proseslər uğurla davam edir.

Ölkədə xarici investiya qoyuluşu diqqət mərkəzində saxlanılmaqla yanaşı, dövlət müəssisələrinə ayrılan sərmayələrin səmərəli istifadəsinə də nəzarət gücləndirilib. Belə ki, dövlət müəssisələrinin maliyyə sağlamlı­ğını və dayanıqlılığını yaxşılaşdır­maq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında idarə etmək məqsədi ilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqi yaradılıb.

Bu, dövlət müəssisələrinin profisi­tinin artırılmasına, onların büdcədən asılılıqlarının azaldılmasına, azad ba­zar münasibətlərinin hərtərəfli inkişa­fına, özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafın sürətləndirilməsinə hesabla­nan mühüm bir qərardır. Başqa sözlə, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə ölkədə vahid idarəetmə modeli işə düşür və bununla da dövlət şirkətlərinin maliyyə durumlarının yax­şılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılır.

Azərbaycan Prezidenti tərəfindən aparılan islahatların məntiqi davamı olan Azərbaycan İnvestisiya Holdinqi­nin yaradılması respublikada yerli və xarici investisiyaların sağlam təməllər üzərində reallaşdırılmasına da öz müsbət təsirini göstərəcək. Çünki bu gün Azərbaycana investisiya yatırmaq­da maraqlı olan iri şirkətlər var. Pande­miya ilə bağlı layihələrin sürəti hazırda bir qədər zəifləsə də, postpandemiya dövründə onların Azərbaycan iqtisa­diyyatının inkişafında rolu, şübhəsiz ki, güclənəcək. Ən əsası isə xarici investisiyaların fəal şəkildə iqtisadiyya­ta cəlb edilməsi sürətlənəcək.

Son illərdə investisiya mühiti­nin daha da yaxşılaşdırılması üçün vergi və gömrük islahatları davam etdirilib, onlayn vahid ixrac ərizəsi, “Yaşıl dəhliz”, elektron məhkəmə, elektron satınalma, tikintidə “bir pəncərə”, biznesə başlama, elektrik enerjisinə çıxış, kreditlərə əlçatanlıq, müqavilələrin icrası və əmlakın qey­diyyatı sahələrində mühüm tədbirlər həyata keçirilib. Bütün bu sistemli yeniliklər isə ölkəmizin Dünya Bankı­nın “Doing Business 2020” reytinqində ilk iyirmiliyə daxil olub. Dünya Bankı ekspertlərinin fikrincə, respublikamızın belə bir müsbət nəticə əldə etməsi Azərbaycanda 4 sahədə (daşınmaz əmlakın qeydiyyatı, kreditlərin alınma­sı, minoritar investorların müdafiəsi, müqavilə intizamı) bizneslə məşğul olmağın daha da asanlaşması ilə bağlıdır.

Azərbaycana investisiya qoyulu­şuna marağın getdikcə artması, həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial möv­cuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu trans­milli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Göründüyü kimi, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsa­lının artırılmasına, qeyri-neft sektoru­nun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşla­rının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, inves­tisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.

Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət kimi tanınması, beynəlxalq birliyin etibarlı tərəfdaşı olması ölkəmizə investisi­ya axınını şərtləndirib. Bu məsələdə hökumət tərəfindən “açıq qapı” siyasətinin reallaşdırılması da stimul­laşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investorların hüquq və mənafelərinin qorunmasında, mülkiyyətin toxunul­mazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib. “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisi­yaların qorunması haqqında”, “Sahib­karlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunların və bir sıra normativ sənədlərin qəbulu məhz bu məqsədi daşıyıb. Bundan savayı, Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı çox sayda saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitut­ma aradan qaldırılıb.

Ölkədə investisiya imkanlarının genişlənməsinin nəticəsidir ki, Dövlət Statistika Komitəsinin cari ilin yanvar-iyun ayları üzrə açıqladığı rəqəmlərə görə, sənayedə qeyri-dövlət sektoru­nun payı 81,9 faiz olub. Ümumi isteh­salın 90,7 faizi sənaye məhsullarının istehsalı, 9,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb. Bu dövrdə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 919,4 milyon manat vəsait yönəldilib. Ümumi sərmayənin 34,6 faizi dövlət, 65,4 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri isə sərmayələrin 61 faizini təşkil edib.

Dünya iqtisadiyyatının koronavirus pandemiyası üzündən çətinlik çəkdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatına xarici sərmayə qoyuluşu da davam edir. Belə ki, hesabat dövründə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2 milyard 309,1 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaiti hesabına əsas kapitala qoyulan vəsaitin 2 milyard 37,3 milyon manatı Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yapo­niya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanılması­nın nətiticəsidir ki, prioritet vəzifə kimi qarşıya qoyulan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri olan qeyri-neft sənayesində sürətli inkişaf nəzərə çar­pır. Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə sənayeləşmə sürətlə inkişaf edir, metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənir, yeni sənaye sahələri yaradılır, respublikamızda sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi getdikcə yüksəlir.

Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, respublikamızda qeyri-neft sektorunun inkişafına yönələn bu proseslər hazırda uğurla davam etdiri­lir. Ələt Azad İqtisadi Zonasının yara­dılması da bunun bariz nümunəsidir.

Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandır­maqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bununla bərabər, dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin art­masını, yeni investisiyaların cəlbini sürətləndirəcək.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın əldə etdiyi uğur­lu nəticələr, inkişaf göstəricilərinin davamlı olaraq yüksəlməsi həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirir, sosi­al-iqtisadi nailiyyətlərin davamlılığı və dayanıqlı inkişaf üçün etibarlı zəmin yaradır. Təsadüfi deyildir ki, hazırda dünyada gedən siyasi-iqtisadi böhran fonunda Prezident İlham Əliyevin çevik, praqmatik siyasəti sayəsində Azərbaycan xarici iqtisadi təsirləri neytrallaşdırıb, nəzərdə tutulan bütün sosial-iqtisadi proqramlar tam icra edi­lib, iqtisadiyyatımız artıb. Bütün bunla­ra nail olunmasında isə, iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın minimuma endirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi tədbirləri xüsusi önəm kəsb edir.

“Xalq qəzeti”

5 Avqust 2021 00:34 - İQTİSADİYYAT
İQTİSADİYYAT
28 Sentyabr 2021 | 10:12
Neft bahalaşıb
28 Sentyabr 2021 | 09:29
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə